İnsanlara hürriyət, millətlərə istiqlal!

“Elektron siqaret xərçəngin yaranmasına təkan verə bilər”

4755 19.08.2022 08:00 Yaşam A A

Bu yaxınlarda açıqlanan məlumata görə, Kopenhagen Universitetinin alimləri elektron siqaretlərin 90% orqanizmə zərərli təsirini sübut ediblər. Son elmi araşdırmalar göstərib ki, bu siqaretlər 50% ağciyər xəstəliklərini artırır. Eləcə də damarlarda tromb yaradaraq, ürək-damar, cinsi problemlərə səbəb olur.

Elektron siqaretlərin 71% halda ürək tutması, insult, 59% halda stenokardiyaya səbəb olduğu sübut olunub. Əgər insan müəyyən müddət elektron siqaret çəkibsə və ya hazırda da çəkirsə, onun ciddi müayinəyə və müalicəyə ehtiyacı var.

Məlumat üçün qeyd edək ki, hər il dünyada təxminən 5 trilyon ədəd siqaret çəkilir, başqa sözlə, dünyada 1,3 milyard siqaret çəkən var. Tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv siqaret çəkənlərdir. Dünyada siqaret çəkən insanların 69 faizi siqaretdən canını qurtarmaq istəyir. Hər gün 85 min gənc siqaretə başlayır və bunların da 22 mini siqaretdən canını qurtara bilmir. XXI əsrdə tütündən 1 milyard insanın öləcəyi ehtimal olunur.

Ötən il ərzində Azərbaycandan müxtəlif ölkələrə 16 097.16 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac olunub. Qeyd olunan dövrdə 90 909.21 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edilib.

Azərbaycanda 2019-cu ildə aparılmış tədqiqatın nəticələrinə əsasən, 15-19 yaşlı əhalinin 0,2 faizi, 20-44 yaşlı əhalinin 13,6 faizi, 45-64 yaşlı əhalinin 21,5 faizi siqaret çəkir. Siqaret çəkənlərin 13,2 faizinin yaşı 65-dən çoxdur. 2020-ci ilin məlumatlarına əsasən, 15-19 yaşlı əhalinin 0,3 faizi, 20-44 yaşlı əhalinin 26,7 faizi, 45-64 yaşlı əhalinin 47,6 faizi siqaret çəkir. Siqaret çəkənlərin 32,5 faizinin yaşı 65-dən çoxdur. Göründüyü kimi, artım var.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “Yeni Müsavat”a bildirdi ki, növündən asılı olmayaraq istənilən siqaret orqanizmə ciddi zərər vurur: “İstər qəlyan, istərsə siqaret ağciyərin fəaliyyətinə mənfi təsir göstərir. Ağciyərin funksiyası təmiz hava ilə nəfəs almaqdır. İstənilən növ tüstü, buxar ona zərər verir. Təbii ki, elektron siqaretin də zərəri az deyil. Elektron siqaret adi siqaretdən asılılığı azaltmaq üçün istifadə olunsa da, psixoloji olaraq siqaret çəkmə prosesini dəstəkləyir. Bundan başqa, elektron siqaretlərin tərkibində də nikotin, toksik maddələr var ki, tənəffüs sistemini qıcıqlandırır, ağciyərlərə təhlükə törədir və müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına təkan verə bilər. Buxarın tərkibində propilen qlikol, aromatizatorlar və başqa maddələr var. Bu maddələr ağciyərlərə mənfi təsir edir”.

Nazirlik rəsmisi bu gün azyaşlılar arasında da elektron siqaretdən istifadə edənlərin olmasını təəssüflə qeyd etdi: “Adi siqaretdən qoxu gəldiyi üçün, yaxud asılılığı azaltmaq üçün azyaşlılar arasında elektron siqaretdən istifadə edənlər az deyil. Halbuki elektron siqaretdən adi siqaretə keçmək asandır. Zərəri az olduğu üçün uzun müddət istifadə edilə bilər fikrinə inananlar da var. Digər səbəb özünü həmyaşıdlarına göstərməklə bağlı ola bilər. Elektron siqaret insanın özünə də, ətrafındakılara da zərərlidir. Vərdiş kiçik yaşlarda yaranır. Yeniyetməlik insanın fizioloji olaraq formalaşma dövrüdür. Bu dövrdə siqaret çəkmək ağciyərlərə, tənəffüs yolları, ürək-damar, immun sisteminə böyük zərər dəyir. Biz gənc nəsli qorumalıyıq”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR