İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlimizdə linç lingləri, dilimizdə söyüş-təhqir... - Psixoloji terror mühiti

3349 19.01.2023 11:42 Yazarlar A A

Seqmentimiz çox amansızdır, bir balaca ayağı büdrəyənin ənsəsindən elə vurur ki, adamın dizi yerə gəlir, qəddini düzəldə bilmir.

Söhbət sosial şəbəkələrin milli seqmentindən, ictimai-siyasi fəalların formalaşdırdığı ortamdan və bu auditoriyanın dilinə, dişinə düşənlərdən gedir.

Burada adamın yaxşı-pis, aqil-nadan, istedadlı-istedadsız, günahlı-günahsız olmasına baxmırlar, haqlı, ya haqsız müzakirə predmeti olubsa, hər yetən bir təpik tutuzdurur.

Bunun adına haqlı olaraq “linç etmək” deyirlər. Hərə bir zərbə vurub gedir, linç edilən isə ömürlük travma alır. Bir müddətdən sonra anlaşılır ki, onun hərəkətlərində bu qədər söyülmək, ələ salınmağa səbəb olacaq qəbahət yox imiş.

Amma kimdir buna fikir verən? Hamının başı yeni qurbanın təpiklənməsinə qarışıb.

Bu həftə iki nəfərin başına virtual məkanda linç olunma olayı gəldi. Aktyor Bəhram Bağırzadə 5 il əvvəl verdiyi müsahibədəki bir mübahisəli fikrinə görə ən azı üçüncü dəfə ictimai linçin qurbanı oldu, bir də Meydan hərəkatının aparıcı siması Nemət Pənahlı canlı efirdə yoqa hərəkəti etdiyinə görə kütləvi və aşağılayıcı lağlağının hədəfinə çevrildi.

Məsələyə ciddi prizmadan yanaşılsa, bunların ikisinə də ehtiyac yox idi. Bu, xüsusilə də ikinci hadisəyə aiddir. Nemət Pənahlının qızı Xatirənin sosial şəbəkədə atasına rişxənd edən fəallara ünvanladığı sitəm dolu müraciəti oxuyanda adam həmin kampaniyaya qoşulmuş olmasa da, xəcalət çəkir. Bir gənc qızı öz xalqından niyə diksindiririk ki? Onun atası vaxtilə bu xalqın azadlığı, müstəqilliyi uğrunda qanını qaşığa qoyurdu axı. Sonradan nə qədər yanlışlıqlara yol versə də, Nemətin 1988-ci ilin noyabrında qorxmadan meydana atılması, yüz minlərlə insana örnək və bayraqdar olması bu xalqın tarixində müsbət obrazda qalmasına kifayətdir. Onun 34 il öncə etdiyi cəsarət tələb edirdi, bu gün ona qarşı edilənlər isə cəsarət istəmir.

Bu, psixoloji terror növüdür. Bəzən bunu siyasi sektalara bölünmüş fəalların bir qismi qəsdən edir, hədəfə götürdükləri rəqiblərini bilərəkdən “psixoloji terakt” qurbanına çevirir, onu pisikdirməyə, gözünün odunu almağa, susdurmağa çalışırlar.

Bu sayaq mübarizə üsulu dəb olduğu üçün artıq çox adam kimdən xoşu gəlmirsə, keçmişdə bir kin-küdurəti olubsa, qisas məqsədilə elə bir şey edir və özü çəkilib kənarda durur. Onda görürsən ki, bir-birindən ötürmə alan fəallar kimisə yerlə bir edirlər.

Deyilə bilər ki, sosial şəbəkədəki bu fenomeni milyonlara aid etmək olmaz. Təəssüf ki, elə deyil. Dənizin suyunun şor olmasını təsbir etmək üçün ondan bir ton, hətta 1 vedrə və ya 1 stəkan içməyə ehtiyac yoxdur, 1 qurtum da bəs edir.

Sorğu mərkəzləri seçki kampaniyasının səsvermə mərhələsində səhər ertə məntəqəyə gələnlərin cəmi 10 faizinin rəyini öyrənməklə axşam saatlarında yekunlaşacaq seçkinin nəticələrini 1-2 faizlik yanlışlıqla doğru proqnozlaşdırdıqları kimi, bu məsələdə də eyni rıçaq keçərlidir. Sosial şəbəkələrdə fəallıq edən, status, şərh yazan insanlar cəmiyyətin 10 faizini təşkil etsələr də, bu, aşağı-yuxarı, milyonların hansı düşüncədə olduğunu, nə fikirləşdiyini, baş verənləri necə qiymətləndirdiyini göstərir.

İnsanlarda toplanan qarşılıqlı nifrətin miqdarı, miqyası heyrət doğurur, sanki tükənməz bir bulaqdır, bir ucdan çağlayıb gəlir. Bu çeşmə, əlbəttə ki, uzun illər ölkədə davam edən sosial ədalətsilikdən qaynaqlanır.

Ölkədə sosial təbəqələr, zümrələr arasında böyük bir təzad, dərin bir uçurum var. Şəhərin qəlbi hissələrində hündür və geniş, 40 (101) otaqlı villalarda, şah-sultan saraylarından ötə kaşanələrdə yaşayan, mərkəzdə 47 penthausa, qarajında 15 lüks avtomobilə malik olan şəxslər şəhərin ən yastana yerlərində, yastı-yapalaq evlərdə, Stalinin, Xruçovun vaxtından qalma dar-düdük mənzillərdə yaşayan, ictimai nəqliyyatda, sözün hər iki mənasında sıxıla-sıxıla işə gedib-gələn adamlar tərəfindən sevilməyəcəklər, burası aydındır. Amma o da faktdır ki, heç birincilər də ikinciləri sevmirlər, onlara Hindistandakı axırıncı kastadan olanlar kimi yanaşırlar.

Baxırsan, eyni millətdir, eyni rəng, eyni qaş-göz, eyni ağız-burun. Bir balaca ritorika, ləhcə fərqi var. Amma bir yarısı özünü “ağ adam”, o biriləri “qara adamlar” sayır. Elə “qaralar” da söz-sözü gətirəndə durumu bu cür ifadə edirlər. Sanki bura ötən əsrin 60-cı illərinin Amerikasıdır və irqi ayrı-seçkilik tüğyan edir.

Bütün bunlar insanlardakı bir-birinə nifrət hissini körüklədikcə körükləyir. Adamlar bu üzdən aqressivdir və əlləri çatan yerdə öz nifrətlərini püskürürlər. Amma bu, nifrətpüskürmə palçıq vulkanı səciyyəlidir, odlu vulkan kimi birdəfəlik püskürüb qurtarmır, eləcə xroniki olaraq pıqqıldayır və ətrafa palçıq lavası yayır.

Bu işlərin axırı ora gedir ki, istisnasız olaraq heç kəs heç nə barədə fikir bildirmək istəməyəcək, hamı susmağı, dərinliklərdə gizlənməyi üstün tutacaq.

Ona görə də gəlin əlimizdəki linç lingini, hakim toxmağını yerə qoyaq, hər sözün başına ip salmayaq, özümüzü ağıllı, kristal insan sayaraq, başqalarını yaramaz, ağılsız yerinə qoymayaq, fitnəkarların fitnəsinə getməyək, sanballı, ciddi olaq, insanları psixoloji terror qurbanı etməyək, xatirələri incitməyək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR