İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstan  = ah-fəqanıstan - “Qəni, Xan və Dostum pullarını qablayıb xaricə qaçdılar”

2405 28.10.2023 12:30 Dünya A A

Rusiyada nəşr olunan “Arqumentı i faktı” qəzetinin elektron versiyasında ABŞ hərbi kontingentinin Əfqanıstandan çıxmasına və ölkədə hakimiyyətin “Taliban” hərbi təşkilatının əlinə keçməsinə həsr olunmuş maraqlı yazı dərc olunub. Musavat.com həmin yazını qısa ixtisarlarla təqdim edir.

***

“...43 yaşlı Abdullah Hafiz Əfqanıstan ordusunda keçmiş “serebergemser” (çavuş) olub. Təcrübəli hərbçi ən təhlükəli vilayətlərdən birində - Helmandda 10 il müqavilə ilə xidmət edib. O, illər boyu ABŞ-dan gələn təlimatçılar tərəfindən təlim keçib. "Onlar bizi ən yaxşı avadanlıqlar və ləvazimatlarla təmin etmişdilər", - deyə Abdulla xatırlayır: “Ən son formalar, silahlar, zirehli maşınlar, snayper tüfəngləri, gecəgörmə cihazları. “Taliban”la döyüşlər, onların necə vuruşduqları məni təəccübləndirirdi. Yalın ayaqlarla, sandalda, cır-cındırda, paslı pulemyotlarla. Onların bizi heç vaxt məğlub edə bilməyəcəklərini düşünürdüm”.

af-4.jpg (188 KB)

Hafizin sözlərinə görə, problemlər 2018-ci ildə, ABŞ-ın Qətərdə “Taliban”ın təmsilçiləri ilə danışıqlara başlayan kimi yaranıb: “Maaşlarda gecikmələr başladı. 2021-ci ildə yanvar ayından etibarən nə maaş alırdıq, nə də bizə ərzaq payı verilirdi. Biz öz başımıza buraxılmışdıq. Avqustda “taliblər” bölməmizi mühasirəyə aldılar və dedilər ki, uşaqlar, silahlarınızı qoyun, evinizə dağılışın. Hətta onlar evə getməyimiz üçün bizə pul ödədilər! Bax, belə bir biabırçılıqla üzləşdik. ABŞ, sadəcə olaraq, bizi təslim etdi!”

Daha sonra AiF-in əməkdaşı Əfqanıstanın keçmiş ordusunun zabitləri ilə söhbət edib. Onlar Amerikapərəst rejimin süqutunda kimlərin günahkar olduğundan danışıblar.

“...38 yaşlı Mahmud Nurəddin Heratda quru qoşunlarının kiçik leytenantı olan “dreyom baridman” rütbəsində xidmət edib. O, hökumət hissələrində tüğyan edən dəhşətli korrupsiyadan danışır: “Pullar daim oğurlanırdı və bu, norma hesab olunurdu. Hər kəs hələ də təəccüblənir - 75 min “Taliban” döyüşçüsü Əfqanıstanın təhlükəsizlik qüvvələrinin, əsgərlərinin və polisin 300 minlik ordusunu necə məğlub edə bildi? Ancaq məgər sıralarımızda bu qədər hərbçi var idi? Sanki biz xəyalət ordusuyduq. Mənim batalyonumda rəsmi olaraq 520 nəfər var idi, amma əslində xidmətdə iki yüz nəfərdən az idi. Komandirlər bu əsgərlərə maaş almaq və ciblərinə qoymaq üçün “ölü canlar” yaradırdılar. Onlar zirehli texnikanı narkotik alverçilərinə satırdılar, sonra isə onları “Taliban” tərəfindən vurulubmuş kimi silirdilər. Xidməti sursatlar və benzin kütləvi şəkildə qara bazarda satılırdı və oradan da “Taliban”a gedirdi. Bəzi hərbi bazalar heç tikilmədi - onlar yalnız kağız üzərində qaldı: onların tikintisi üçün ayrılan pul amerikalı podratçılar və Əfqanıstan ordusunun generalları arasında bölünmüşdü. "Əfqanıstan trilyonlarla dolların yoxa çıxdığı “acgöz qara dəlik” kimi fəaliyyət göstərirdi".

af-2.jpg (203 KB)

...Əfqanıstan hərbi hava qüvvələrinin 60 yaşlı mayoru Rafik Xeyrullah (ad dəyişdirilib – müəllif) SSRİ-də təhsil alıb. İndi o, Məzari-Şərif bazarında bağında yetişdirdi tərəvəzi satır, diqqəti özünə cəlb etməməyə çalışır. O deyir: "Ümumiyyətlə, “Taliban” axmaq, cır-cındır fanatiklər kimi qəbul edilir, amma əslində onlar təbliğatı çox yaxşı təşkil ediblər. Onların motivasiyası var idi, bizim yox. Onlar publika üçün yaxşı işləyirdilər. Məsələn, yaraqlıların mövqelərini bombalayan pilotları güllələyirdilər. Onları öz evlərində, ailələrinin gözü qarşısında öldürürdülər. Hökumət hər pilota təhlükəsizlik təyin edə bilməzdi. İnsanlar hərbi hava qüvvələrini tərk edirdilər, təyyarələri idarə edəcək heç kim yox idi. Hamı bilirdi ki, amerikalılar üçün işləsən, onlar sənin dalınca gələcəklər. “Taliban”ın aydın strukturu, birliyi, təşkilatı vardı - amma bizdə hərc-mərclik idi. Əgər bir əsgər “Taliban”la atışmada ölübsə, onun ailəsi birdəfəlik təzminat alırdı - vəssalam. “Taliban” öz “şəhid”lərinin ailələrinə ömürlük dəstək verir və onlara az, lakin sabit maaş təyin edirdi. Sonda hamı belə qənaətə gəlmişdi ki, amerikalılar getsə, hər şey dağılacaq. ABŞ özü də “Taliban”ın Milad gününə qədər Kabildə olacağını proqnozlaşdırmışdı. Yaxşı, əgər belədirsə, niyə mübarizəni davam etdirirsən?”

...Əfqanıstanın tank batalyonunun kapitanı, hazırda Qunduzda yaşayan Məhəmməd Beheşti "Taliban”ın hamıya rüşvət verdiyini idda edir. “Bu, böyük, unikal maliyyə əməliyyatı idi. Onlarla əfqan generalı rüşvət aldıqdan sonra diviziyalarını tərk edib. Mənim bazamdakı tanklar nə hərəkət edə, nə də atəş aça bilirdi – “Taliban”ın hücumunun qızğın vaxtında mənim nə benzinim, nə də mərmilərim var idi. Onlara necə müqavimət göstərmək olardı? Diqqət edin ki, həm keçmiş prezident Əşrəf Qani, həm də İsmayıl Xan və Rəşid Dostum kimi komandanlar çamadanlarla pulu qablayıb Türkiyə və Dubaydakı dəbdəbəli villalarına getmək üçün Əfqanıstanı necə tərk etdilər. “Taliban” onlara müdaxilə etmədi. Başqa bir sual budur ki, onlara pulu kim ödəyib? Mənim fikrimcə, bu, “Taliban” və ABŞ arasında razılaşmadır. Amerika onların hakimiyyətə gəlməsini maliyyələşdirdi və ölkədən qaçan amerikalılara bir güllə belə atmadılar. Hökumətin öz-özünə dağılmasına inanmıram”.

af-3.jpg (196 KB)


...Ən maraqlısı odur ki, bütün keçmiş əsgərlər bu süqutun baş verəcəyini bildiklərini iddia edirlər və Kabilin “Taliban” tərəfindən tutulması onlar üçün sürpriz olmayıb. Hərbçilər maaş almayıb, benzin və sursatdan məhrum edilib, ailələri isə “Taliban” yaraqlılarının təhdidləri qarşısında müdafiəsiz qalıb. Əvvəllər Şerxan-Bəndar keçid məntəqəsində (Tacikistanla sərhəddə) xidmət etmiş 24 yaşlı “jondi” (sərhədçi) Əli Ubeydullah deyir: “Mən özümə haqq qazandırmıram. Biz “Taliban”dan çox idik. Amma hiss edirdim ki, hər şey artıq qərarlaşdırılıb. “Taliban” qan tökmədən Cövuzcan vilayətinin mərkəzini ələ keçirən kimi, bir həftə ərzində hamı təslim oldu. Ya döyüşə girib ölürsən, ya da avtomatı yerə qoyub evə gedirsən. Dostum Baqlan döyüşündən sonra “Taliban” tərəfindən əsir götürüldü və başı kəsildi. O, niyə öldü? Mənim kimi təslim olsaydı, daha yaxşı olardı. “Taliban” bizə yol üçün yemək aldı. Bizdə qida belə yox idi, iki gün heç nə yeməmişdik - komandirlərimiz hər şeyi oğurlamışdı. Kabilə raport verən bir zabit tanıyırdım, hər gün yazırdı ki, onun hissəsi iyirmi-qirx “talib” öldürüb, amma əslində bir güllə belə atmırdı: o, sadəcə mükafat almaq istəyirdi. Müasir Əfqanıstan ordusunun gücü yalnız kağız üzərində idi. Onu yüz il əvvəl şuravilərlə döyüşən, lakin o vaxtdan bəri bütün bacarıqlarını itirmiş və korrupsiya bataqlığına düşmüş qocalar idarə edirdi”.

af1.jpg (183 KB)

...2012-ci ildə NATO-nun o zamankı baş katibi Anders Foq Rasmussen müsahibə verərək demişdi: “Biz Əfqanıstan ordusunu hazırlamışıq, o, güclüdür və mən zəmanət verirəm ki, “Taliban” geri qayıtmayacaq”. ABŞ və Aİ strukturlarının rəsmiləri səmimi şəkildə inanırdılar ki, “daha çox pul tökmək və onun hara getdiyinə göz yummaq” sistemi Əfqanıstanı “Taliban” tərəfindən ələ keçirməkdən qorumağa kömək edəcək. Nəticədə, bütün dünyanın canlı izlədiyi biabırçılıq olduğu ortaya çıxdı. Ümid edirəm ki, nə vaxtsa Kabildəki Amerikapərəst rejimin süqutunu əsas səbəbinin nə olduğu məlum olacaq - korrupsiya, düşmənin savadlı təbliğatı və ya ABŞ və “Taliban” arasında “arxa qapı” sövdələşməsi. Yalnız bir şey aydındır: NATO və Dövlət Departamentinin uzaqgörənlik qabiliyyəti dəqiq yoxdur.

Hazırladı: Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR