İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əlində qumbara partladanlar”ın müdafiəsi

2547 06.04.2023 10:30 Yazarlar A A

Siyasi arenamızın ən ciddi bəlalarından biri də qrup, düşərgə, “bizimkilər” təfəkküründən qurtula bilməməyimizdir.

Bu mərəz bizdə o qədər inkişaf edib ki, Siciliya klanları və ya dini təriqətlərin daxili atmosferi ilə müqayisə oluna bilər. Necə ki onlar klan və təriqət üzvünü bütün hallarda şiddətlə müdafiə edirlər, biz də eyni şeyi edirik.

Heç kəs öz dəstəsindən, çevrəsindən olan, amma əlində “qumbara partladaraq” ətrafa ziyan yetirən “özününkü”nə toz qondurmur, ciddi-cəhdlə müdafiə edir.

Bu “ənənə” özünü ən son 3 saylı uşaq evindəki qalmaqalda göstərdi. Haqq söz deyən, doğru danışan və doğru danışdığına heç kəsin şübhə etmədiyi (həqiqəti bilə-bilə dananlar hesaba alınmır) yeniyetmənin, loru dildə desək, dəlixanaya salınması, bu biabırçılıqdan sonra da uşaq evinin direktorunun müdafiə edilməsi məhz “bizimki nə edirsə, düz edir” düşüncəsinin məhsuludur.

Onun yerində başqası, arxa-dayaqsız biri olsaydı, sutkası tamam olmamış, ən azı “təqaüd yaşı çatdığına görə” vəzifəsindən götürülərdi. Ancaq bu qalmaqala, rüsvayçılığa baxmayaraq, təqaüd yaşını 8 il o tərəfə adlamış qadın hələ də işinin başındadır və mübarizə aparır. O “mübarizə” də nədir? Ağlı başında olan, sadəcə cəsarətlə həqiqəti dilə gətirmiş fəal bir uşağı psixiatriya xəstəxanasına saldırmaq...

Bunu sovet dövründə dissident ədiblərə qarşı edərdilər. Sovet quruluşunu bəyənməyən, əsərlərində yüngülvari eyhamlarla, yarımleqal dərnəklərdə isə pıçıltıyla passiv şəkildə kompartiya ideologiyasına qarşı mübarizə aparan şəxsləri cinayət məsuliyyətinə cəlb etməyə səbəb olmadığı üçün dəlixana onların cəmiyyətdən təcrid edilmə yerinə çevrilmişdi.

İndi işə baxın ki, “dissident ədib” rolunda həyata gözlərini yenicə açmış bir uşaq, “amansız rejim” mövqeyində isə uşaq evinin direktorudur. Haradan haraya? Bu ideyanı ona kim verib – maraqlıdır. Bu biabırçı aktı kimlər həyata keçirib, kimlər himayə edib – bununla əslində hüquq-mühafizə orqanları maraqlanmalıdır.

Ortada olan odur ki, himayə hələ də davam edir.

Mahiyyətcə, bu addımları ilə himayədarlar öz hakimiyyətlərini sarsıdır, özlərini dilə-dişə salırlar. 1 həftədir ölkədə bütün ictimai-siyasi fəallar bu barədə danışır, yazır. Yeniyetmənin başına gələnlər, direktorun hirs-hikkəsi ictimai ajiotaj doğurub. Direktoru müdafiə edənlərin ünvanına kəskin tənqidlər səslənir. Hər kəs bunu haqsızlıq sayır.

Ən optimal addım qadın direktor haqqında cəza tədbiri görmək olardı. Bu, ajiotajı, söz-söhbəti səngidərdi. Fəqət iqtidar daxilindəki hansısa qrup ictimai rəyi nəzərə almadan öz yanlış xəttini yeritməkdə israrlıdır.

15-20 il əvvəl bu xətt daha güclüydü. Son illərdə “əlində qumbara partladan” məmurların gözünün yaşına, kimin adamı olmasına baxmırdılar. Əgər onların özləri və ya övladları hakimiyyətin reputasiyasına mənfi xallar gətirir, komandanın dilini gödək edəcək hərəkətlər edirdilərsə, dərhal cəzalandırılırdılar. Məsələn, bu sırada neçə-neçə nazir, İH başçısı, prokuror, rəis, nazir müavini, universitet rektoru və digər yüksək vəzifəli adamlar vardı. Quba və İsmayıllıda xalqın hiddətinə səbəb olan hərəkətlərə yol vermiş məmurların aqibəti yadınızda olar. İndiki məntiqlə onlar da müdafiə olunmalıydı. Amma bunu edən olmadı, qəbahət yiyələrini cəzalandırdılar, söhbət bağlandı.

Ən düzü bu idi. Yoxsa açıq-aşkar haqsız mövqedə olan birini ciddi-cəhdlə müdafiə və himayə etmək heç bir siyasi dividend gətirmir, əksinə, ictimai qəzəbi şiddətləndirir. Nəticədə iqtidar komandasının maraqları sıradan bir məmurun kaprizinə qurban gedir.

Eyni düşüncə tərzi müxalifət düşərgəsində də var. Burada da “əlində qumbara partladan”, öz hərəkətləri ilə özünü ifşa edən, mənsub olduğu düşərgəyə qınaq, tənə gətirən, şübhəli əlaqələri ortaya çıxan adamları sona qədər müdafiə etmək ənənəsi var. Buna haqq qazandıranların arqumentləri trivialdır: “İçəridədir, dardadır, çıxsın, danışarıq”; “Mübarizə yoldaşımızdır, sona qədər müdafiə etməliyik”; “Onu müdafiə etməsək, iqtidar hamımızı növbəylə təkləyər” və s.

Halbuki ortada mübarizə adına bir şey yoxdur, öz merkantil maraqlarını güdmə var, mübarizə yoldaşları haqqında xarici fondlara “o iqtidarın adamıdır”, “bu təşkilat Türkiyə ilə yaxındır”, “bu partiya İrana işləyir” kimi donoslar yazmaq var, öz “əqidə yoldaşları”nın qeybətini qırmaq var və s.

Ən pisi odur ki, bütün bunları bilə-bilə adamdan imtina etmir, müdafiə edirlər. Daha sonra azadlığa çıxan, özünü reablitasiya edən şəxs onların ayağını tapdayanda (mühəqqəq belə olur), “bu da sındı”, “iqtidara satılıb” və s. kimi ittihamlar səsləndirirlər. Əslində isə adamın sındığı və satıldığı əvvəlcədən bəlliydi, sadəcə, onun portretini qaldıraraq mübarizə aparmaq daha sərfəli görünürdü.

Uzun sözün kəsəsi, hansı mövqedə, platformada olduğumuzdan asılı olmayaraq, qəbahətə, cinayətə qol qoymuş dostumuzu, qohumumuzu müdafə etmək, onu “Aydan arı, sudan duru” elan etmək haqqımız yoxdur. Bunu edəriksə, cəmiyyətə, xalqa pislik, haqsızlıq etmiş olarıq. Bu, çox bəsit bir həqiqətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR