İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbədi minnətdarıq sizlərə, tarix yazan, ömrü dastana dönən oğullar!

1494 27.09.2022 09:33 Yazarlar A A

İkinci Qarabağ müharibəsinin başlanmasının iki ili tamam oldu. Əslində şərti olaraq ikinci götürülür, çünki xalqımızın Qarabağ uğrunda savaşı tarix boyunca davam edib. Təkcə cəmi iki əsrdir Qafqaza, Azərbaycan torpaqlarına köçürülən erməni daşnakları ilə müharibələri saysaq, üçü keçərik... Hələ ermənilərin bizimlə apardıqları səssiz müharibələr, deportasiyalar, qətllər, toponimlərimizin kütləvi şəkildə dəyişdirilməsi, mədəni irsimizin yer üzündən silinməsi, daha nələr-nələr...

27 sentyabr 2020-ci ildə başlanan savaş isə son iki əsrdəki savaşlardan fərqli oldu, bu dəfə zəfərlərlə sonuclandı haqq mübarizəmiz! Ermənistan həmin gün başlatdığı xain təxribatla əslində erməniçilik üçün dərin bir qəbir qazmış oldu. Gözlənilirdi. Hələ sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edərkən bu təxribatla bağlı çağırış etmişdi.

20n16tvcq0_PREZIDENT_BMT_BASH_ASSAMBLEYASI_UMUMI_DEBATLAR_CIXISH_d.jpg (152 KB)

Xatırlayaq: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra…”

Amma beynəlxalq aləm, həmçinin Ermənistanın işğalçılıq siyasətilə bağlı 4 qətnamə qəbul etmiş BMT TŞ də sükutla qarşıladı Azərbaycan Prezidentinin bu çağırışını. Necə ki, 30 il ərzində Ermənistanı dayandırmaq üçün hərəkətə keçməmişdilər, əksinə, açıq və ya gizli dəstək vermişdilər, dolayısı ilə təcavüzü, işğalı, separatçılığı stimullaşdırmışdılar. Atəşkəs dövründə erməni işğalçıları uşaqları, qadınları, qocaları qətlə yetirdilər, Ağdam ərazisini poliqona çevirdilər, sərvətlərimizi daşıdılar, şəhər və kəndlərimizi yer üzündən sildilər, ərazilərmizdə məskunlaşma apardılar, terrorçuları yerləşdirdilər, daşdan səs çıxdı, beynəlxalq qurumlardan soraq çıxmadı, təpki gəlmədi. 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistana yerini göstərmək əvəzinə, biriləri “İskəndər-M” raket sistemlərini göndərdi, digərləri gecəgörmə cihazları, başqaları minaatanlar, digər silah-sursatlar… Bu dəstəyi görən Ermənistan hesab elədi ki, Tovuz rayonu istiqamətindən hücuma keçib, Azərbaycanın neft-qaz kəmərlərinə zərbələr endirə, ölkəni iflic hala gətirə və hətta Bakıda tank sürə (!) bilərlər.

Bu gün Azərbaycan ordusunun Göyçə-Zəngəzur istiqamətindəki düşmən hədəflərini məhv etməsindən narahat olan çevrələr o zaman Ermənistanı sorğu-sual etmədilər ki, sənin əsgərinin Tovuz rayonu istiqamətində nə ölümü var, niyə sərhədi pozursan? Demədilər, əksinə, işğalçının başını tumarladılar. Qardaş Türkiyənin kəskin reaksiyası və xəbərdarlığı olmasaydı, kim bilir, bəlkə də Ermənistana ordu da göndərənlər tapılacaqdı…

bf043a62-de95-3833-93a1-7935990914cf_850.png (736 KB)

Tovuz döyüşlərindən sonra xalqın qəzəbi son həddə çatmışdı. Xain düşmənlə savaşda generalımız, qiymətli zabit və əsgərlərimiz, dinc sakinlərimiz şəhid olmuşdular. Avqust ayında düşmənin növbəti  təxribatları oldu. Artıq hər kəs istəyirdi ki, bu işi bitirmək lazımdır, könüllülər axışırdı hər yerdən, Ali Baş Komandana müraciətlər edilirdi. Azərbaycan hər zaman bəyan edirdi ki, bu işğalla barışmayacaq, “Qarabağsız Azərbaycan yoxdur!”

Ermənistan ötən döyüşlərdən nəinki dərs çıxartmadı, hətta Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçilərin xalqımıza və dövlətimizə qarşı aşağılayacı və təxribatçı bəyanatları silsilə xarakter aldı, baxmayaraq ki, hakimiyyətdə “əli türk qanına bulaşmamış” biri gəlmişdi… Amma həmin bu, “müharibə partiyasının üzvü olmayan” şəxsin Şuşada çaxır içib, torpaq üstə sərələnməsi, ardınca “Qarabağ Ermənistandır. Nöqtə” deyib də, həyasız davranışlar sərgilməsi əsəblərimizi əməlli-başlı tarıma çəkmişdi. Son və qəti döyüş qaçılmaz idi!

Sentyabrın 27-də Ermənistan ordusu bütün təmas xətti boyunca hücuma keçməklə Azərbaycanı sarsıtmaq, onsuz da bir gün Vətən uğrunda müharibəyə başlayacaq xalqı və ordunu qəfil yaxalamaq istəyirdi. Amma yanıldı, Azərbaycan dövləti, xalqı və ordusu neçə illər idi bu günü, bu fürsəti gözləyirdi, ona görə də hər kəs müharibə xəbərini xoş xəbər kimi qəbul etdi, ordumuza güc-qüvvət, zəfər arzulayaraq!  

Həmin gün hamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini dinləyirdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür...”

16011931193881923397_1000x669.jpg (304 KB)

Ermənistan silahlı qüvvələri savaşın ilk günündə müharibə qanunlarını pozaraq, cəbhə boyunca nəinki Azərbaycan silahlı qüvvələrinin mövqelərini, həmçinin Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdu, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi.

Dövlət başçımız Vətən Müharibəsinin ilk günündə xalqa ünvanladığı müraciəti “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-sözləri ilə yekunlaşdırdı. Və dediyi kimi oldu, müzəffər ordumuz on illər ərzində düşmən tapdağında inləyən ərazilərimizi 44 gün ərzində azad etdi, xalqımızın əyilmiş qəddini düzəltdi, tarix yazdı!

44 gün ərzində xalq+ordu+dövlətin möhtəşəm birliyinə şahid oldu bütün dünya. Ermənistan ordusunun fərarilərinin sayı 10 mini ötdü, Azərbaycanda isə bircə fakt belə qeydə alınmadı, əksinə, yaralılarımız hospitaldan tez çıxıb döyüşə atılmağa çalışırdılar, könüllü şəkildə cəbhəyə getməyə çalışanların sayı-hesabı yox idi. Bu, dünyada görünməyən hadisə, birlik, vətənpərvərlik nümunəsi, qarabağsevərliyin təcəssümü idi. Çox təəssüf ki, 2907 qəhrəman hərbçimiz şəhid oldu, mindən çox əsgər yaralandı, 7 nəfər itkin düşdü... Gəncənin, Tərtərin, Naftalanın, Bərdənin...xain hücuma məruz qalması nəticəsində körpələr, qadınlar, qocalar həlak oldu, çox təəssüf ki... Hər bir şəhidimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfalar diləyirik...

890365.jpg (56 KB)

Azərbaycan xalqının böyüklüyünə dünya bir daha şahidlik etdi müharibə günlərində. Heç bir valideyn, heç bir şəhid yaxını ciyərparasının şəhid olmasına görə üsyan eləmədi, əksinə, “Vətən sağ olsun, mən də döyüşə hazıram, təki Ali Baş Komandan savaşı dayandırmasın, Qarabağımız azad olunsun”-söylədi fədakar insanlarımız. Məhz bu birliyin, əzmin, fədakarlığın və heç şübhəsiz ki, güclü ordumuzun hesabına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyü təmin edildi, tarixi ədalət, beynəlxalq hüquq bərpa olundu.

Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bir daha fəxarətlə sadalayaq:

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. İnşallah adsız yüksəkliklərimizi şəhidlərimizin adı bəzəyər tezliklə!

Kapitulyasiya sənədinə imza atan Ermənistan rəhbərliyi minnətçi düşdüyü dairələrdən, paytaxtlardan heç bir kömək gəlmədiyini, Azərbaycan ordusunun qarşısıalınmaz gücə çevrildiyini anladı nəhayət. Bundan sonra ərazilərimizin müəyyən hissəsi savaşsız geri qaytarıldı! Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.

Xalqımız savaşın hər günündə Prezidentdən qələbə twit-i gözləyirdi, yeni-yeni ərazilərin azadlığı xəbərini eşitmək istəyirdi. Azərbaycan Prezidenti savaşın müəyyən mərhələsində qəti mövqeyini ifadə etdi: “Şuşasız işimiz yarımçıq qalar!” Artıq hər kəsin ürəyində bir inam yarandı ki, Şuşa bizimçün “olmazsa, olmazdır”, Qarabağımızın ürəyinin azadlığına qovuşması qaçılmazdır. Azərbaycanın hər bir əsgər və zabiti Şuşaya doğru can atırdı, zəfər bayrağımızı hər birimizin səcdəgah hesab etdiyimiz ünvana!

Budur, biz 2022-ci ili “Şuşa ili” olaraq yaşayırıq! Mədəniyyətimizin paytaxtında yüzlərlə tədbirlər keçirilib və davam edir.

Düşmən Laçın şəhəri və digər ərazilərlə bağlı öhdəliyindən boyun qaçırtmaq istəyəndə, hərbçilərimizi və dinc sakinlərimizi qətlə yetirəndə, Azərbaycan ordusu, xüsusi təyinatlılarımız, komandoslarımız “Qisas” əməliyyatı ilə onu “başa saldı”. Nəticəsi oldu: 2022-ci avqustun 26-sından etibarən Azərbaycan bayrağı Laçın şəhərində, həmçinin Laçının Zabux və Sus kəndlərində dalğalanır. Üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

be9ea0ce-0d9f-35ce-af47-3c320c9aaaaa_850.jpg (175 KB)

Amma proses bitməyib, bunu Ermənistanın 13 sentyabr gecəsi və ondan sonrakı təxribatları da təsdiqləyir. Yenə şəhidlər verdik, çox təəssüf ki...Lakin düşmənin itkiləri qat-qat artıqdır, həm hərbi texnika, həm silah-sursat, həm də canlı qüvvə sarıdan. Amma ən mühümü budur ki, Ermənistan ordusu Murovdan Araz sahilinədək bütün strateji üstünlükləri əldən verdi son təxribatları ilə. İndi yenidən cəhd göstərir ki, həmin yüksəklikləri geri qaytarsın, amma o yüksəklikləri bir də o dünyada “görərlər”. Azərbaycan əsgəri canı-qanı bahasına azad edib həmin əraziləri, eyni zamanda Qətiyyətli Cavab əməliyyatı ilə düşməni yerində oturdub, o yüksəkliklərdə şəhidlərimizin müqəddəs ruhları dolaşır. Azərbaycanı ittiham etməyə cəhd göstərən çevrələrə gəldikdə, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti də ortada: “Sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşib. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz!”

Bəli, Azərbaycan 44 günlük savaş dövründə və ondan sonrakı iki il ərzində daim sülhə hazır olduğunu bəyan edib. Hətta müharibənin gedişində Prezident bəyan edirdi ki, Ermənistan ərazilərimizin işğaldan azadlığı ilə bağlı qrafiki təqdim etsin, savaş dayansın. Lakin Ermənistan reallığı gec anladı...Əslində tam da anlamayıb, Fərrux, Sarıbaba, Qırxqız əməliyyatları da sübut etdi ki, düşmən hələ də xəstə düşüncələrindən imtina etməyib, əks təqdirdə Rusiya sülhməramlılarının kölgəsində çaqqal kimi gizlənməyə son verib, rədd olardılar torpaqlarımızdan. Əmin olsunlar ki, onlarla da hesablaşma vaxtı çatacaq.

Bakıdakı Hərbi Qənimətlər Parkında sərgilənən silah-sursatlarına, hərbi texnikalarını, Bakı həbsxanalarında cəza çəkən terrorçularını unutmasınlar!

437849.jpg (143 KB)

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Həmçinin Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaq, paytaxtımızda İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. Xalqımız və dövlətimiz şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutur və bu daim belə olacaq. Çünki şəhidlərimin və qazilərimizin şücaəti sayəsində Azərbaycan xalqı özünü yenidən doğulmuş kimi hiss edir. Əbədi minnətdarıq sizlərə, tarix yazan, ömrü dastana dönən oğullar!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR