İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əlbir olub bir ayı bir şir ilə” - 200 ildir Qafqazda öcəşən Rusiya və İran ...

4155 04.09.2022 11:54 Yazarlar A A

Rusiya və İranın hazırda müttəfiq kimi görünməsinə baxmayın, bu, ümumi düşmənin, ABŞ və Avropanın qarşısında təklənmək qorxusunun meydana gətirdiyi məcburi müttəfiqlikdir.

Əslində isə bu iki dövlətin arasında bir neçə yüz ildir davam edən çəkişmə, öcəşmə, qarşılıqlı bəyənməzlik, öz adıyla desək, gizli düşmənçilik hökm sürür.

Bu iki dövlətin hərb poliqonu, nə yazıq ki, zaman-zaman Qafqaz olub. Gah İran, gah da Rusiya Qafqazın köklü ölkələrini – Gürcüstanı və Azərbaycanı öz əyalətlərinə çeviriblər.

Sonradan Rusiya İrandan və Türkiyədən köçürdüyü ermənilərə Qafqazda dövlət qurub verərək, Gürcüstanı tamamilə, Azərbaycanın isə yarısını götürürək balansı öz xeyrinə dəyişib.

211`.jpg (179 KB)

Rus çarının generalları İvan Paskeviç və Georgi Yeristovun 1826-28-ci illərdə Qacar (İran) ordusunu Qafqazdan çıxarmasını, üstəlik, Təbrizi, Urmiyanı, Ərdəbili və Dilmanı işğal etməsini, yəqin ki, Rusiyada unutmadıqları kimi Tehranda da unutmayıblar.

Rus əsgərinin İrana soxulmasına dair daha bir bilinən fakt isə II dünya müharibəsi zamanı olub.

665.png (69 KB)

O vaxt Stalinin əmri ilə sovet qoşunları İran ərazisinə daxil olublar və orada iki dövlət yaradıblar – Azərbaycan türkləri üçün qurulan milli dövlət (1945-46) və İran kürdləri üçün nəzərdə tutulan Mahabad Cümhuriyyəti (1945-47).

8866.JPG (37 KB)

ABŞ-ın təzyiqlərindən sonra sovet-rus qoşunları İrandan çıxmağa məcbur olanda hər iki dövlət şah ordusunun hücumu ilə süqut edib.

Bunlar çox adamın bildiyi tarixi faktlardır. Ancaq Rusiya-İran münasibətlərinin tarixində az adamın bildiyi faktlar da var.

Məsələn, çox adam bilmir ki, tarixdə Persiya Sovet Sosialist Respublikası adlı dövlət də olub.

Gilan.png (62 KB)

Bu dövlət 1920-ci ilin yayında Xəzərin cənub sahillərində, İranın indiki Gilan vilayətində, paytaxtı Rəşt şəhəri olmaqla yaradılıb.

Təbii ki, bu işə özlərini dövrün İŞİD-i və ya “Taliban”ı kimi aparan bolşeviklər əl qoyub.

Qırmızı ordu 1920-ci ilin aprelində Bakını tutandan sonra, daha dəqiqi, 1920-ci ilin may ayının 17-də Volqa-Xəzər donanması Fyodor Raskolnikovun və məşhur inqilabçı Serqo Orconikidzenin rəhbərliyi altında Bakıdan çıxaraq İranın Ənzəli şəhərinə istiqamət götürüb. Qırmızı donanma ağqvardiyaçılar tərəfindən Ənzəliyə aparılan və orada ingilslərin sərəncamında olan çar gəmilərini almaq üçün ultimatum veriblər. Britaniyalılar və ağqvardiyaçılar geri çəkiliblər, gəmilər bolşeviklərə qalıb. Bu asan qələbə və şah məmurlarının bölgədən qaçması bolşeviklərdə belə bir iştah oyadıb ki, bu regionda Rusiyayanlı bir dövlət yaratmaq olar.

mirze kiçik.JPG (15 KB)

Belə bir vəziyyətdə milliyyətcə talış olan Mirzə Kiçik xanın rəhbərlik etdiyi millətçi partizanlar Rəşt şəhərini götürüblər və Gilanda sovet respublikası yaradıblar. Mirzə Kiçik xan dövlət başçısı, Seyid Cəfər Pişəvəri xarici işlər komissarı, gürcü Vasili Karqaleteli isə ordunun baş komandanı olub.

Bu dövlət əvvəlcə Gilan Sovet Sosialist Respublikası adlanıb, sonradan niyyəti bütün İranı götürmək olduğu üçün Persiya Sovet Sosialist Respublikası kimi qeyd olunub. PSSR-in sovet Rusiyası qarşısında belə bir şərti olub ki, Moskva Rəştin işərinə müdaxilə etməyəcək, dövlətlərin arasında dostluq münasibətləri bərqərar olacaq.

Amma bu Rusiyadır, Kremldir, bolşeviklərdir, elə şey ola bilərdimi ki, Moskva barmağını bölgəyə uzatmasın.

Tezliklə Mirzə Kiçik xan anlayıb ki, Moskva onun dövlətini tam müstəmləkəyə çevirmək istəyir. O, inqilabi komitdən ayrılıb, yeni hökumətdə kommunistlər üstünlük təşkil edib.

PSSR-in İranın Tehran, Zəncan və Mazandaran vilayətlərini tutmaq cəhdi uğursuz olub. 1921-ci ilin əvvəlində sovet-İran danışıqlarında razılıq əldə olunub ki, bolşevik Rusiyası sentybra qədər öz qoşunlarını İrandan tədricən çıxaracaq.

1212.JPG (15 KB)

                             Heydər Əmioğlu

1921-ci ilin mayında Mirzə Kiçik xan millətçi qüvvələrə, mülkədarlara arxalanaraq yenidən dövlətin idarəçiliyini öz üzərinə götrüb. O, sentyabrda çevriliş edib, oktyabrda isə İranın kommunistlərinin baş katibi, PSSR-in xarici işlər komissarı Heydər Əmioğlu başda olmaqla koalisiya ortaqlarını, rəqiblərini məhv edib. Bundan sonra Gilanda vətəndaş müharibəsi başlayıb. Yaranmış qarmaqarışıqlıqdan istifadə edən şah qoşunları Gilana daxil olub, PSSR süqut edib, Mirzə Kiçik xan Talış dağlarına qaçıb, orada soyuqdan ölüb. Öləndən sonra onun başını gətirib Rəştdə küçələrdə gəzdiriblər.

Bəli, Rusiya bir əsrdə iki dəfə İranın ərazisinə soxularaq orada müxtəlif dövlətlər qurub, sonra isə özünə sərf edən sazişlər bağlayaraq, İrandan çıxıb, on minlərlə tərəfdarını şah gülləsinin qabağında qoyub.

Dünənə qədər Suriyada yan-yana olan Rusiya və İran bu gün qarşı-qarşıyadırlar. Rusiya İrandan Suriyanın Həma və Tartus şəhərlərindəki hərbi bazaları tərk etməsini tələb edib. Buna səbəb odur ki, İsrail aviasiyası İran hərbçilərinə hücum edəndə Rusiyanın hərbi texnikası da zərər görür.

Budur, bu iki dövlətin öz tarixi intriqalarını sürdürmək, regionda nüfuz dairələrini genişlətmək üçün yeni poliqon var. Ya onlar əvvəl-axır dil tapacaqlar, ara yerdə on minlərlə suriyalı yazıq olacaq, ya da hər şey böyük şairimiz Abbas Səhhətin məşhur təmsilindəki kimi bitəcək, dalaşıb didişənlər bir tərəfdə düşüb qalacaq, uzaqdan bu haləti görən “tülkü” gəlib şikara yiyə duracaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR