İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədalət yerini alıbsa, mırıldamağın mənası nədir? – Avropanın ikili standartı davam edir

1669 06.10.2023 14:00 Analitika A A

Etiraf edək ki, uzun müddət ölkəmizdə Avropa İttifaqı, Avropa parlamenti, eləcə də qitənin siyasi üstqurum təşkilatları haqqında yanlış təsəvvürlər olub.

Bu, xüsusilə müxalifət düşərgəsində, qeyri-hökumət təşkilatları sektorunda, onların tərəfdarlar və təəssübkeşlər korpusunda özünü daha qabarıq göstərirdi.

İqtidar düşərgəsi isə belə illüziyalardan uzaq idi, çünki onlar avropalı deputatların, siyasi qurumların rəhbərlərinin, xüsusi missiya ilə ölkəmizə gələn təmsilçilərin tamahına da, iştahına da yaxşı bələd idilər. Bilirdilər ki, onların sırasında prinsipial və kristal adamlar olduqca azdır.

Bu, zatən, ermənilərin o cür adamları necə və nələrin hesabına ələ alaraq öz xeyirlərinə danışdırtdıqlarından, qatığa qara dedirtdiklərindən bəlli idi.

Без названия.jpg (14 KB)

Avropalı parlamentarların qızıl-qırmızı yalan danışdıqlarını görəndə, haqsız-ədalətsiz qərarlar (məsələn, “erməni genosidi”nə dair qanunlar) qəbul etdiyini biləndə, heyrətlənirdik və özümüzü günahlandırırdıq ki, deyəsən, biz onlarla yaxşı işləmirik.

Heç ağlımıza gəlmirdi ki, əsində onlar özlərini qapan üzərinə çıxarmış satlıq adamlardır və kim “onlarla yaxşı işləyirsə”, onun tərəfində dururlar.

Biz isə erməni konyakını iştahla sümürən, Bakının qara kürüsünü ləzzətlə qaşıqlayan, şəxsi bank hesablarındakı rəqəmləri məmnunluqla yoxlayan bu adamlardan ədalətli rəy gözləyir, axırda da umsuq olurduq.

Avropanın bir neçə ölkəsi vardı ki, onların təmsilçiləri həm özlərinin, həm də dövlətlərinin reputasiyasını gözləyirdilər, yerdə qalanlar isə oralı deyildilər. Tarixən məşhur korrupsiya yuvaları kimi ad çıxarmış ölkələrin nümayəndələri başqa nə cür ola bilərdi?

Biz elə düşünürdük ki, avropalı deputatlar çox müstəqildirlər, həmişə vicdanlarının səsinə qulaq asırlar və heç də dövlətlərinin icraedici hakimiyyəti onlara hansı məsələdə necə mövqe tutmaq barədə sifariş və ya göstəriş vermir.

oqras.jpg (7 KB)

Ancaq hər dəfə ortaya çıxırdı ki, məsələn, Fransanın prezidenti bir məsələdə necə mövqe tutubsa, onun ölkəsinin Avropa parlamentində təmsil olunan deputatları da eyni mövqedə olurlar, bir nəfər belə “sol” getmir. İtaliya, Almaniya, Belçika, Hollandiya da eləcə.

İndi budur, Avropa İttifaqı qanunvericilərinin ikili standartlarının və riyakarlıqlarının yeni nümunəsi ilə üz-üzəyik.

Uzun illərdir, “qoca qitə” bizə münasibətdə gah açıq-açıq, gah da gizli-gizli yeritdiyi “xristian qardaşlığı” siyasətinin prizmasından yanaşır. Şimali Kipr türklərinin öz müqəddaratını təyin etməsi məsələsində daima Türkiyəyə təzyiq edən, onu işğalçı adlandıran Avropa Qarabağın dağlıq hissəsini, eləcə də Azərbaycanın 7 rayonunu işğal edən Ermənistana fərqli yanaşır, aqressiv və destruktiv tərəf kimi bizə barmaq tuşlayırdı.

İkili standartın xası bu idi: Şimali Kipr türklərinin məsələsində dövlətin (yunan Kiprinin) ərazi bütövlüyünün toxunulmazlığı önə sürülürdü, Dağlıq Qarabağ ermənilərinin məsələsində isə ərazi bütövlüyü məsələsi arxa plana keçirilir, bu dəfə etnik qrupun öz müqəddəratını təyinetmə haqqı əsas faktor elan edilirdi.

Başqa sözlə, Türkiyə və Azərbaycan həmişə haqsız, Yunanıstan və Ermənistan həmişı haqlıydılar.

Bu yanaşma hələ də davam edir və ona nə vaxtsa son qoyulacağı ehtimalı üfüqdə görünmür.

Hazırda Qarabağ məsələsində İ-nın üzərinə nöqtə qoyulandan sonra artıq bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, işğal olunmuş rayonlarını Ermənistandan geri aldığını konstatasıya edirlər. Amma yenə də daş dəymiş köpək kimi mırıldaya-mırıldaya vurnuxanlar var.

Nədir? Nə kimi ədalətsizlik olub? Haqq-ədalət öz yerini alıbsa, bir dövlət itkilər verərək, ziyan çəkərək öz ərazi bütövlüyünü bərpa edibsə, sizi qane etməyən nədir?

Beşi sanksiyalardan danışır, yeddisi Ermənistana hərbi kömək etməkdən bəhs edir, doqquzu “avtokratiya”dan dəm vurur.

Əslində onların hamısı lap əvvəldən bilirdi ki, Azərbaycanın rayonlarını işğal edən heç də qondarma “DQR” deyil, Ermənistan dövlətidir. Ancaq hamısı özünü bilməzliyə, gönüqalınlığa qoyurdu. Əhalisi bir Ağdam rayonunun sakinləri qədər olmayan bölgə bu boyda Azərbaycan dövlətinə qalib gələcəkdi? Bu, heç Ermənistanın da ağzının xörəyi deyildi. 1991-94-cü illərdəki işğal Azərbaycanın hazırlıqsız yaxalanması və təklənməsi hesabına baş vermişdi – həm də şiddətli müqavimətdən və daxili xəyanətlərdən sonra.

Fəqət Avropanın siyasi dairələri nə Ermənistanı qınayan qətnamələr qəbul edir, nə ona qarşı sanksiya tətbiq etməyi düşünürdülər. Sanki çoxdan olmalı bir iş olmuşdu və bunun axırı onunla bitmıliydi ki, Azərbaycan dövləti öz ərazisinin kiçilməsilə barışmalıydı. Bütün söz-söhbətlər, təzyiqlər, təkliflər Azərbaycanı təslimçiliyə, öz ərazisindən vaz keçirtməyə hesablanmışdı.

Bu, olmadı. Azərbaycan dövləti özünü qorudu, üstəlik, daxilindəki etnik azlığa sədəmə toxundurmadı. Əksinə olsaydı, iki cüt bir tək mülki erməni həlak olsaydı, Xocalının 613 sakininin bir gecədə qətl edilməsinə səsini çıxarmayan Avropa indi yüz bir pəstəha çıxarırdı.

Bütün bu aşkar gerçəklikləri biləndən, hər üzünə təhlil edəndən sonra Aİ-nin, AŞ-ın, AK-ın dürüstlüyünə, səmimiyyətinə, obyektivliyinə inanmaq mümkün deyil.

Bizim artıq Avropaya boylanıb ədalət gözləyən halımız yoxdur. Özümüz özümüzü müdafiə etməliyik və həmişə güclü olmalıyıq ki, başımız da salamat olsun.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR