İnsanlara hürriyət, millətlərə istiqlal!

Eks nazirdən OLAY KİMİ YAZI - Test sisteminin ləğvi, repetitorların vergi verməməsi...

3078 09.08.2023 11:27 Gündəm A A

Təhsilimizin özəl problemləri – onları necə həll etmək olar?

Təhsil haqqında danışarkən ilk öncə dahilərin cəmiyyətdə təhsilin yeri ilə bağlı dedikləri göz önünə gəlir. Albert Eynşteyn deyirdi:  - “bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır”, Nelson Mandela isə - “dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir” - deyirdi.

Dahilərin bu kəlamları təhsil cəmiyyət üçün nədir sualına qısa, lakin tam cavab verir. Bəs biz müstəqilliyimizin 32 ili ərzində milli təhsil sistemimizi necə qura bilmişik? Bu təhsillə Azərbaycanın gələcəyi necə görünür?

Təqdim etdiyim bu araşdırmada, son illər ölkənin təhsil sistemində aparılan islahatlar hesabına əldə olunan müsbət nəticələrdən və təhsilimizin bugünkü real problemlərindən bəhs edib, onların həlli  yollarını göstərməyə çalışacam. Məni iqtisadçı, maliyyəçi kimi tanıyan hörmətli oxucularımıza bildirmək istəyirəm ki, əmək fəaliyyətimin tən yarısı pedaqoji fəaliyyətdən ibarət olub. Özüm müəllim ailəsində böyümüşəm və bu gün ən yaxın qohumlarım arasında mütəmadi əlaqə saxladığım 10-a qədər orta məktəbdə çalışan müəllimlər var. Bir sözlə, təhsil mənə yaxındır və onun problemlərini daima yaxından izlədiyimdən mövcud durumdan yetərincə məlumatlıyam.

2013-cü ildə təhsil sistemimizdə ciddi islahatlara start verildikdə, mən təhsil sistemimizdə baş verən yeniliklərlə bağlı mətbuat səhifələrində tez-tez çıxışlar etsəm də son illər ərzində bu mövzuda demək olar ki, yazmıram. Bəs uzun fasilədən sonra, nədən birdən–birə təhsil haqqında danışmağa qərar verdim?

Bir gün öncə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ölkənin Elm və Təhsil Nazirliyi ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın “Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” prioritetində nəzərdə tutulmuş tədbirlər çərçivəsində keçirilən müzakirələrdə iştirak etdim. Çox faydalı müzakirələrin aparıldığı bu tədbirdən sonra təhsilimizin bu günü və sabahı ilə bağlı fikirlərimi hörmətli oxucularımızla bölüşmək qərarına gəldim.

İlk öncə deyim ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin rəhbərliyinin təşəbbüsü ilə keçirilən bu tədbirdə Təhsil Nazirliyinin rəhbərlərini görmək daha yaxşı olardı. Vətəndaş cəmiyyəti dövlətin idarə olunmasında aparıcı ictimai gücdür. Bu gün dünyada qeyri-hökumət təşkilatları ölkələrin bu və ya digər sahələrdə fəaliyyətinə qiymət verib onların beynəlxalq reytinqini müəyyənləşdirirsə, biz də ölkə daxilində bu sektorun imkanlarından tam istifadə etməliyik. Ölkə rəhbərliyi dövlət idarəçiliyində vətəndaş cəmiyyətinin rolunun artmasına dəfələrlə çağrışlar edib. Dövlət o vaxt mükəmməl idarə olunur ki, bu idarəçilikdə cəmiyyət aktiv iştirak edir. Biz də buna doğru getməliyik. Bu gün apardığımız belə müzakirələr də ölkə rəhbərliyinin ictimai nəzarətin gücləndirilməsi istiqamətində götürdüyü kursa tam uyğun prosesdir.

Müstəqillik illərimizin ilk dönəmlərində ölkəmizin təhsil sistemində yaranmış durğunluq, 2013-cü ildən sonra aktiv islahatlarla əvəz olundu - təhsil sistemində ciddi islahatlara start verildi. Geniş əhatəli islahatların müsbət nəticələrini adətən uzun müddət gözləmək lazım gəlir. Təcrübə göstərir ki, belə islahatlar sonda yaxşı nəticələrə gətirib çıxartsa da onların gedişi prosesində ağrılar da az olmur və hətta bəzən səhvlərə belə yol verilə bilinir. Bütün bunları normal qəbul  etmək lazımdır.

Təhsil sistemimizdə aparılan islahatların ən böyük uğurlarından biri, müəllimlərin seçilməsi və onların əməyinin qiymətləndirilməsinin yeni üsullarının tətbiqidir. Biz onillər idi ki, təhsildə savadlı, bacarıqlı müəllimlərə, bacarıqsız və hətta savadsız müəllimlərlə bərabər əmək haqqı ödəməklə böyük bir ədalətsizliyə imza atırdıq. Bu buz sındırıldı. Aparılan islahatlar bütövlükdə müəllim ordusunun ələnməsi ilə nəticələndi – daha savadlı və daha bacarıqlılar önə çıxdı, bacarıqsız, savadsız və öz üzərində işləməyi bacarmayanlar isə arxada saxlandı. Hesab edirəm ki, islahatların davamı məktəblərimizi bu kateqoriyaya aid müəllimlərdən tam təcrid edəcəkdir.

Bütün bunlar təqdirəlayiq nəticələrdir. Lakin bu gün təhsilimizin problemləri onun uğurlarından heç də az deyil desək, heç də yanılmarıq. Özümüzü aldatmayaq – biz hələ ki, tam milli təhsil sistemimizi qura bilməmişik. Təhsildə olan bugünkü problemləri sadalamaqla bu dediklərimizə bir daha əmin olmaq mümkündür.

Repetitorluq fəaliyyətini necə məktəbə gətirək?

Beləliklə:

Ən böyük problemimiz - məktəbdə təhsilin səviyyəsinin aşağ olması səbəbindən, ölkədə illərlədir ki, ikili məktəb sistemiminin mövcud olmasıdır. Yəni, məktəbdə təhsil alan hər bir şagird (yalnız ailə büdcəsi çox aşağı səviyyədə olan ailələrin uşaqlarından başqa) mütləq repetitor yanına gedir. Nə qədər acınacaqlı olsa da bəzən bu repetitor elə şagirdə məktəbdə dərs deyən müəllimin özü ola bilir. Bu tam paradoksdur. Deməli, müəllim dövlətdən aldığı əmək haqqının müqabilində şagirdə dərs zamanı lazım olan biliyi verə  bilmir (və ya bunu etmək istəmir), ancaq dərsdən sonra, şagirdin valideyninin ona ödədiyi haqq müqabilində, fərdi dərs keçərək, ona məktəbdə verə bilmədiyi (və ya vermək istəmədiyi) təhsili verir. İlk baxışda burada elə bir qəbahət yoxdur. Qavrama qabiliyyəti zəif olan və ya bir başqa digər problemləri olan belə şagirdlərin repetitor yanına getməsi normal haldır. Ancaq məsələ bundadır ki, bizdə demək olar ki, bütün şagirdlər repetitor yanına gedirlər. Bu ciddi düşündürücü və olduqca ağrılı bir vəziyyətdir. Onun həlli hüquqi müstəvidə müəyyən addımlar atmaqdan və qanunvericilikdə müvafiq dəyişikliklər etməkdən və ali məktəblərə qəbul sistemini kökündən dəyişməkdən keçir. Unutmayaq ki, repetitor kimi fəaliyyət göstərən müəllimlərin heç biri məktəbdə aldıqları əmək haqqından bir neçə dəfə çox pul qazansalar da dövlətə vergi ödəmirlər.  

Test imtahanı niyə ləğv edilir? - Ekspertlər səbəbini açıqlayır

1. Bəs repetitorluğu şərtləndirən əsas səbəb nədir? Bu cür fəaliyyəti şərtləndirən əsas səbəb ali təhsil məktəblərinə qəbulla bağlı illərlədir tətbiq etdiyimiz test sistemidir. Ola bilsin ki, müstəqilliyimizin müəyyən dövrü üçün bu lazım idi. Ancaq müasir vəziyyətdə bu sistemin mahiyyəti itib. Yəni onu ləğv etməyin vaxtı dünəndən çatıb. Dünyanın inkişaf etmiş ölkələrində ali məktəbə qəbul çox sadədir. Müəyyən bir sorğu yolu ilə məzun olmaq istəyən adamla müsahibə keçirilir və onun seçiminin doğru olub olmaması araşdırılır. Qərar qəbul etmiş gənc təhsil haqqını ödəyib ali məktəbin məzunu olur. Əgər hansısa bir gənc öz savadına və bacarığına uyğun seçim etməyibsə, o, artıq növbəti semestr imtahanlarından keçə bilməyib universitetdən çıxarılır. Bunun belə olduğunu bilən hər bir gənc ali təhsil almaq üçün öz biliyinə uyğun ali təhsil müəssisəsi seçməyə məhkum olur. Əks halda onun təhsil almaq üçün ödədiyi pul geri qaytarılmır. Bu sistemin tətbiqi ilə ölkədə repetitor problemi də öz həllini tapacaq. Orta məktəbi bitirən hər kəs mütləq ali təhsil almağa meyillənməyəcək. Bunun üçün biz texniki - peşə təhsilinin yüksək səviyyədə təşkilini təmin etməliyik.

2. Tədris proqramları, xüsusilə də ibtidai siniflər üçün tədris proqramları olduqca mürəkkəbdir. Evdə ibtidai sinif şagirdinə bəzən ali təhsilli valideyini köməklik göstərməkdə çətinlik çəkir. Uşaqları bu qədər yükləmək olmaz. Dərsliklərin keyfiyyəti bütövlükdə çox aşağıdır. Dərsliyi kim yazmalıdır? Dərsliyi orta məktəbi yaxşı bilən müəllim və məhz müəllim yazmalıdır və bu dərsliklər ölkənin ən yaxşı müəllimlərindən ibarət yaradılmış komissiyanın rəyindən sonra işıq üzü görməlidir. Tarix və ədəbiyyata dair dərsliklərimizdə yol verilmiş ciddi nöqsanlar barəsində çoxsaylı faktlar var.

3. İbtidai sinif şagirdlərini hədsiz yükləmək mütəmadi olaraq onların summativ qiymətləndirməsini aparmaq uşaqlarda əsl stres yaşadan hərəkətlərdir. Baxın, Finlandiyada ibtidai sinif şagirdlərinin biliyi qiymətləndirilmir. Daha doğrusu, burada şagirdlər hər hansı bir formada sorğu-suala çəkilmir və onların bilikləri ölçülmür. Bir sözlə, uşaqlar məktəbə gedərkən düşünmürlər ki, ev tapşırığını yerinə yetirmədiyi üçün müəllim ya onu tənbeh edəcək və ya bilyini aşağı qiymətləndirməklə ona cəza verəcəkdir.

4. İbtidai sinif şagirdləri yalnız mürəkkəb tədris proqramlarından əziyyət çəkmirlər. Onların bu gün məktəbə daşıdıqları dərsliklər çox qalın olur, hətta bir kitabın özünün bir neçə əlavə dəftəri, test kitabı, iş dəftəri olur ki nəticədə şagirdin daşıdığı çantanın orta çəkisi 7-8 kiloqram həddində olur. Bu qədər ağır yük azyaşlı məktəbli uşağın fiziologiyasına, onurğa sütununa təsir göstərir. Biz gələcək nəsilləri sağlam yetişdirməyə borcluyuq. Təəssüf ki, bu qədər ciddi məqamları bir çoxumuz dəyərləndirmirik. Uşaq təhsil müddətində hər hansı bir fizioloji travma alacaqsa, onun aldığı təhsili kimə lazımdır?

5. Təhsilimizin bir ciddi problemi də sinifdə şagirdlərin sayı ilə bağlıdır. Düzdür son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Lakin real olan budur ki, hələ də bir sinifdə 35-40 şagirdin olduğu məktəblərimiz var. Belə siniflərdə təhsilin keyfiyyətindən danışmağa dəyməz. Bu şəraiti yaradan əsas səbəblərdən biri də uşaqlar üçün məktəbin seçilməsində yol verilən ciddi yanlışlıqdır. Məsələn, belə faktlar var ki, Bakı şəhərinin mərkəzində yaşayan ailə öz uşağını yaşadığı evin yanındakı məktəbə qəbul etdirə bilməsə də həmin məktəbdə Xırdalandan, Masazırdan, Yeni Günəşlidən və digər uzaq yaşayış məntəqələrindən gələn şagirdlər təhsil alırlar. Bu vəziyyətin kütləviliyi Bakı şəhərində nəqliyyatın hərəkətində də problemlərin yaranmasına səbəb olur.

6. Daha bir problem ölkə əhalisinin böyük bir qisminin yaşadığı Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrindəki məktəblərdə olan rus sektoru ilə bağlıdır. Bu gün yerindən qalxan hər kəs uşağının rus sektorunda təhsil almasını istəyir. Nədən? Heç özü də bilmir. Burada ən ağrılı olan rus dilini bilməyən və ya onu çox aşağı səviyyədə bilən valideynlərin də uşağını rus sektorunda oxumağa qoymaq üçün göstərdikləri canfəşanlıqdır. Rus dili bizim üçün artıq 32 ildir ki, xarici dildir. İndi bizim ölkəmizdə rus dili ingilis, ispan və ya fransız dilindən heç nə ilə fərqlənmir. Bu səbəbdən milli təhsil sistemimizin bu şəkildə rus dilinin ağuşuna atılması bizi ciddi düşündürməlidir. Bu dildə təhsil, digər xarici dillərdəki kimi ödənişli əsaslarla olmalıdır.

7. Dünyanın bir çox ölkələrində mükəmməl təhsil sistemləri var. Biz bir o qədər də çətinlik çəkmədən bu təhsil sistemlərində müsbət olan məqamları Azərbaycanın təhsil sisteminə gətirməkdən çəkinməməliyik. Ən yaxşı orta təhsil sistemi Finlandiya və Yaponiyadadır. Bu ölkələrdə orta təhsil elə bir səviyyədə qurulub ki, onları bizim kimi ölkələr sadəcə götürüb özündə tətbiq etməyə qərar verməlidir və çəkinməməlidir ki, mən kimisə təkrar edirəm. Çoxdan icad olunmuş velosipedlər daha mükəmməl olur…

Qara bazarı kim yaradır? - Fikrət Yusifov

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor,
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR