İnsanlara hürriyət, millətlərə istiqlal!

Edam yerinə xərəkdə aparılan general – Smuşkeviçin həbsində Vasili Stalinin də rolu olub  

2611 11.11.2022 14:20 Yaxın tarix A A

 

O, SSRİ-də Sovet İttifaqı qəhrəmanı adını alan ilk yəhudi, eyni zamanda bu adı ikinci dəfə alan ilk hərbçilərdən biri olub. Yakov Smuşkeviç çox qısa illər ərzində sovet hərbi aviasiya tarixinə böyük imzalar atıb.

Marşal Georgi Jukov sonralar hərbi təyyarəçi haqqında təəssüratlarını belə bölüşüb:

“Mən tez-tez hərbi pilotlarımızı əsgəri minnətdarlıqla xatırlayıram. Hərbi pilot dəstələrinin komandirlərindən biri də Yakov Smuşkeviç idi. O, son dərəcə təvazökar insan, bacarıqlı komandir və prinsipial kommunist idi. Smuşkeviçin yüksək peşəkarlığı isə ayrıca bir mövzunun söhbətidir. Onu bütün pilotlar sevirdilər, həm komandir, həm də bir insan kimi...”

1902-ci ildə Litvanın Rokişkis şəhərində yəhudi ailəsində anadan olan Smuşkeviçin 13 yaşı olanda ailə Voloqdaya köçüb. Orta təhsilini başa vurduqdan sonra o, 1919-cu ildə, 17 yaşında hərbi xidmətə çağırılıb, vətəndaş müharibəsində iştirak edib.

Smuşkeviç 1920-ci ildə bolşeviklər partiyasının üzvü olub və o, xidmətini 144-cü motoatıcı alayda davam etdirib. 1922-ci ildə Smuşkeviçin xidməti yerini dəyişdirərək Smolenskdə aviasiya briqadasında partiya işi təşkilatçısı vəzifəsinə təyin ediblər. Məhz bu briqadada o, pilotlar kursu keçərək ilk uçuşlarına başlayıb. Bununla da onun hərbi pilot karyerası başlanıb.

Smuşkeviç xidməti illərində Kaçinsk Hərbi Təyyarəçilər məktəbində təhsil alıb. Bu təhsilindən sonra onu 2-ci aviasiya briqadasının komandiri təyin ediblər. Altı ay ərzində o, briqadanı Hərbi Hava Qüvvələrinin ən nümunəvi briqadasına çevirməyə nail olub.

1936-cı ilin noyabr ayından 1937-ci ilin iyununa qədər Smuşkeviç İspaniyadakı vətəndaş müharibəsində iştirak edib. O, “general Duqlas” təxəllüsü ilə İspaniyanın respublikaçılar hökumətində aviasiya üzrə baş hərbi müşavir vəzifəsini daşıyıb. Vəzifə ranqına baxmayaraq Smuşkeviç dəfələrlə döyüş uçuşları da həyata keçirib.

İspaniyadakı xidmətlərinə görə Smuşkeviç Moskvada ən yüksək mükafatla, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib.

İspaniyadan qayıtdıqdan sonra qəhrəman pilot Frunze adına Hərbi Akademiyada təkmilləşdirmə kurslarını bitirib və Hərbi Hava Qüvvələri baş idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Smuşkeviç mütəmadi olaraq mətbuatda hərbi aviasiya işinin təşkili ilə bağlı yazılarla çıxış edib. Bu yazıların bəzilərində hərbi strukturla bağlı sətiraltı  tənqidlər də yer alıb. Sözsüz ki, bu da yüksək ranqlı hərbi vəzifəlilərin heç də xoşuna gəlməyib.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1939-cu il tarixli fərmanı ilə Smuşkeviç Xalxin-Qol çayında yapon işğalçıları ilə döyüşlərdə göstərdiyi şücaətə görə ikinci Qızıl Ulduz medalı ilə təltif edilib. Monqolustan hökuməti isə onu Monqolustan Xalq Respublikasının “Qırmızı Bayraq” ordeni ilə təltif edib.

1939-cu ildə İosif Stalinin təşəbbüsü ilə general-leytenant rütbəsi alan Smuşkeviç Hərbi hava Qüvvələrinin baş komandanı vəzifəsinə təyinat alıb.

Smuşkeviçin uğurlu hərbi karyerasına 39 yaşında son qoyulub və bu acı sonluqda 19 yaşlı Vasili Stalinin də rolu az olmayıb. 1940-cı ildə 24-cü aviasiya diviziyasının komandiri Nikolay Sbıtov aviasiyada istifadə olunan M-63 mühərriklərinin istismara yaramadığını və bu məsələyə Smuşkeviçin laqeyd münasibətini komandanın qəsdən və qərəzli münasibəti kimi dəyərləndirərək Kremlə dəfələrlə yazılı müraciət edib. Müraciətlər bir müddət cavabsız qalanda Sbıtov həmin ərəfədə Moskva Hərbi Dairəsinin 57-ci aviasiya briqadasında kiçik təyyarəçi kimi xidmət edən Vasili Stalinə yol tapıb və onun vasitəsilə Sbıtov Smuşkeviç haqqında yazdığı məktubu İosif Stalinə çatdırıb.

Stalin Smuşkeviçin əleyhinə yazılmış və oğlu vasitəsi ilə ona çatdırılmış məktuba ciddi reaksiya verib və qəhrəman pilotun fəaliyyətinin araşdırılması haqqında göstəriş verib. Bu iş “NKVD”-yə həvalə olunub. Onu da qeyd edək ki, Smuşkeviçin bu hadisəyə qədər bir neçə dəfə “NKVD” əməkdaşları ilə mübahisəli münasibətləri olub. Belə ki, o, hər yerdə varlığını sübut etmək istəyən “NKVD”-yə Hərbi Hava Qüvvələrinin işinə müdaxilə etməyə imkan verməyib. Təbii ki, bu da Lavrenti Beriyanın yaddaşında “xüsusi” yer tutub.

Beləliklə, araşdırmalar başlanıb. “NKVD”-nin apardığı araşdırmalarda M-63 mühərrikləri heç yada da düşməyib. Smuşkeviş antisovet fəaliyyətdə, hakimiyyəti devirməyə cəhddə, İspaniyada xidməti zamanı xarici kəşfiyyata işləməkdə və bu kimi ağır maddələrlə ittiham edilib.

Məhz həmin ərəfədə Smuşkeviç hospitalda müalicə olunub. İspaniyada aldığı yaradan onun ayaqları tez-tez tutulub, hərəkəti məhdudlaşıb. Smuşkeviç 8 iyun 1941-ci ildə birbaşa hospitalda həbs edilib. O, məhkəməyə xəstə pijamasında gətirilib.

Smuşkeviç ona qarşı qaldırılan ittihamların heç birini qəbul etməyib. İstintaq oktyabr ayına qədər davam edib. Müstəntiqlər ondan lazımi ifadələri ala bilmədikləri haqqında  Beriyay məruzə edəndə, Smuşkeviç Beriyanın göstərişi ilə heç bir məhkəmə hökmü olmadan güllələnib. Sözsüz ki, Beriya bu göstərişi verməzdən əvvəl Stalinin də razılığını alıb. Smuşkeviş edam yerinə xərəkdə aparılıb.

1954-cü ildə Yakov Smuşkeviç tam bəraət alıb (ölümündən sonra). Onun bütün dövlət təltifləri, mükafatları və rütbələri geri qaytarılıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR