İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevdən “Birliyimiz diriliyimizdir” mesajı, Ərdoğandan “bölgədə yeni səhifə açmağın vaxtıdır”- xitabı: möhtəşəm tarixə şahidlik edərkən...

2039 31.05.2022 09:00 Yazarlar A A

 

“Gəncə xalqı türk ordusunu qarşılamaq üçün şəhər meydanına toplanmışdı...Yolun və meydanın hər iki tərəfinə toplanan qadın, kişi, yaşlı, gənc bütün xalq, əsgərləri coşquyla alqışlayırdı. Sevincdən hər kəsin gözlərindən yaş gəlirdi... Bütün meydan hıçqıra-hıçqıra sevinc göz yaşı tökürdü...”

Cümhuriyyət fədaisi Nağı bəy Şeyxzamanlı bu misraları “Azərbaycan istiqlal mücadiləsi xatirələri”ndə yazmışdı, 25 mayda, Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Gəncəyə daxil olmasını təsvir edərkən...O zaman Bakı hələ də erməni-bolşevik əsarətində olduğu üçün 28 Mayda Tiflisdə elan olunan Azərbaycan Xalq Cümhiryyəti hökuməti Gəncəni paytaxt seçərək, bu şəhərə köçmüşdü, məhz Türk qardaşlarımızın mübarək ayaqları bu şəhərə dəydikdən, yadellilərlə döyüşlərdə ilk şəhidlərini verərək, Gəncəni azad etdikdən sonra!

Birlik və qardaşlığın silinməz “Yol xəritəsi” – İki liderin Bakıdan ortaq  tarixi mesajları

Düz 104 il sonra, mayın son həftəsində Azərbaycanın başkəndində qürurlu, sevincli günlər yaşandı, iki qardaş yenə də bir aradaydı, pilotlarımız Bakı səmasında birgə süzürdülər, düşmənlərə bərabər göz dağı verirdilər, qüdrətimizi nümayiş etdirirdilər. Bakı səmasında ay-ulduzlu bayrqlarımızı həkk edən qırıcılarımızı izləyən insan selinin qarşısında iki LİDER dayanmışdı: Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev! Necə ki, hələ dörd il əvvəl, Cümhuriyyətimizin 100 illiyi şərəfinə düzənlənən hərbi paradda, iki il öncəki Zəfər Paradında da çiyin-çiyinəydilər, qələbəyə doğru gecəli-gündüzlə bərabər çalışan, savaş dönəmində kürək-kürəyə dayanan, dünyanın dörd bir tərəfindən iki Türk Cümhuriyyətinin üzərinə şığımağa hazır dayanan yadellilərə qarşı fədakarcasına, gözlərini qırpmadan, əzmlə, qətiyyətlə mübrizə aparan nəhənglər! Ötən əsrdə təməli qoyulan cümhuriyyətlərimizin növbəti uğurlarına, zəfərlərinə birgə şahidlik edirdilər.

Prezident İlham Əliyev: “TEKNOFEST-Azərbaycan” Türkiyə-Azərbaycan  birliyinin növbəti nümayişidir - AZƏRTAC

Təsadüfi deyildi ki, Prezidenti İlham Əliyev 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalındakı tarixi çıxışında öncə 104 il əvvələ müraciət etdi, mübarək günümüzlə, sayğıdıyır xalqımız və dövlətlərimizlə bərabər, şərəf tariximizi, keçmişimizi də salamları, qutsal tədbirin keçirildiyi gün müsəlman aləmində qurulan ilk Xalq Cümhuriyyətindən danışdı. Təəssüflə Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, yaranışından iki il sonra süqut etdiyini deməklə həm də bir yerdə olmağın nə qədər önəmli əhəmiyyət kəsb etdiyini xatırlatdı. Yəni bir olduğumuz halda düşmənlərimiz bizi yenə bilməyəcəklər, mesajıydı bu. Dövlət başçısı ikinci müstəqillik tariximizin artıq 30 ili keçdiyini, bu müddətdə qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu deməklə də BİRLİYİMİZ DİRİLİYİMİZDİR ismarıcını vermiş oldu.

Prezidenin söylədiyi kimi, biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Nəticə bəlli: qoşa bayraqlarımız hər iki dövlətin ən ucqar bölgələrində də dalğalanır, üstəlik də Qarabağda! Torpaqlarımızın işğalda olduğu illərdə Azərbaycan davasını aparan həm də Türkiyə idi, bütün varlığı ilə! O dönəmdə qardaş ölkədə bizlərə təskinlik olaraq Qarabağ adına parklar da salınırdı, həm də torpaqlarımızı əbədi işğalda saxlamaq istəyənlərə “Qarabağ Azərbaycanındır” xəbərdarlığı idi hər bir park! Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr qoyulurdu Türkiyənin şəhərlərində, bu, həm də “unutmadıq, unutmayacağıq”, demək idi. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Gözəl ifadə olunub, həm də birmənalı şəkildə: “Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.

Birlik və qardaşlığın silinməz “Yol xəritəsi” – İki liderin Bakıdan ortaq  tarixi mesajları

Qardaş Türkiyənin Vətən savaşında gücümüzə güc qatdığını cənab Əliyev bir neçə gün öncə, Rizedəki hava limanının açılışında da yüksək trimunadan bəyan etmişdi, bu dəfə aydın və birmənalı şəkildə Bakıdan söylədi, duymayanlar da duysun deyə. Sitat: “İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

Bu, bütün dünyaya verilən aydın mesaj oldu, ətlə-dırnağın arasında girmək istəyənlərə, nifaq salıb, bizi ayırıb, tək-tək yenəcəklərini zənn edənlərə, növbəti dəfə bayraqlarımızı endirmək qəsdində duranlara ünvanlanmışdı bu sözlər: “Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”.

Elə Türkiyədən sonra ilk xarici ölkədə, Azərbaycanda düzənlənən festival da bir olduqca gücümüzün daim artacağını nümayiş etdirən növbəti hesabat xarakterli tədbir idi. Xalqımızın qarşısında Türk dövlətlərinin sayılıb-seçilən iki lideri, 21-ci əsr müharibəsinin taleyini həll edən silahın – “Bayraktar”ın yaradıcısı Səlcuk qardaşımız, qürurla adını çəkdiyimiz Nobel mükafatçımız dayanmışdı. Əslində iki cumhurbaşqanı və Səlcuq qardaşımız da Nobeli haqq edən isimlərdir! Əliyev və Ərdoğan təkcə Qafqazlarda deyil, bütün dünyada sülhdən yanadırlar, Selçuk Bayraktarın yaradıcısı olduğu möcüzə PUA-nın adını isə Ukrayna savaşı başlayandan elə dünya paytaxtları “Xilaskar” qoyublar. Təbii, xilas edirsə, demək terrora, işğala, istibdada qarşıdır, həm də demək sülhə xidmət edir, sülh qaranquşudur. Yeniləri gəlir, Bakıya 2 min km-lik uşuş edib də, artıq geri dönmüş “Akınçı”larımızın öncüllüyü ilə! Türkün hədəfi dəyişməyib: “Yurdda sülh, cahanda barış!”

Prezident Əliyev fəxarət hissi ilə bu iki Türkü Azərbaycan gəncliyi üçün örnək göstərdi: “Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”. Və dörd gün ərzində Bayraq Meydanına doğru axın edən gənclərimizə baxıb da qürurulandıq bir daha. Savaşda tarix yazan gəncliyimiz inşallah bütün mütərəqqi sahələrdə də öz sözünü deyəcək, necə ki, ilkin ixtiraları ilə bu müjdənin anonsunu vermiş oldular. Savaş təkcə döyüş meydanında aparılmır ki...Qalib olmamağa haqqımız yox!

Hüquqi əsasları da qoyulub müttəfiqliyimizin, dövlət başçısı da istinad etdi: Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində...

Ölkə başçısı dövlət siyasətinin mütləq prioritetlərindən bəhs edərkən ölkə vətəndaşlarına, sadə insanından tutmuş, məmurunacan, hər kəsə vacib bir xitab elədi: Azərbaycan xalqının və dövlətinin milli maraqları müdafiə olunmalı və Azərbaycan müstəqil siyasət aparmalıdır! Alternativ yoxdur! Azad,  müstəqil Azərbaycan olacaq, təbii ki, Türkiyəmizin da varlığı, birliyimiz, diriliyimiz, iriliyimiz halında!

Ölkə başçımız dedi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Artıq Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Haradan-haraya...Mənzərə qürurvericidir! Həm də Rəcəb Tayyib bəyin illər öncə israrla təkrar etdiyi haqq olur: “Dünya beşdən böyükdür”.  

Qardaşının Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Şuşa ili”ni daha da gözəlləşdirən daha bir şərəf tariximizə istinad etdi, Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyinin olduğunu söylədi. Az qala cəmi bir qərinədir rəsmi münasibətlərimizin tarixi. Amma kökü bir, soyu bir qan qardaşlarının keçmişi tarixin hansı dönəminədək uzanıb gedir, onu Yaradan bilir. Bu, bir qan qardaşlığı, can qardaşlığı!

Bizlərə gəlib çatan nümunələrin bəzilərini Rəcəb Tayyib bəy də söylədi. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur, deməklə coşdurdu qəbimizi, duyğulandırdı. Qafqaz İslam Ordusunun Azərbaycan uğrunda şəhid olan 1130 qəhrəmanının da ruhu şad idi o anlarda...

Türkiyə Cumhurbaşqanı necə də gözəl ifadə etdi: “Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizistrateji müttəfiqlik səviyyəsinə çatdırdı. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdı. Sarsıtmaz birlik. Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdəngeri durmadıq və durmayacağıq!” Açıq və net! Bir millətin övladları məhz bu ruhda, bu məsləkdə olmalı! Amma dünyada ikinci belə nümunə yoxdur, hətta bir-birinə qənim kəsilənləri görməkdəyik, eyni kökdən olanları...Lakin böyük Türk ümmətinin daşıyıcılarının hədəfləri daha böyükdür, bəşəri ideyalar var masada, kiminsə torpağına göz dikmədən, hər yerdə əmin-amanlığın olması üçün çalışmalar davam edir.

Məhz bu mənada “Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik”, söylədi cənab Ərdoğan.

Türkiyə lideri böyük sevinc hissi ilə bəyan etdi ki, Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Oğullarımızın qəhrəmanlığını, şücaətini dünyanın ən güclü ordularından birinə sahib olan nəhəng Türkiyənin başçısı da dilə gətirdi, həm də düşmənə ismarıc olaraq.Sitat: “Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir”. Həm də anons edildi: “Şuşa Bəyannaməsində müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub”.

zefer.jpg (79 KB)

Bəli, bizimçün müharibə keçmişdir, əgər növbəti məkrli planlarla qarşımıza çıxmayacaqlarsa, əl-ayağımıza dolaşmayacaqlarsa...Birliyimiz isə kimsəyə qarşı yönəlməyib, bunu Rəcəb Tayyib bəy də növbəti dəfə elan etdi: “Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcək”.

Və “Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir”. 

Türkün böyük ürəyi! Yetər ki, xəbis niyyətdən əl çəksin biriləri, iki güclü, söz sahibi olan ölkənin varlığından bəhrələnsinlər, qan tökülməsinə birdəfəlik son verilsin bölgəmizdə, sülh nəğmələri ucalsın səmaya. Əks halda “Dəmir Yumruq”umuz var: həm də İki Dövlətin liderlərinin hər an hava qalxacaq qoşa yumruqları! İndilikdə barış əli uzadılıb, dəyərli diplomatımız Hulusi Kılıçın gözəl sözü var: o əli öpüb, gözlərinin üstündə qoysunlar...biriləri!

Çox şükür, Zəfərimizdən sonra Qarabağda qardaşlar bərabər çalışır, yollar çəkir, tunellər inşa edir, bağlar salır: Qardaşlıq adına! Bu yola əngəl olmaq istəyənlər çox çalışdılar, ayağımızın altını qazdılar, könül bulandırdılar, bir-birimizə qarşı kin-kidurət aşılamağa çalışdılar, ilkin hədəf Qarabağa yolumuzu kəsmək idisə, növbəti məkrli plan Türk qapısının – Zəngəzurun əbədi kilidli saxlanması idi. Bacarmadılar, Türkiyə və Azərbaycan dövləti üzü Zəngəzura yol gəlir, qura-qura, tikə-tikə, düşmən bağrını sökə-sökə! Birbaşa quru yollarımız da qovuşacaq, üçüncü ölkədən keçmədən, çox az qaldı!

Gücümüzə güc qatdığımız bu dönəmdə növbəti dəfə qoşa lideri möhtəşəm tədbirlərdə görəcəyik, inşallah! İlin ikinci yarısında Zəngilanda açılış törəni keçiriləcək hava limanının açılışında iştirakını hələ ötən il anons ediblər liderlər. 2023-cü ildə isə Azərbaycan Respublikasının 105, Türkiyə Cümhuriyyətinin 100-cü yubiley yaşı qeyd olunacaq! Yol ver Türkün bayrağına deyəcəyimiz o qədər möhtəşəm günlər olacaq ki. Daha gözəl illər qarşıdadır, inşallah!

Allah səmalara ucalan qoşa bayraqlarımızın yar və yardımçısı olsun!

Elşad Paşasoy,
Musavat.com

9b33040fe46466be47cdf8da2145621f.jpg (83 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR