İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni terrorçular rus kontingentinə transfer olunacaq?

1001 26.11.2022 08:45 Yazarlar A A

General Volkovun rəhbərlik etdiyi Rusiya hərbi kontingenti növbəti dəfə qırmızı cizgini ayaqladı. Azərbaycan ərazilərində müvəqqəti yerləşdirən bu missiya hələ də üzərinə düşən vəzifələrin nədən ibarət olduğunu doğru-dürüst anlaya bilmir. Bunları ya Xankəndi, Ağdərə, Xocavənddə erməni separatçılarla birgə “rus icması”nın, “rus mərkəzi”nin tədbirlərində görürük, ya da terrorçu dəstələrin səngər qazması prosesində onlara “qorxma-qorxma” deyən halda keşik çəkəndə.

Artıq hər şey bəllidir, Ermənistanın və Qarabağdakı tör-töküntülərin əl-qolunu açanlar məhz bunlardır. Son bir həftədə iki dəfə yaydıqları bülletenlərdə Azərbaycan hərbçilərini “atəşkəs rejimini pozmaqda” ittiham edəcək qədər həyasızlıq nümunəsindən sonra adam az qalır desin ermənilərdə heç bir günah yoxdur, günah onların “əlinə bel, başına feil” qoyandadır. 44 günlük müharibədən sonrakı bir neçə ay ərzində nə Ermənistanın sınıq-salxaq ordusu, nə də Qarabağdakı quldurlar nəfəs dərə bilmirdilər ki, son nəticədə başlarındakı dəmir dəbilqə Bakıdakı Qənimətlər Parkının eksponatına çevrilər. Amma sonrakı dönəmlərdə, Rusiyanın hərbi kontingenti Qarabağda ermənilərin sayının süni şəkildə artırılması əməliyyatına qaz verdikcə, Laçın yolu ilə qanunsuz yüklərin daşınmasına şərait yaratdıqca, hətta 2021-ci il Ermənistan istehsalı olan minaların kütləvi şəkildə basdırılmasında ortaq olduqca erməni terrorçular da qudurdular, Ermənistandakı havadarları da...

Rusiya hərbi kontingenti yaxın 3 il ərzində Qarabağdakı ömrünün sona çatacağını düşündükcə, vaxtın azaldığını göz önünə gətirdikcə, ermənilərin təxribatlarına daha çox stimul verir. Əks təqdirdə erməni banditlər Şuşa istiqamətinə silah çəkməyə cürət etməzdilər. Şuşaya!!! Şuşanın Azərbaycan üçün hansı əhəmiyyət kəsb etdiyini bütün dünya bilir. Azərbaycan iki ildir Şuşanın yaralarını sarıyır, tarixi şəhərimizi yenidən qurur. Əgər erməniyə silahı Şuşaya sarı çevirmək komandası verilibsə, deməli, bunların məqsədi sülhməramlı deyil, bədməramlıdır! Ötən il erməni terrorçusu elə rus sülhməramlılarının gözü qarşısında postda duran hərbçilərimizə qumbara atmadımı?

Görünən budur ki, davamlı şəkildə təxribatlara imkan yaradılır, gərginlik yaransın və “biz getsək, qan düşər, toqquşma olar” kimi bəsit arqumentlərinə bəhanə yaratsınlar. Amma artıq “ox yaydan çıxmış” kimi görünür. Azərbaycan dövləti sülhməramlıların müvəqqəti təsir dairəsindəki cinayətkar fəaliyyət barədə faktları bir-birinin ardınca təqdim edir, dəlil-sübutla!

Biz Laçın yolunu çəkdik ki, ermənilər zəvzəyə-zəvzəyə qalmasınlar, Ermənistana get-gəl eləsinlər. Amma sülhməramlılar erməni terrorçuların o yolla mina, silah-sursat, hətta hərbi texnika daşımasına imkan yaradırsa, artıq bizim söhbətimiz alınmayacaq! Təsəvvür edin, bizim humanitar məsələlər üçün yaratdığımız şəraitdən sui-istifadə edən ermənilər ayağımızın altına təkcə iki il ərzində 3 mindən çox mina basdırıblar. Bunlar hələ təmizlənən ərazilərdə aşkarlananlardır. Deməli, Ermənistan və Qarabağdakı quldur tayfa nəinki sülhə gəlmək istəmir, əksinə, bizim qəsdimizə alçaq fəaliyyətini davam etdirir. Bunun cavabı nə olmalıdır? Gül-çiçək, humanizm?

Qəti şəkildə! Terrora qarşı əməliyyat! Dünyada onlarla nümunə var. Düşmən məni öldürmək istəyirsə, mən ona niyə fürsət verməliyəm? Volkovun ölkəsi Ukraynaya qarşı müharibə aparır, özünə təhlükə olması iddiası ilə. Amma özü durub deyir ki, Azərbaycan ordusu Tərtərin kəndinə atəş açıb. Özü də ermənilərin adlandırdığı sayaq bülletendə əks olunur kəndin adı. Bu nə saymazlıq, nə korluq, nə karlıq?

Azərbaycan Müdafiə Nazirliyinin gecə yarısı operativ şəkildə, həm də tutarlı arqumentlərlə verdiyi cavab alqışlanasıdır! İri şriftlərlə yazıldı ki, “ÇARDAQLI!” Bundan əvvəl də Azərbaycanda “Dağlıq Qarabağ” adında ərazi vahidinin olmadığı bəyan olunmuşdu, Rusiya Müdafiə Nazirliyinə səhvini düzəltmək məsləhət edilmişdi, nəticəsi olmadı. Bu dəfə də eyni yanlışlığı təkrarlayıblar. Təkcə yanlışlıqmı? Təbii ki, yox! Bu, Azərbaycana qarşı təxribatdır! Yoxsa Rusiyanın 1960 nəfərlik kontingenti 366-cı motoatıcı alayın davranışlarını təkrarlamaq istəyir?

Bu gedişlə şübhə etmək olmaz ki, günün birində Qarabağdakı erməni terrorçu dəstələrini “leqallaşdırmaq” üçün onları “sülhməramlı” kontingentin tərkibinə daxil edə bilərlər. 90-ların əvvəllərində Seyran Ohanyan kimi Xocalı cəlladlarını bu şəkildə sovet alayının tərkibinə yığmamışdılarmı? Odur ki, Azərbaycan tərəf hələ statusu bəlli olmayan bu kontingentin monitorinqi ilə əlaqədar məsələ qaldırmalıdır. Azərbaycan dövləti və vətəndaşı bilməlidir ki, onun ərazisindəki hərbi kontingentin say tərkibi nə qədərdir? Bəlkə 1960 deyil, iddia olunduğu kimi, 10 min nəfərdir...Yaxud bəlkə erməni terrorçular ora nüvə başlığı daşıyıblar. 30 il ərzində işğal bölgəsi kvotadan kənar silah, hərbi texnikanın, narkotik plantasiyalarının məkanı olmadımı? Son özbaşınalıqlardan, erməni cinayətlərini görməzdən gələn ruslara necə inana bilərik?

Azərbaycan üçün müqəddəs bir ünvan olan Xocalıda bu qədər hündürmərtəbəli binaları niyə və kiminçün tikirlər? Soyqırımadək Xocalının 7 mindən artıq sakini olub, azərbaycanlılardan ibarət. İndi bu, nə tikhatikdir? Həm də rus hərbçilər 3 il sonra çıxıb gedəcəksə... Əgər düşünürlərsə ki, Xocalıda bundan sonra əbədi ermənilər yaşayacaq, yanılırlar! O ərazilərdə vəhşicəsinə qətlə yetirilmiş insanlarımızın nigaran ruhu gözləyir Azərbaycan əsgərini! Bütün bunlar Rusiyanın diqqətinə çatdırılmalıdır ki, millətimizin heysiyyatı ilə oynamasınlar! 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR