İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmək müqaviləsi ilə çalışanların sayı niyə azdır - nazirin gileyinə reaksiya

1271 22.06.2023 08:39 Sosial A A

Sahib Məmmədov: “O şəxslərlə əmək müqaviləsi bağlamaq mümkün olmur, ona görə ki... ”

“Son illərdə əmək müqavilələrinin sayı 30 faiz artırılsa da, hələ də məşğul əhali arasında əmək müqaviləsi ilə çalışanların sayı azdır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

Nazir bildirib ki, qarşıdakı illərdə bu məsələyə xüsusi diqqət yetiriləcək: “Qeyri-formal əməyin aradan qaldırılması və əməkhaqlarının leqallaşdırılması istiqamətində işlər aparılacaq”.

Qeyd edək ki, əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s.

Əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar.

Əmək müqaviləsinin bağlanmaması işçi üçün mənfi nəticələrə səbəb olur: Əmək kitabçası açılmır və iş stajı hesablanmır,  gələcəkdə pensiya təminatına mənfi təsir edir, məzuniyyətlə bağlı bir sıra məhdidiyyətlə qarşılaşırlar, əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər və s.

Əmək münasibətlərinin olmasını təsdiq edən müqavilənin bağlanması zamanı işçilər bu müqavilənin Əmək Məcəlləsinin şərtlərinə uyğun əmək müqaviləsi şəklində tərtib edilməsinə də diqqət yetirməlidirlər. Bir çox hallarda işəgötürənlər əsasən Mülki Məcəllə ilə tənzimlənən və mülki hüquqi müqavilə olan podrat və ya xidmət müqaviləsi bağlamaqla işçiləri Əmək Məcəlləsində onlara verilən hüquq və güzəştlərdən məhrum edirlər. Belə podrat və ya xidmət müqaviləsi bağlamaqla işçilər Əmək Məcəlləsi ilə onlara verilən hüquq və ya imtiyazları itirmiş olurlar.

Onu da xatırladaq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.7-ci maddəsində işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə məsuliyyət nəzərdə tutulub. Belə ki, bu halda vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə də məsuliyyət nəzərdə tutulub. (192.1-ci maddə). Bu halla bağlı fiziki şəxslər 1000 manatdan  2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan  5000 manatadək məbləğdə, hüquqi şəxslər 20,000 manatdan- 25,000 manatadək məbləğdə cərimə edilir.

Bəs niyə hələ də məşğul əhali arasında əmək müqaviləsi ilə çalışanların sayı azdır?

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov 

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Yeni Müsavat”a danışıb: “Nazir doğru deyir, rəsmi statistikanı əsas götürsək, yalnız işləyələnlərin 3/1-i muzdlu işlə çalışanlardır. Yəni, əmək müqavilələri var və bu barədə elektron informasiya sistemində yerləşdirilib və yaxud yerləşdirilməyib, hansı ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş hallara görədir. Bütün bunlar da işləylənlərin bütövlükdə 3/1-ni təşkil edir. Ona görə də nazir fikrində haqlıdır.

Niyə görə bəs yerdə qalan  məşğul əhalinin əmək müqaviləsi yoxdur? Bunun birinci səbəbi qanunvericiliklə, məşğulluq haqqında qanunla bağlıdır. Məsələn, pay torpağı, kənd təsərrüfatı təyinatı torpağı olan istənilən ailədə əmək qabiliyyəti yaşında  olan əmək qabiliyyəti  insanlar avtomatik məşğul sayılır. Təxminən 900 min pay torpağı götürsək və bunların hərəsində iki nəfəri hesablasaq, 1 milyon 800 min nəfər edir.  Yəni faktiki olaraq onlar qanunvericiliyə görə məşğuldur, amma nə dərəcədə məşğuldur, dəqiq bilinmir.  Araşdırılıb öyrənilsə görünər ki, bəziləri məşğuldur, bəziləri qismən məşğuldur, bəziləri isə ümumiyyətlə torpaqlarını satıb, amma bunu rəsmiləşdirməyib və sairə.

Və yaxud ailə-kəndli təsərrüfatlarını götürək, məlum olduğu kimi, ailə-kəndli təsərrüfatlarında əmək müqaviləsi bağlanmır. Ümumiyyətlə, aqrar sektorda əmək müqavilələrinin sayı kifayət qədər azdır.

Daha sonra, məsələn, Bakıda qeyri-formal əmək kollektivləri var, hansı ki, onlar ev tikir, təmir edirlər. Onlarda əmək müqaviləsi yoxdur, amma əslində faktiki olaraq məşğuldurlar.

Həmçinin özünəməşğul insanlar var. Məsələn, sənətkarlardır,  elan verir ki, kombi,  soyuducu, televizor təmir edir, antena quraşdırır və yaxud müəyyən yerlərdə öz əməyini qeyri-rəsmi surətdə satır. Onlarla əmək müqaviləsi bağlamaq mümkün deyil, yoxdur. Onlar “kölgə” iqtisadiyyatının nümayəndələridir.

Və nəhayət, elə iş yerləri var ki, orada işçilərlə əmək müqaviləsi bağlanılmır. Doğrudur, son illərdə  bu sahədə həm İqtisadiyyat Nazirliyinin Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən işlər, tədbirlər görüblər və 30 faiz artım məhz bunun sayəsindədir".

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR