İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlərinə rubl, dollar, avro, tümən dəstəyi

762 09.07.2022 10:33 Yazarlar A A

Ermənistandakı revanşistlər haradasa istəyinə nail olublar, faktiki olaraq prosesdə irəliləyiş yoxdur. Etiraz şousunun ssenaristlərindən birinin həm də Nikol Paşinyan olduğu aşkar görünür. “Nala-mıxa vurma siyasəti” son nəticədə onun hakimiyyətinin uzanmasına ciddi şəkildə kömək edir.

Ermənistanda hakimiyyətli-müxalifətli az qala, hər kəs xəstə iddialarını sürdürməkdədir, hesab edirlər ki, Minsk Qrupu xortlayacaq, gəlib əsasən həllini tapmış Qarabağ məsələsini “çözəcək”, “artsax” adlı sarsaqların toplaşdığı məkansa son nəticədə “respublika” olacaq. Odur ki, vaxtı maksimum uzatmağa çalışırlar, hansısa tarixi fürsət yaranar deyə düşünürlər.

Ermənilərə bu xəstə iddialarını davam etdirməkdə, Kəlbəcər, Laçın istiqamətində təxribatlarını artırmaqda dəstəkçi olanlar da az deyil. Rusiya sülh və təhlükəsizliyə cavabdehliyi öz üzərinə götürən tərəf olsa da, yenə də Qarabağın ermənilər yaşayan hissəsində tərəf saxlayır, erməni separatçı-terrorçu tör-töküntülərinin qalmasını təmin edir. Üstəlik, Tovuz rayonunun min metrliyində yeni hərbi baza qurmaq planı işə salınıb. Xatırlayırsınız yəqin, Rusiya prezidenti sərhəd toqquşmalarının davam etməsinə toxunarkən dolayısı ilə əlavə tədbirlərə ehtiyac olduğunu söyləmişdi. Belə aydın olur ki, Ermənistan ordusunun sərhəd boyunca tətiyi çəkməsi həm də Rusiyanı məmnun etdiyi üçün prosesi sakitcə müşayiət edirmiş. Sonda Azərbaycanla sərhəddə hərbi baza qurmaq üçün əsaslar yaransın deyə. Həm də anti-Rusiya meyllərini zərərsizləşdirmək, “mən olmasam, batarsınız”, demək üçün... 

İran Təhlükəsizlik Şurası rəhbəri Əli Şamxaninin İrəvana səfəri, Ermənistanın ürəyindən xəbər verən bəyanatlarla çıxış etməsi də revanşistlərin “lampasına tökülən nöyüt” təsiri bağışlayır. Heç olmasa, Qarabağda dağıdılan məscidlərin qalıqlarından utanmalıydı müsəlman qonşumuzun rəsmisi. İran vaxtaşırı Azərbaycanın İsraillə normal münasibətlərindən qıcıqlanaraq məscidlərdə donuz saxlayan Ermənistanı bağrına basır, əli körpələrin qanına bulaşanlarla “qardaş ölub Hayastan-İran” mahnısını yeni aranjimanda zümzümə edir. İndi də var gücü ilə erməni revanşistlərin xoruna qoşulublar: Zəngəzur dəhlizinə qarşı səylərini birləşdiriblər. İrəvanda səslənən “Ermənistanda türkə yer yoxdur” hədyanı da İran şovinistlərininin ürəyincədir. İran adlanan ölkədə, Cənubi Azərbaycan daxil olmaqla, 40 milyon türkün yaşaması və onların vaxtaşırı uca səslə “mən türkəm” hayqırması şovinistləri daim səksəkədə saxlayır. Ermənistanla İran rejiminin üst-üstə düşən maraqlarında bu amil də öz rolunu oynayır. Yoxsa İran indiki durumu ilə Qərbi Zəngəzurda azad iqtisadi zona yaratmağa niyə can atırdı ki?

İrana və Rusiyaya düşmən olan ABŞ-ın da Ermənistandakı revanşistləri və Qarabağ separatçılarını diriltmək üçün əlindən gələni etdiyini görürük. Azərbaycan Qarabağı yenidən qurur, ermənilər üçün alternativ yol da çəkir, vətəndaşlığımızı qəbul edəcəklərsə, həmin yoldan istifadə etsinlər deyə. ABŞ isə hələ bugünlərdə həmsədrini yenilədi. Anormallıqdır. Ardınca da ABŞ Erməni Milli Konqresinin təşəbbüsü, erməni lobbisinin canfəşanlığı ilə Konqresdə Ermənistana və Qarabağa 2023-cü ildə də maliyyə yardımının ayrılması istiqamətində müzakirələrə başlanıldı. Bir müddət öncə Rusiya TV-sində peyda olan separatçı David Babayan bugünlərdə Moldovadakı Dnestryanı separatçılarının lideri ilə telefon əlaqəsi saxlayıb “əməkdaşlıq”dan dəm vurdu. Babayanların dilini açan İrandır, Rusiyadır, ABŞ-dır, hərəsi bir cür dəstək verir. Hələ Avropa İttifaqının “erməni dini irsi”nə ağı deməsi, Avropa İttifaqı Şurasının işğalçı Ermənistana milyardlarla avroluq maliyyə vədini demirik. Elə bugünlərdə separatçıların səsi Avropa Parlamentindən gəldi...

ABŞ dollarla, Rusiya hərbi baza ilə, Avropa avro ilə, İran tümənlə dəstək verir, təki Qarabağda yanğın ocağı sönməsin, Ermənistan və Qarabağ erməniləri daim Azərbaycana qarşı terroru, təxribatı davam etdirsinlər. Bir-birinə düşmən olanlar Azərbaycana qarşı birləşiblər!

Belə bir durumda ermənilərin şivən qoparması aldadıcı ola bilər. Elə bugünlərdə deputat Tiqran Abramyan “Ermənistan hökuməti bütün Qarabağı, Xankəndi də daxil olmaqla, Azərbaycanın tərkibində görür və bu faktı artıq heç cür dəyişə bilmərik”, deyib. Bu, olsa-olsa Paşinyan hökumətinə qarşı etirazları artırmaq, yaxud elə hakimiyyətə qarşı “etiraz” görüntüsü yaratmaqdır. Fakt budur ki, 44 günlük müharibədə Ermənistan sarsıdıcı zərbə alsa da, hələ də reallığı düzgün qiymətləndirə bilmir. Paşinyansa onun güzəştli siyasətinə qarşı “xalq etirazlarının olduğunu” iddia etməkdən ötrü bu vəziyyətdən yararlanır.

Qarabağı Azərbaycanın tərkibində görən hakimiyyət Xankəndindəki separatçı-terrorçu rejimə maliyyə ayırmaz! Ermənistanın pulu-parası haradandır ki, üstəlik, Qarabağ ermənilərini də saxlayır? Artıq iki ilə yaxındır müharibə bitib, ancaq sınıq-salxaq Ermənistan Azərbaycan ərazisindəki quldurların “büdcə”sinə vəsait ayırır. Qarabağın Azərbaycan ərazisi olduğunu birmənalı şəkildə qəbul edən hakimiyyət Qarabağdakı silahlıları, muzdluları, terrorçuları yığışdırıb aparardı, daha əlavə muzdlular yollamazdı. Ən nəhayət, Qarabağla bağlı məsələnin bitdiyini anlayan, qəbul edən hakimiyyət Azərbaycan üçün çox həssas məntəqə olan Xocalıda qanunsuz məskunlaşdırmanı davam etdirməz, burada yeni evlərin tikintisi üçün ora-bura əl açmazdı. O ölkə, o hakimiyyət ki, iki ilə yaxındır Gorus-Qafan yoluna alternativ yol çəkib qurtara bilmir, Azərbaycana möhtac qalıb. Deməli, məsələni bitmiş saymaq olmaz. Bitməyə qoymayanlar var, təkcə Ermənistan və erməni revanşistləri deyil onlar...

Bu vəziyyət Azərbaycan və Türkiyə arasında məsləhətləşmələri, Şuşa Bəyannaməsindən irəli gələn məsələlərin masaya qoyulmasını, ortaq maraqlarımıza qarşı fəaliyyətdə olanların planlarının pozulması istiqamətində qərarların qəbulunu zəruri edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR