İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eh, indiki cavanlar” rubrikası

2153 04.01.2023 12:12 Yazarlar A A

 

İki cüvəllağı gədə dahi Üzeyir bəyin abidəsinin üstünə ayaqqabı tayı tullamaqla ölkədə “indiki cavanlar” rubrikasını açıq elan ediblər. Artıq mediada, sosial şəbəkələrdə bu mövzuda xeyli şərhlər verilməkdə, fikirlər səslənməkdədir.

Həmişə olduğu kimi, bu söhbət absurda qədər şişəcək, axırda yekun qənaət belə olacaq ki, “hamımız günahkarıq”, “günah cəmiyyətdədir”, “dövlət təqsirkardır” və sair və ilaxır.

Amma burada elə bir dəhşətli günah və cinayət yoxdur, sadəcə, böyük qəbahət var. Nəinki dahi Hacıbəyova, istənilən abidəyə qarşı elə hərəkət etmək düz deyil. Hörmət eləmirsən, eləmə, tələb edən yoxdur, amma hörmətsizlik də edə bilməzsən.

Bunu edən gənclər o ayaqqabını küçədə duran və yaxud yanlarından keçən adamın üstünə atsaydılar, 10 variantın 7-də şillə-təpik yeyərdilər. Dəmirin, betonun üstünə nəsə atmağa nə var ki.

Xaricdə parklarda, küçələrdə özünü heykəl kimi böyayan və donub duran adamlara dair videolar var, kimsə onlara yaxınlaşanda ani bir hərəkət edirlər, “heykəl”lə təmas qurmaq istəyənlərin zəhri-bağrı yarılır, az qalırlar qəşş eləsinlər.

O gün o gədələr də Üzeyir bəyin abidəsinə ayaqqabı atanda o, həmin ayaqqabını qaytarıb onların təpəsinə çırpsaydı, yəqin o cüvəllağılar qorxularından konservatoriyanın qabağındakı ağacların dibini bəzəyərdilər.

Yenə də bu hadisə “indiki cavanlar” mövzusunu dərinləşdirməyə səbəb vermir. İndiki cavanların çoxu elə deyil. Tikinti meydançaları, alış-veriş mərkəzləri, emalatxanalar, sexlər əlinin qabarı, alnının təri ilə özünə, ailəsinə pul qazanan indiki cavanlarla doludur. Baxırsan, üzünə tük çıxmayıb, 17 yaşında uşaqdır, əkəc-əkəc danışa-danşına motor yığan ustasına kömək edir, biri o tərəfdə maşın yuyur, o biri supermarketdə anbara yük boşaldır, bu biri səhərin alotoranında repetitor yanına gedir ki, yazda 600 civarında bal toplayıb dövlət universitetinə girsin və s. Eləcə də onların minlərlə həmyaşıdı səngərlərdə, vətənin keşiyindədirlər, xidmətlərini başa vurub gələcək, bir işin qulpundan yapışacaqlar.

Təəssüf ki, belələri də var: bütün günü orda-burda sümsünə-sümsünə, hırıldaşa-hırıldaşa gəzirlər, hər şey onların gözünə gülməli görünür, nə ev dərdi çəkirlər, nə ocaq dərdi, şair demişkən əsas dərdləri qönçə dodaqdır, o da indilikdə, başqa bir şair demişkən, kor bəxtlərinə qismət deyil. Axtarsan, elələrinin cibində bıçaq və təsbeh var, çayxanada, tində oturub-durub danışarkən mütləq tanıdıqları (və bunlara üz verməyən) qızları “quş”, onların kişi yaxınlarını “peysər” çıxarırlar. Ana dilində 3-4 yüz söz bilirlər, axırıncı dəfə “Əlifba” kitabını oxuduqlarıdır, ondan sonra kitab arası açmayıblar, musiqi sarıdan qulaq asdıqları meyxanalardır və orada bir meyxanaçının o birinə dediyi “Sənin nənön gəncliyində çox gəzib” misrasını sinədən gələn hayqırtı ilə alqışlayırlar. Həyatlarının ən böyük məqsədi odur ki, “bir baş siqaret” almağa pulları olsun, bir də 3-4 ildən sonra borc-xərc bir “Prius” götürüb “taksavatdıq” eləsinlər.

Onu da deyim ki, belə avara-gor uşaqlar bizim gəncliyimizdə də vardı. Hətta biz çox deyib-güləndə o vaxtın yaşlıları bizi də “indiki cavanlar” qrafasına salırdılar, amma biz qələt edərdik, dahilərin nəinki abidəsinə, heç portretlərinə də yan gözlə baxmazdıq, əksinə, irslərini, əsərlərini oxuyardıq.

Bu yerdə yadıma düşür ki, “bağ uşaqları” sovet vaxtı kəndimizin parkının ortasında Leninə qoyulmuş abidəyə qarşı xoşagəlməz hərəkətlər edirdilər: çıxıb yanında otururdular (həmin yer Stalinin idi, 1956-cı ildən sonra onu götürüb, Lenini beton skamyada tək qoymuşdular), qəzetlə dahi rəhbərin ağzına, üzünə vururdular, hətta axır illərdə vurub sol qıçını da qırmışdılar. Yerli kommunistlər bunu yerli cəbhəçilərdən görürdülər, amma cəbhəçilərin içində cüvəllağı adam yox idi, “bağ uşaqları” etmişdi. Ən pisi o oldu ki, kommunistlər heykəlin qıçını betonla qaydasına salıb, gəlib parkın bu başındakı çayxanada bir qurtum çay içəndə xəbər gəldi ki, “Lenin”in qıçını təzədən qırıblar. Qanqaraçılıq oldu. Ondan 1-2 ay sonra SSRİ də dağıldı.

Dediyim odur ki, avara uşaqlar da həmişə olub, “oxuyan uşaqlar” da, valideynlərinin hesabına veyil-veyil gəzənlər də, 15 yaşından hər cür işlərdə çalışanlar da.

Veyillərin də axırını görmüşük, zəhmətkeşlərin də. Ona görə də heykələ ayaqqabı atan gədələrin hərəkətini çox da ürəyimizə salmayaq. Onlara yüngüvari qulaqburması verilsə, özlərinə yığışacaqlar, verilməsə, əvvəl-axır haradasa (ola bilər ki, içəridə) bunu edənlər olacaq.

P.S. Şəkildə ötən əsrin 70-80-ci illərininin "indiki cavanlar"ıdır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR