İnsanlara hürriyət, millətlərə istiqlal!

Əflatun Amaşov Venesiya Komissiyasının rəyinə reaksiya: “Avropalıların niyyəti bir az saf olsaydı..."

959 21.06.2022 18:15 Media A A

“Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” qanunla bağlı rəy verib. Rəy, gözlənildiyi kimi, mənfidir. Nəyə görə VK-nın rəyinin gözlənilən olduğuna aydınlıq gətirməzdən əvvəl deyim ki, yeni qanun təkmildir, günümüzün tələbləri ilə səsləşir”.

Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Venesiya Komissiyasının Azərbaycandakı media qanununa verdiyi rəyə münasibət bildirərkən deyib. Musavat.com-a danışan qurum sədri qeyd edib ki, Avropa Şurasının Venesiya Komissiyası özünü Azərbaycanın media ictimaiyyətinin maraq və mənafelərindən irəli gələn məsələlərə veto qoymaq ab-havasına kökləyib:

“Bir vaxtlar oxşar addım diffamasiya ilə bağlı qanun layihəsinə münasibətdə də atılmışdı. Azərbaycan Mətbuat Şurası tərəfindən hazırlanmış layihə komissiyada narazılıq doğurmuşdu. Halbuki sənəd dövlətin, cəmiyyətin və jurnalistlərin istəklərinin uzlaşdırılması baxımından həmin, elə indiki vaxt üçün də ən kompromiss variant idi. Ən əsası orada real durum nəzərə alınmışdı. Avropalılar bir az düşünsəydilər, niyyətləri saf olsaydı, sənəddəki ayrı-ayrı məsələlərin üzərinə yenidən qayıtmaq şansı yaranardı. Təəssüf ki, buna gedilmədi və nəticə etibarilə Azərbaycanda faktiki mövcud diffamasiya mühiti hüquqi müstəviyə keçmək yolunda dəstək qazanmadı. Halbuki qanun qəbul edilsəydi, bundan bütün tərəflər uduşlu çıxacaqdı. Görünür, “Azərbaycanda diffamasiya dekriminallaşdırılmayıb” deyərək hay-küy qaldırmaq daha uduşlu variant sayıldı ki, heç şübhəsiz, bu, siyasi maraqları ödəmək tapşırığıydı.

Əslində “Media haqqında” qanuna verilən rəy də siyasi mahiyyət daşıyır. Qanun çoxsaylı müzakirələrdən keçib, cəmiyyətin maraq və mənafelərini əks etdirir. Cəmiyyət nə istəyir? KİV məkanında nizam-intizam mühitinin formalaşmasını nəinki istəyir, həm də arzulayır. Cəmiyyət arzulayır ki, jurnalistika kimi həssas peşə hər adam üçün əlçatımlılıqdan çıxsın, bu işlə peşəkarlar, sözə dəyər verənlər, sözü spekulyasiya predmetinə çevirməyənlər məşğul olsunlar. Kütləvi informasiya vasitələri ilə bağlı şikayətlərə baxılmada effektiv yanaşmanın, real təsir mexanizmlərinin tətbiqi də cəmiyyətin mənafelərinə uyğundur.

Vaxtilə media ictimaiyyəti Mətbuat Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayarkən, Şuraya əlavə səlahiyyətlərin verilməsini arzulayarkən məhz bu dediklərimi əsas tutmuşdu. Axı hamı görürdü ki, ictimai qınaqla məhdudlaşmaq yetərsizdir. Nəzərə alaq ki, “Media haqqında” qanundakı bir sıra müddəalar ictimai qınağın yetərsizliyindən irəli gələn sosial sifarişdir.

Venesiya Komissiyasının rəyindəki “Media Council-in fəaliyyəti gücləndirilməlidir” fikrinə də münasibət bildirmək istərdim. Əslində az əvvəl bu barədə söz açdım. Bir qədər konkretləşdirim. Çünki Mətbuat Şurasının sədri olaraq bu fikri irad kimi qəbul edirəm.

Mətbuat Şurası klassik ənənələrə malik qurumdur. Dünyanın bir çox ölkələrində bənzər təşkilatlar fəaliyyətdədir. Şuranın başlıca missiyası medianın özünütənzimləməsidir. Bu tənzimləmə hüquqi müstəvidən kənardır. Yalnız peşə etikasının tələblərinin gözlənilməsini rəhbər tutur.

Təbii ki, KİV-lərlə bağlı şikayətləri araşdırarkən peşə etikası pozuntularının bir çox hallarda hüquqi pozuntu mahiyyəti daşıdığını aşkar görürük. MŞ olmayanadək biz məhkəmələrdə jurnalistlərlə əlaqədar iddiaların nə qədər çox olduğunu da müşahidə etmişik. Eləcə də çoxsaylı cərimə qərarlarının çıxarılmasını.

O zamanlar məhkəmələr yüklənirdi, ən əsası statistika yanlış təsəvvür formalaşdırırdı. Sanki Azərbaycan jurnalistlərin daha çox məhkəmələrlə üzləşdiyi, cərimələndiyi ölkədir. Əlbəttə, həmin vaxtdan bəri təsəvvürlər, baxışlar dəyişib, bir sıra mənfi meyllər zamanın təsiri ilə sıradan çıxıb, amma heç onda da ölkəmizdəki media-məhkəmə oxunda acınacaqlı mənzərə nəzərə çarpmırdı. “Fəlakət mənzərəsi”nin kimlər tərəfindən, hansı məqsədlə formalaşdırılması isə hamıya yaxşı məlumdur.

Mətbuat Şurası, belə demək mümkünsə, fəlakət hayqırtılarını susdurdu. Şura KİV-lərlə əlaqədar problemlərin məhkəməyəqədərki həll mexanizmi olaraq jurnalistlərin özləri tərəfindən formalaşdırıldı. Yəqin müqayisə yerinə düşər, baxın indi vətəndaşların problemlərinin məhkəməyədək həlli mexanizmi kimi Mediasiya Şurası var. Mediatorlar kifayət qədər səmərəli işləyirlər. Onların sayəsində neçə-neçə konflikt, mübahisə, anlaşılmazlıq yoluna qoyulub. Bu, həm də cəmiyyətdəki gərginliyi yumşaltmaq vasitəsi olaraq mütərəqqi əhəmiyyət daşıyan yoldur. Mətbuat Şurası da ötən illər ərzində məhz bu şəkildə işlədi. Narazı, hətta bir-birinə tam zidd tərəflər arasında barışıq mühiti formalaşdırdı. MŞ eyni fəaliyyəti davam etdirməkdədir. Bu modelə dəyər verməməyin, hansısa alternativlər axtarmağın mənasızlığı ciddi dərk edilir. Qanun medianın dövlətsizləşdirilməsi xəttindən uzaqlaşmaq niyyəti deyil.

Əvvəldə də dedim, biz MŞ-nin iş prinsipi kontekstində yalnız ictimai qınağın yetərsizliyini gördük. Ancaq yetərsizlik effektivsizlik və səmərəsizlik deyildi. MŞ-nin gördüyü iş hamıya yaxşı məlumdur.

Daxildəkilərə də, xaricdəkilərə də. “Media haqqında” qanun isə əslində yetərsizliyi aradan qaldırmaqla yanaşı, ümumən KİV qanunvericiliyini təkmilləşdirmək, texnoloji yeniliklərin gətirdiyi özəllikləri nəzərə almaq, ümumən media məkanında səliqə-sahman yaratmaq zərurətini ödəmək niyyət və məramından irəli gəlir. Bu, yalnız təqdir olunmalıdır. Və bu məram və niyyətin real nəticələr verməsi üçün qanunun icrasına həssas yanaşmaq mütləqdir. İnanıram ki, belə də olacaq”.

Xatırladaq ki, Avropa Şurasının konstitusiya qanunu üzrə ekspertlərindən ibarət Venesiya Komissiyasının iyunun 20-də dərc etdiyi rəydə qeyd olunub ki, “Azərbaycanın yeni Media Qanunu həddən artıq məhdudlaşdırılmış müstəqil jurnalistika və media mühiti fonunda “buxovlayıcı təsir” göstərəcək”. Rəy komissiyanın ötən həftəki plenar iclasında Avropa Şurasının İnsan Haqları və Hüququn Aliliyi üzrə Baş Direktorluğu ilə birlikdə qəbul edilib.

Venesiya Komissiyası bildirir ki, “Qanun Azərbaycanın media sektorunda demək olar hər şeyi, o cümlədən onlayn medianı tənzimləyə çalışır”, “medianın özünün ictimai keşikçi rolunu icra etməsinə gərəkən şərait yaratmaq əvəzinə medianın fəaliyyətini məhdudlaşdırmağa fokuslanır”. Rəydə deyilir ki, qanunun bir çox maddələri Avropanın ifadə və media azadlığı standartlarına uyğun deyil, ona görə də Qanun indiki formada yerinə yetirilə bilməz.

Qanun bu il fevralın 8-də prezident tərəfindən imzalanaraq qüvvəyə minib, ancaq bir sıra maddələri avqustun 8-dən tam həyata keçiriləcək, audio-vizual mediaya lisenziyalar veriləcək, Media Reyestri tam işə düşəcək. Venesiya Komissiyası Azərbaycan hakimiyyətini təcili olaraq media orqanları təsis etmək üçün aşırı məhdudiyyətləri, o cümlədən xarici mülkiyyət və xaricdən maliyyələşmə ilə bağlı tələbləri ləğv etməyə çağırır.

Qeyd olunur ki, hökumət ya Media Reyestrini, ya da jurnalistlər və media qurumlarının bu reyestrə salınması üçün aşırı məhdudlaşdırıcı şərtləri, jurnalistlər üçün akkreditasiya sistemini ləğv etsin.
Venesiya Komissiyası hesab edir ki, platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməli, çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır.

Venesiya Komissiyası Mətbuat Şurasının mövcud modelinə Avropa standartlarına uyğun dəyişikliyi, onun müstəqil tənzimləyici orqan kimi fəaliyyətini təmin etməyi vacib sayır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR