İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni terrorizminə “dəmir yumruq”dan başqa çarə yoxdur: Vur, komandir, vur…

5422 19.09.2023 19:02 Analitika A A

Azərbaycan ordusu Ali Baş Komandandan ən doğru əmri alıb, 30 illik erməni separatizmi və terrorizmini yalnız antiterror əməliyyatı ilə sıradan çıxartmaq mümkündür... Əgər, Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi Toyvo Klaar rəsmi Bakının silahlı cinayətkarlarla neçə dialoq aparmalı olduğunu da normal məntiqlə izah etmək barədə düşünsə, səhvini dərhal anlayacaq...

Azərbaycanın səbrini sınağa çəkirdilər. Erməni separatçı-terrorçular israrla rəsmi Bakının necə reaksiya verəcəyini dəqiqləşdirməyə çalışırdılar. Eyni zamanda, müxtəlif təxribatlar, terror aktları törətməklə, Azərbaycan dövlətinə “meydan oxumağa” cəhd göstərirdilər. Və son vaxtlar erməni separatçı-terrorçuların təxribatları dözülməz həddə çatmışdı.

Artıq istədiklərinə böyük ölçüdə nail oldular. Yəni, rəsmi Bakının səbrinin sona çatdırılmasını bacardılar. Ancaq indi Azərbaycana “meydan oxumaq” niyyətləri boşa çıxır. Çünki rəsmi Bakının səbri tamamilə tükəndiyi üçün erməni separatizmi və terrorizmi ilə birdəfəlik hesablaşmaq qərarı verib. Və hazırda Azərbaycan ordusu Qarabağ regionunda hələ də qalan “boz zona”nın ləğv edilməsi ilə birbaşa məşğul olmağa başlayıb.

Məsələ ondadır ki, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verilib. Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında xüsusi olaraq, vurğulanır ki, lokal antiterror əməliyyatının əsas hədəfləri sırasında Rusiya və Ermənistanın da imza atdığı üçtərəfli anlaşmanın müddəalarının icrasının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması da yer alır. Və bu, rəsmi Bakının antiterror əməliyyatlarına məcbur buraxılmasında Rusiya-Ermənistan cütlüyünün davranışlarının da rol oynadığına eyham sayıla bilər.

c1a511b88eabbe2955295c1a34248658.jpg (261 KB)

Digər tərəfdən, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ölkəmizin ərazilərindən çıxarılacağını, onların hərbi infrastrukturunun zərərsizləşdiriləcəyini də vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsinə də nail olunacağını bildirib. Və bütün bunlar rəsmi Bakının Azərbaycan ordusu qarşısında konkret hədəflər qoyduğunu göstərir.

Onu da qeyd edək ki, Azərbaycan ordusu lokal antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqelərini və uzunmüddətli atəş nöqtələrini, eləcə də döyüş vasitələrini və hərbi təyinatlı obyektlərini yüksəkdəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər vurulur. Və erməni əhaliyə zərbə endirilən ərazilərdən uzaq durmaları barədə müxtəlif vasitələrlə xəbərdarlıq edilir.

Bütün bunlar onu göstərir ki, Azərbaycan ordusu lokal antiterror əməliyyatlarına əvvəlcədən tam şəkildə hazırlaşıb. Müdafiə Nazirliyinin açıqlamasından belə anlaşılır ki, lokal antiterror əməliyyatları Azərbaycan ərazisində “boz zona” tamamilə ləğv edilənə qədər davam edəcək. Yəni, erməni separatizmi və terrorizminin sonu artıq çatıb, bu cinayətkar silahlı dəstələr daha mövcudluğunu qoruyub, saxlaya bilməyəcəklər.

c4b16a01-f119-46b1-92d0-4e698bc34335.jpg (149 KB)

Təbii ki, rəsmi Bakı lokal antiterror əməliyyatlarından öncə Rusiya faktorunu da nəzərə alıb. Həm Kremlə, həm də Azərbaycanın Qarabağ regionunda müvəqqəti dislokasiya olunan rus sülhməramlılara bu barədə əvvəlcədən xəbərdarlıq edilib. Yəni, hazırda Rusiyanın rəsmi Bakıya etiraz etməsi üçün heç bir siyasi-hüquqi səbəb mövcud deyil. Üstəlik, Kremldə onu da nəzərə almalıdırlar ki, Azərbaycan ordusu hazırda məhz Rusiya və Ermənistanın kobud şəkildə pozduğu üçtərəfli anlaşmaların icrasını təmin etməklə məşğuldur.

Rusiya XİN-in ilk reaksiyası isə ondan ibarətdir ki, rus sülhməramlılar Azərbaycan ordusunun antiterror əməliyyatlarına müdaxilə etməyəcək. Eyni zamanda, Kreml yenə də bütün mübahisəli məsələləri danışıqlar masası arxasında həll etməyə çağırıb. Və Rusiya siyasi dairələri də çox dəqiq bilirlər ki, hazırda belə çağırışlar heç bir əhəmiyyət daşımır, sadəcə, formal xarakter daşıyır.

Əsas səbəbsə, erməni separatçı-terrorçuların bütün müzakirələrdən israrla yayınaraq, silahlı təxribatlar törətməsi ilə birbaşa bağlıdır. Erməni terrorçuların silahlı təxribatları isə uzun müddət davam edə bilməzdi. Əvvəl-axır bu silahlı cinayətkarlarla haqq-hesab çəkmək vacib idi. Və hazırda erməni separatçı-terrorçuların onilliklər boyu törətdikləri hərbi cinayətlərə görə cəzalandırılması prosesi başlayıb.

ef5a66c27257c53030ba6699cc4cddad.jpg (275 KB)

Maraqlıdır ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar da atəşkəs çağırışı edib. O, bildirib ki, Azərbaycanlıların mina partlayışı nəticəsində faciəvi şəkildə həlak olmasından təəssüflənir: “Ancaq hərbi əməliyyatların davam etməsi vəziyyəti daha da qəlizləşdirir. Ona görə də, rəsmi Bakı və Qarabağ erməniləri arasında dialoqun təmin edilməsi üçün atəşkəsə ehtiyac var. Bu, dinc yaşamağın yeganə doğru yoludur”.

Təbii ki, bu Avropa Birliyi təmsilçisinin “növbətçi” bəyanatıdır. Çünki Azərbaycanlıların mina partlayışı nəticəsində həlak olmaları istisna olmaqla, onun açıqlaması əsl reallıqdan çox-çox uzaqdır. Hər halda, T.Klaarun mina terroru törədən erməni terrorçularla rəsmi Bakının neçə dialoq aparmalı olduğunu da normal məntiqlə izah etməsi vacibdir. Əgər, izah edə bilməzsə, deməli, dialoqun dinc yaşayış üçün yeganə doğru yol olmadığını bəlkə də özü də anlamış olacaq.

Ona görə də, Azərbaycan ordusu Ali Baş Komandandan ən doğru əmri alıb. İndi Azərbaycan ordusu “vur, komandir, vur” təlimatı ilə hərəkət edir. 30 il davam etmiş erməni separatizmi və terrorizmi ilə bağlı problemi başqa yolla həll etmək mümkün deyil. Erməni terrorçularla “dəmir yumruq” vasitəsilə danışmaq yeganə doğru yoldur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR