İnsanlara hürriyət, millətlərə istiqlal!

ƏDƏBİYYATIMIZIN GİZLİ SƏHİFƏSİ - Qənirə Paşayeva yazır

931 19.01.2023 16:29 Mədəniyyət A A

Musavat.com Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edir.

Dünyadan, taleyindən incik, rəncidə olması onun “Rəncur” təxəllüsü seçməsinə səbəb olmuş, qəm motivinin üstünlük təşkil etdiyi kövrək, nisgilli şeirlərini bu imza ilə yazmışdı. Zəmanəsindən gileyli olan şairin böyük istedadı olsa da, adına ədəbi qaynaqlarda tez-tez rast gəlinmir, yaradıcılığı haqqında geniş bəhs edilmir. Bu yaradıcılığı ədəbiyyatımızın qapalı, gizli qalan səhifəsi də hesab etmək olar. Amma şairin bu günümüzə gəlib çatan şeirləri özünəxas dəst-xəttindən, yaradıcılıq üslubundan və dünyagörüşündən xəbər verir:

Əfv qıl, ya rəbbanə, hər dəm dili-divanəmi
Cürmü üsyan ilə gördüm, yaxşı halın görmədim.

Dər cahan, əlhəmdülilləh, xəsteyi-Rəncurənin
Mədhi-şahından səvayi bir kəlamın görmədim.

XIX yüzildə yaşayıb-yaradan Şahnigar xanım Rəncurun həyat və yaradıcılığı, ədəbi fəaliyyəti yetərincə öyrənilməmişdir. Firidun bəy Köçərli onun haqqında qeyd edeirdi ki, “Qazax şüərasının naziktəblərindən birisi hesab olunur”. Təxəllüsü Rəncur olsa da, Qazaxda daha çox “Mollaxanım” ləqəbi ilə tanınırdı. Qazax şəhərinin yaxınlığındakı Äğköynək kəndində dünyaya göz açan Şahnigar xanım bütün Qazax mahalında bu ləqəblə şöhrətlənmişdir. O, həddindən artıq mömin və etiqadlı, ismətli və həyalı bir qadın olduğundan, vaxtının çoxunu ibadətdə keçirdiyindən xalq ona “Mollaxanım” ləqəbini vermişdi.

Nəqşibəndi təriqətinə mənsub olan şair şeirlərinin çoxunu öz mürşidi Hacı Mirhəmzə Əfəndiyə – Seyid Nigariyə xitabən yazmışdır. Rəncurun yaradıcılığında münacat, mərsiyə önəmli yer tutur, qəzəlləri isə sayca azlıq təşkil edir. O, Seyid Nigarinin müridlərindən olduğunu şeirlərində aydın şəkildə hiss etdirir, onunla məsləkdaşlığını, ilahiyyat və mənəviyyat aləminə bağlılığını bildirir. Şahnigar xanımın əsərləri bütöv şəkildə əldə olmasa da, çağdaş dönəmə gəlib çatan şeirləri və yaşadığı dövrün görkəmli ədiblərinin onun haqqında fikirləri bu şairin istedadı və ədəbi mövqeyi haqqında müəyyən təəssürat yaradır.

Şahnigar xanımın şeirlərinin bir qismi isə Firudun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabında qorunaraq saxlanmışdır. Qaynaqların verdiyi bilgiyə görə, Şahnigar xanım dərin elm sahibi olmasa da, böyük istedadı ilə tanınıb. Onun klassik şeirin müxtəlif janrlarında yazdığı əsərlər sevilərək oxunub. Münacat, mərsiyə və qəzəlləri yaradıcılıq özünəməxsusluğunu əks etdirən şairin öz siması isə klassik poeziyamızın gözəl lirik qəhrəmanlarını xatırladır.

Həm zahiri, həm də daxili-əxlaqi gözəlliyi ilə bu gün də oxucusunu heyran edən Şahnigar xanımın əsil adı Şahnigar Qiyasbəyli olmuşdur.

Şahnigar xanım 1850-ci ildə Qazax mahalının Ağköynək kəndində tanınmış ailələrdən birində, Qiyasbəyovların ocağında anadan olub. Atası Kazımağa Qiyasbəyov dövrünün və mahalının hörmətli şəxslərindən idi. Şahnigar xanım təlim-tərbiyə və təhsilini qardaşı Hacı Məhəmməd ağadan alıb.

Paşa ağa Dilbazov adlı şəxslə ailə həyatı qurmuş, lakin ərinin vaxtsız ölümü xoşbəxtliyini erkən sonlandırmış, onu sonsuz kədərə qərq etmişdir. Həyat yoldaşı Paşa ağanın və yeganə qızı Abihəyat xanımın vəfatından sonra dərd, qəm yüklü şeirlər – mərsiyyələr qələmə almışdır. Firidun bəy Köçərli milli ədəbiyyat tariximizdən bəhs edən tədqiqatında Şahnigar xanımın çox gənc yaşında dul qaldığını, əri dünyadan köçdükdən sonra bir daha evlənmədiyini qeyd edir. “Azərbaycan yurd bilgisi” jurnalındakı məqaləsində Mustafa Fəxrəddin də Şahnigar xanımın Ağa adında bir oğlunun da olduğunu yazmışdır.
Şahnigar xanım Rəncur 1899-cu ildə Qazaxda vəfat etmişdir. Son illərdə Şahnigar xanımın məzarı Qiyasbəylilərin mülk kəndləri olan Ağköynək kəndindəki ailə məzarlığında tapılmışdır.

Şahnigar xanımın “incik, narahat, dərdli, rəncidə” mənasını verən Rəncur, Rəncuri, Mürdə Rəncur təxəllüsləri ilə yazdığı şeirlər XIX yüzil Azərbaycan ədəbiyyatının dəyərli inciləridir. Firidun bəy Köçərli xüsusi vurğulayır ki, bu təbi rəvan, əksər yazdıqları münacat, mərsiyə, maddeyi-tarix və dostları arasında meydana gələn əsərlərdən ibarət olan şair gözəllərin vəsfinə həsr edilmiş qəzəllər yazmayıb. Bunun səbəbi isə Şahnigar xanımın öz çağdaşı, Qarabağlı alim, fazil, şair, Nəqşibəndi şeyxi Mir Həmzə Nigarinin müridlərindən olması ilə izah edilir.
“Camalı haqq-nüma bir mürşidi-kamil Nigarım var” deyən Şahnigar xanımın şeirlərini diqqətlə oxuduqda onun Şeyx Nigari ilə davamlı surətdə məktublaşdığı aydın olur. Çünki, Nigarinin də şeirləri arasında Rəncur xanıma cavab şəklində, yaxud da əksinə, onun özünə ünvanlanmış beytlərinə rast gəlirik. Şair o vaxtlar Amasiyada mühacirət həyatı yaşayan Şeyx Həmzə Nigarini onun xas müridlərindən olan, “ustadi kibarım” dediyi Hacı Mahmud əfəndi vasitəsilə tanımışdır. Bu haqda şair özünün bir qəzəlində yazır:

Necə təqrir edim vəsfin kamalı aləmə məşhur,
Camalı haqq-nüma bir mürşidi-kamil Nigarım var.
Siyəh-ru xəstə Rəncuram əlim daməni-pakında,
Nə qəm Mahmud əfəndi tək bir ustadı-kibarım var.

Başqa bir qәzәlindә artıq tәәssüf edir ki, öz mürşidi-kamili olan Nigarinin surətini görmək, dәrgahi-pakına üz sürtmәk, әlini-ayağını öpmәk, müridlәri dairәsindә “hu-hu” deyib, mәstü laübali olmaq ona müyәssәr olmadı:

Ey dәriğa kim, o şahın mәh camalın görmәdim,
Üz sürüb dәrgahına, ruxsari-alın görmәdim.

Ötmədim kuyində hər şəb ta səhər bülbül kimi,
Yetmədim məqsudə bir dəm, gül vüsalın görmədim.

Dəsti-pakin bus edib, həm hər tərəf “hu-hu” deyə,
Seyr edən sərməsti-rindi-laübalın görmədim.

Bu qəzəlindən də göründüyü kimi, Şahnigar xanım Nigari əfəndiyə qarşı qaibanə, ilahi bir məhəbbət bəsləmiş, əksər şeirlərini ona həsr etmişdir. Qaynaqlarda Şahnigar xanımın Mir Həmzə Nigariyə bəslədiyi məhəbbətlə bağlı bir hekayədən bəhs olunur. Bu rəvayət Qazax əhalisi arasında indiyədək eşidilməkdədir. Deyilənə görə, Şahnigar xanım Nigari həzrətlərinə qarşı ifratkar sevgisini ifadə etmək üçün ona öz əli ilə bir səccadə toxumuş, üzərinə də pirinə həsr etdiyi şeiri işləmişdir. Şeyx Həmzə Nigari bu hədiyyədən çox təsirlənmiş, sevinmiş, bütün ömrü boyu o səccadə üzərində namaz qılmışdır. Seyid Həmzə Nigarinin vəfatından sonra bu səccadə zövcəsi Lütfiyə xanım tərəfindən Trabzonda saraylı xanımlardan birinə hədiyyə edilmişdir. Səccadənin üzərinə yazılmış şeir təsbit edilməmişsə də, şeyxin təsirlənərək təşəkkür mahiyyətində cavab olaraq yazdığı beytlər hədiyyənin nə dərəcədə qiymətli – “töhfeyi – pirayə” olduğunu göstərməyə kifayət edir:

Nigarı-nazəninim fərşi-bəzm-arayə göndərmiş,
Nigarın eyləmiş rəng-tərin şeydayə göndərmiş.

Seyid Həmzə Nigari Şahnigar xanımın böyük ustadı, sənət müəllimi idi. Ulu mənəvi rəhbər, əvəzsiz bir sənətkar, bənzərsiz qələm sahibi hesab etdiyi ustadının yaradıcılığından bir çox sənətkarlıq keyfiyyətləri əxz edən Şahnigar xanım, bu dəst-xətti öz şeirlərində davam etdirib. Seyid Nigari şeirlərinə xas olan poetik təkrirlər, bədii səliqə, ritm ahəngi Şahnigar xanımın da şeirlərində özünü biruzə verir. Yatımlı ahəngi ilə diqqəti çəkən, zəngin zikr və vird musiqisi hopan bu misralar oxucuda xoş ovqat yaradır:

Ol dəm ki, bən səndən cüda, biganə mən, biganə mən,
Olsam əcəbmi, ey gözüm, divanə mən, divanə mən.
Sürdüm yüzüm dərgahına, qıldım səna Allahına,
Ərz eylədim əhvalimi sultanə mən, sultanə mən.
Hərçənd ki, qüsurluyam, mən bu dərgahın quluyam,
Acizəm, yetim Rəncuriyəm, loğmanə mən, loğmanə mən.

İrfani şerlər müəllifi Şahnigar xanımın iki yüzə yaxın şeiri var. “Divan”ı olmuşsa da, vərəqləri pәrişan və sökülüb dağılmışdır… Şairin münacat vә qәzәllərindən başqa bir neçә rübai, müxәmmәs, müsәddәs və saqinamәlәri dә vardır ki, bunlar da aydın vә rәvan dildə yazılmış poetik örnəklərdir. Sevgi, eşq, ürfani duyğuları tərənnüm edən bu şeirlərdə həyatın hər üzünü – sevincini də, qəmini də görmək mümkündür:

Nә bәxtim var, nә dә biqәm,
Nә әladır, nә bәxtim kәm,
Nә şad oldum, nә çeşmim nәm,
Nә rüsvayi-cahanәm mәn.

Yaxud:

Aludeyi-gülzarəm, dillərdəki göftarəm,
Sanmaz məni kim, xarəm, gülzar nədir bilməm.

Aludeyi-həmsayəm, düşməz dərinə sayəm,
Çün şeirdürur mayəm, göftar nədir bilməm.

Bir sıra qaynaqlarda İsmayıl Şıxlının “Dəli Kür” əsərindəki şux təbiətli (eyni zamanda, həyatı faciə ilə bitən) Şahnigar (Cahandar ağanın bacısı) obrazını Şanhigar xanım Rəncurun prototipi hesab edirlər. Şairin həyatının bir çox faktlarının “Dəli Kür” qəhrəmanı ilə eynilik təşkil etməsi bu ehtimala inanmağa əsas verir.

Ədəbiyyatımızın gizli, sirli səhifəsi olaraq qalan Şahnigar xanım Rəncur yaradıcılığının daha geniş və sistemli tədqiqatlara ehtiyacı var. Bu dəyərli yaradıcılığın dərindən, hərtərəfli öyrənilməsi kökləri Füzuli fəlsəfəsinə bağlanan qiymətli bir bədii irsi ədəbiyyat tariximizə daha dərindən qazandırmış olardı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR