İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni baş nazir Moskvanı aldatmaq istəyir

782 29.11.2023 12:12 Siyasət A A

Hökumət başçısı KTMT sammitini boykot etsə də, Rusiyada iki toplantıda iştirak etməyə razılaşıb; Nikol Kremlin üzərinə gedə bilmir, amma anlamır ki...

Ermənistan istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə Rusiya ilə münasibətləri “yoxuşa sürməkdədir”. “Yeni Müsavat” qeyd edir ki, Ermənistan KTMT-nin Minskdə keçirilən sammitində də iştirak etməməklə vəziyyəti daha da ağırlaşdırdı. 

Bu, Minskdəki toplantıda tənqid edildi və İrəvana Belarus lideri timsalında xəbərdarlıq da göndərildi. Bu xəbərdarlıq eyni zamanda Rusiyanın Ermənistana xəbərdarlığı kimi qiymətləndirilir. Çünki Rusiya patronajlığı altında fəaliyyət göstərən KTMT-yə qarşı Ermənistanın bu münasibətini həzm edə bilmir. 

Minsk sammitindən əvvəl rəsmi Moskvadan Ermənistanın KTMT sammitində iştirak etməmək qərarına reaksiya verildi. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın qərarının “təəssüf doğurduğunu” bildirdi və əlavə etdi ki, qapılar açıqdır: “Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkənin təhlükəsizliyinin, sabitliyinin möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək və ya artıq razılaşdırılmış sənədlərin təsdiqinə mane olmaq niyyətində deyillər”.

Bu arada isə məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan “U” dönüşü edərək dekabrda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək. Bu barədə “Alpha News”a Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. “Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, MDB başçılarının qeyri-rəsmi görüşündə və Aİİ-nin rəsmi sammitində iştirak edəcək”, - Uşakov bildirib. Bunun dəqiq məlumat olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Rusiya Federasiyası Prezidentinin köməkçisi belə cavab verib: “İrəvandan aydın siqnal aldıq”. 

KTMT iclasını boykot etsə də, Paşinyan AİB və MDB sammitlərində iştirakdan imtina etməyib. Bəzi ekspertlərə görə, 2013-cü ildə də Ermənistan Qərbə yaxınlaşma kursu götürsə də, sonradan geri addım atdı. O zaman Avropa İttifaqı maliyyə ayırdı, Ermənistanın bütün gömrük məntəqələrini Avropa standartları ilə qurdular ki, guya İrəvan Avropa ilə assosiativ müqaviləyə imza atacaq, amma bir günün içərisində Ermənistan fikrini dəyişdi. Qurulan məntəqələr də Rusiyanın nəzarətində olan Gömrük İttifaqına qaldı. Bunun qarşılığında Qərb Ermənistana qarşı hansısa addım atmadı, təzyiq etmədi. Ola bilsin ki, bu dəfə də Qərb ermənilərin “səhvlərini bağışlayacaq”. Noyabrda KTMT-nin toplantısını boykot edən Paşinyanın MDB-nin o qədər də ciddi olmayan qeyri-rəsmi toplantısına və Avrasiya İqtisadi İttifaqına getməyə qərar verməsi haqlı suallar doğurur. Nikol niyə fikrini dəyişdi?

Qabil Hüseynli: “Ermənistanın keçmiş müdafiə naziri deyirdi ki, tezliklə  çayımızı Bakıda içəcəyik…” Pravda.az

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, KTMT sammitini boykot etmək qərarı NATO-dan Paşinyana verilən təlimat idi. Q.Hüseynli hesab edir ki, Ermənistana “Putin NATO-su”ndan çıxmağı möhkəm tapşırıblar. Bununla belə, Ermənistan bu istiqamətdə addımlarını sürətləndirsə də, tez bir zamanda bu təşkilatdan çıxacağını gözləmir. Aİİ və MDB iclaslarına getməyə gəlincə, Q.Hüseynlinin fikrincə, həmin toplantılarda iştirak o qədər də problem deyil, o cümlədən həmin platformalar əvvəlki qədər nüfuzunu qoruyub saxlaya bilməyib: “Üstəgəl, Paşinyan bəyan etdi ki, Rusiya ilə dostluğu davam etdirəcəklər və münasibətlərdə ciddi gərginlik yoxdur. Ona görə mən bunu diplomatik gediş hesab edirəm”. 

Ramiyə Məmmədova: Qələbə hər zaman doğrunun yanındadır - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovaya görə, Paşinyan MDB-dən küskün deyil, KTMT-dən üz döndərib. Onun fikrincə, bunun səbəbi də blokun Ermənistanı guya qorumamasıdır. “Ermənistan hökumətinin başçısı təhlükəsizlik sahəsində yeni müttəfiqlər axtardığını gizlətmir. Erməni cəmiyyətinə də təlqin edir ki, ruslar və KTMT bizi müdafiə etmədilər, onlara bel bağlamaq olmaz. Ona görə də yeni təhlükəsizlik sisteminə keçid üçün Qərbdən yardım istəyir. Odur ki, üzv olduqları təşkilatın tədbirlərində iştirak etmirlər. Avrasiya İqtisadi Birliyini isə ittiham edəcək sözləri yoxdur. Bu təşkilata nə desinlər? İqtisadi bir təşkilatdır və Ermənistana da faydası az olmayıb. MDB dövlət başçılarının qeyri-rəsmi görüşündən imtina da absurd görünə bilərdi. Baxmayaraq ki, hər ikisi rus platformasıdır. Amma Paşinyanın onlara qarşı şikayəti yoxdur. Onun dərdi KTMT-dir. Ona görə Sankt-Peterburq görüşlərindən yayınmır. Amma hələ bir ay var və qərar dəyişə bilər”. Təhlilçi bununla yanaşı, hər iki toplantıda iştirak qərarının verilməsini İrəvanın Moskvaya jesti kimi dəyərləndirir: “Ermənistan Rusiya liderinə mesaj verir ki, danışıqlar aparmağa hazırdılar. Paşinyan ötən həftə mətbuat konfransında elan etdi ki, Rusiya ölkəsinin dostu olub və olacaq. Bu da manevrdir. Nikol Kremlin üzərinə "tarana" gedə bilməz. Sadəcə, anlamır ki, Moskva “göz yaşlarına” inanmır və onu belə ziqzaq hərəkətlərlə aldatmaq mümkün deyil". 

Keçmiş deputat, politoloq Arman Abovyan deyib ki, Ermənistan-KTMT münasibətlərindəki “istiləşmədən” danışmaq hələ tezdir. Abovyanın fikrincə, rəsmi İrəvanın KTMT ilə bağlı atdığı addımlar hakimiyyətin taktikası və qərarı deyil, onu idarə edən Qərbindir. “Bu, sınanmış taktikadır: kənar oyunçuların tələbi ilə qəsdən münasibətləri korlamaq, sonra bir nöqtəyə gəlmək, təzyiqi bir az azaltmaq... Ona görə də mövqedə heç bir dəyişiklik olmayıb, doktrinal olaraq bizdə elə bir vəziyyət yaranıb ki, Ermənistan hakimiyyəti Rusiya ilə qarşıdurma yolunu seçib. Bu kontekstdə Paşinyanın qarşıda gözlənilən Sankt-Peterburq görüşünə getməsinə və gərginliyə diqqət yetirilməlidir. Bir tərəfdən bəyanatlar bir qədər yumşaldılır, digər tərəfdən praktiki olaraq gərginliyi azaldacaq addımlar atılmır. Bir neçə gün əvvəl Almaniyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Bruno Kal Ermənistanda ən yüksək səviyyədə qəbul olundu. Buna demarş deməyəcəyəm, amma prioritetlər baxımından Rusiya üçün ciddi hadisə oldu”.

Abovyanın fikrincə, əgər Ermənistan həqiqətən də Ermənistan-Rusiya münasibətlərinin bərpasının tərəfdarıdırsa, heç olmasa Rusiya platformalarında danışıqlardan yayınmamalıdır.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR