İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektrik stulunda edama layiq olanlar...

2340 12.04.2023 10:10 Yazarlar A A

 

Stalin repressiyasının tüğyan etdiyi illərdə ölkənin hər yerində, o cümlədən və xüsusilə ölkəmizdə kütləvi tutquya məruz qalmış insanlara ağlsasığmaz işgəncə verilib. Bu barədə çox oxumuşuq və tükümüz tikan-tikan olub.

Uyğun mövzuda çəkilmiş fimlərdə də belə səhnələr var və onlar nə qədər düzməcə olsa belə (hər halda aktyorlara gerçək işgəncə vermirlər), əsəbi zəif olan insanlar əli-qolu bağlanmış birinə dəhşətli əzab verilməsi epizodlarına baxa bilmirlər.

Bəli, işgəncə haqqında oxumaq, işgəncədən bəhs edən videokadrlara baxmaq olmur, amma yüzlərlə adam bu ağrı-acını, iztirabı gerçəkdən yaşayır və onun bədəninin bütün hüceyrələri o sarsıntıya məruz qalır.

“Tərtər işi”ni araşdıran məhkəmə prosesindən reportajları da soyuqqanlı şəkildə oxumaq mümkün deyil. Başına gəlməyən, bu anti-insani cinayətləri törədənlərin xislətinə, mahiyyətinə bələd olmayan şəxslər inana bilməzlər ki, 21-ci əsrin bu vədəsində insan insana, öz həmvətəninə, poqon yoldaşına belə cismani əzablar verə bilərmiş.

Hərbçilərin özlərinin özlərinə şər atması üçün hər şeyi ediblər. Təkcə orqanizmə elektrik cərəyanı buraxmağın özü bütün işgəncələrin kralıdır. Bunu “Tərtər işi” cinayətini törədənlər gen-bol ediblər və şübhəli şəxs qismində saxlananların hər birinin başına gətiriblər.

Bu işdə tam bir hədsizlik, özbaşınalıq, dərəbəylik hökm sürüb. Adamların işgəncədən ölə biləcəyi, şikəst olacağı işgəncə verdirənlərin də, verənlərin də vecinə olmayıb. Düşüncə bir olub: “Ölərlərsə də, ölsünlər”.

Ola bilsin, işgəncə verənlər bədbəxt etdikləri hərbçilərin əslində günahsız olduğunu bilməyiblər, amma işgəncə verdirənlər yaxşı biliblər ki, tutulanların xəyanəti yoxdur, onlar heç də düşmənə işləməyiblər.

Hazırda böyük bir şübhə yaranıb ki, düşmənə ya birbaşa, ya da dolayısı ilə işləyənlərin bir qismi öz cinayətlərini ört-basdır etmək üçün öz yanlarından yalançı “xainlər” düzəldiblər və öz yerlərinə onları cəzalandırmağa çalışıblar.

Hazırda bu işlərin bir hissəsinin üstü açılıb, igəncə verilənlər zərərçəkən kimi tanınıblar, işgəncə verənlərin bir hissəsi həbsə alınıb, məhkəməyə çıxarılıblar, işgəncə verdirənlərdən isə səs-soraq yoxdur.

Zərərçəkənlər onların cavab verməsini tələb edirlər.

Dünənki məhkəmə iclasında zərərçəkmişlərdən biri hakimin ona işgəncə verənlərə qarşı şikayət və tələbi olub-olmamasına dair ünvanladığı suala belə cavab verib: “Onlara əmr verilib, onlar da əmri icra ediblər. Əmr verənlərin cəzalandırılmasını istəyirəm, əmr verənlərsə yuxarılarda oturanlardır. Bir də onu demək istəyirəm ki, kişi kişiyə o hərəkətləri etməzdi”.

Adamda kişiliyə, comərdliyə baxın ki, işgəncə əmrini icra edənlərə qarşı hər hansı iddia ilə çıxış etmir, hədəfi işgəncə əmrini verənlərdir.

Ancaq bu yanlış mövqedir. İnsana işgəncə verilməsi barədə əmr tam qanunsuzdur və onu icra etmək cinayətdir. Kimin tabeliyində olmasından asılı olmayaraq hər bir hərbçi bənzər əmr alanda onun nə dərəcədə qanuni olub-olmadığını sorğulamalıdır və əmrin qanunsuzluğuna əmin olduqdan sonra onu icra etməkdən boyun qaçırmalıdır. “Mən əmr quluyam, əmr verdilər, icra etdim” demək məsuliyyətdən yayınmaq cəhdidir. Bu məntiqlə hansısa general, polkovnik əmr verə bilər ki, gir kazarmaya, əsgərlərin hamısını güllələ, bu halda hansısa leytenanat və ya kapitan həmin əmr icra edəcək ki, komandir əmr edib?

Əksinə, işgəncə əmrini icra edənlər həmin əmri verənlərlə eyni şiddətdə cəzalandırılmalıdırlar. Onların itaətkarlığı, nakişiliyi, cinayətə meylli olmaları olmasa, əmr verənlər də hədlərini bilərdilər və bu işin üstünün açılacağından qorxardılar. Heç kim heç nədən çəkinməyib, ölənlərin qanlarının batacağına, şikəst edilənlərin səsinin heç yerə çatmayacağına əmin olublar.

Bir də dünənki məhkəmə səslənən bir epizoddan çıxış edərək işgəncə verdirənlərin nə qədər mütəşəkkil halda işlədikləri, ictimaiyyətdə tutulanlara qarşı necə mənfi rəy yaratdıqlarını başa düşmək olur. O zamanlar ictimaiyyət arasında belə bir şayiə yayılmışdı ki, guya bizim bir neçə əsgər düşmən tərəfə keçiblər, orada onları zorlayıb videoya çəkiblər, sonra bundan şantaj üçün istifadə edərək əsgərləri əməkdaşlığa cəlb ediblər.

Dünənki məhkəmədə isə zərərçəkənlərdən biri ondan işgəncə altında belə bir etiraf almağa cəhd etdiklərini açıqlayıb. Təsəvvür edin ki, bir aydır posta çıxan iki ayın əsgərindən tələb edirmişlər ki, 4 ay əvvəl düşmən tərəfindən zorlandığını etiraf etsin.

Bu “zorlanma şəri”nin ortaya boş yerdən çıxmadığı, cinayətlərə haqq qazandırmaq üçün uydurulduğu açıq-aşkar ortadadır.

İndi işgəncə sifarişçilərini və icraçılarını sonuncu nəfərinə kimi tutub cəzalandırmaq lazımdır. Onlar təkcə günahsız insanları öldürməyiblər, şikəst etməyiblər, eyni zamanda ölkə insanında orduya, hüquq-mühafizə orqanlarına, ümumiyyətlə, dövlətə qarşı inamsızlıq yaradaraq dövləti cinayət törədiblər.

ABŞ-da belələrini elektrik stulunda edam edərdilər. Əslində onlar məhz belə bir cəzanı haqq edirlər, qurbanlarının hansı iztirablar çəkdiyini son nəfəslərində anlayardılar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR