İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsirliyində olan hərbçimizə ömürlük həbs tələb edilir

532 17.08.2023 13:13 Gündəm A A

Ermənistanda 20 il həbs cəzasına məhkum edilən azərbaycanlı əsir Hüseyn Axundovun işi ilə bağlı apelyasiya şikayəti verilib.

Bu barədə “zərərçəkmiş tərəf”in vəkili Karen Alaverdyan “Pastinfo”ya məlumat verib.  H.Axundovun guya qətlə yetirdiyi iddia edilən Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin varisləri hərbçimizin ömürlük həbs olunmasını tələb edir.

“Yalnız ömürlük həbs cəzanın məqsədini, xüsusən də qabaqlayıcı cəzanı təmin edə bilər”, - vəkil iddia edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq həbs ediliblər. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Onu da əlavə edək ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ötən gün Azərbaycanı ""hərbi əsirləri" təhvil verməməkdə" ittiham etmişdi.

“İndiyədək erməni tərəfi etimad yaradılması kontekstində bütün lazımi addımları atıb, o cümlədən bütün mina xəritələrini Azərbaycana təhvil verib. Azərbaycan buna cavab olaraq minaların olması ilə bağlı ittihamları davam etdirir. Bakı "hərbi əsirləri" azad etməyib. Bu, heç bir halda beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın apardığı “etnik təmizləmə” siyasəti məsələsindən yayındıra bilməz", - deyə Marukyan iddia edib.

Erməni rəsminin bu iddiası, ardınca azərbaycanlı əsirlə bağlı məsələnin üzərinə gedilməsi, ona ömürlük həbs cəzası verilməsi ilə bağlı informasiyanın ortaya atılması görünür ki, təsadüfi deyil. Çox güman ki, Ermənistan Azərbaycanla “girov alveri”, siyasi bazarlıq etmək istəyir.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir”

Qabil Hüseynli: “Ermənilər əslində bununla özlərini rüsvay edirlər... ”

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb: “Erməni mətbuatının yazdığına görə, guya ömürlük həbs cəzasını Hüseynin "öldürdüyü" gözətçinin qohumları tələb edir. Halbuki Hüseynə qarşı irəli sürülən ittiham qondarmadır. Həmin gözətçini  öldürən adamlar tamamilə başqadır və bunu hətta özlərinin mətbuatı yazmışdı. Yazıda qeyd olunurdu ki, gözətçinin telefonu hadisə baş verən yerdən bir neçə kilometr uzaqda tapılıb. Beləliklə, bu məsələni heç də gözətçinin qohumları deyil, hökumətin siyasi dairələri düşünüb, tapıblar ki, 20 il cəza almış Hüseyni ömürlük həbs cəzasına məhkum etməklə onunla “siyasi bazarlıq” etsinlər və bu zaman ən azı  2 erməni hərbçisini dəyişdirsinər. Yəni cəzanı artırmaqla gələcək siyasi bazarlıqlarda bizim əsgər məhbusun “qiymətini” qaldırmış olurlar. Zənnimcə, 20 il və yaxud ömürlük həbs cəzası bizim əsgərin taleyinə önəmli bir təsir göstərmir. Onsuz da Hüseyn mütləq dəyişdiriləcək, lakin  20 illik həbs cəzasının ömürlük cəza ilə dəyişdirilməsi Ermənistan siyasi hakimiyyəti  üçün ona görə əlverişlidir ki, bir Hüseynlə bir neçə erməni separatçısı dəyişdirilsin".

Politoloq Marukyanın iddialarına da münasibət bildirib: “Əlbəttə ki, onun bu açıqlaması heç də təsadüfi deyil. Üstəlik də onlar  bir çox məsələlərdə yalnız öz iddialarını irəli sürürlər. Əvvəla, mina xəritələrini verdilər, amma onlar dəqiq deyil, əsl mina xəritələrini bizə çatdırmayıblar. Üstəlik də ərazilərimizdə minatəmizləmə prosesi hələ də davam edir və bu prosesi onların verdikləri xəritələr əsasında deyil, əlimizdə olan texnika vasitəsilə həyata keçiririk. Ermənistan bu məsələdən nəsə güdürsə, ciddi surətdə yanılır.  Beynəlxalq konvensiyalara əsasən qadağan edilmiş piyadalar  əleyhinə minaların basdırılması cinayət tərkibi yaradır və onlar bu işi müharibədən əvvəl ediblər, müharibədən sonra da davam ediblər. Belə bir şeyi açıb-ağardırlarsa, əksinə, özlərini rüsvay edirlər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR