İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyaya media azadlığı şüarı ilə car çəkən Qərbdə azad söz niyə boğulur?

1042 07.05.2022 08:10 Media A A

Medianın azadlığı, müstəqilliyi və plüralizmi məlumat və ifadə azadlığına əsaslanır və istənilən həqiqi fəaliyyət göstərən demokratiyanın əsas elementidir. Media azadlığı bütün digər insan hüquqlarının qorunması üçün vacibdir. Dünyada araşdırmaçı jurnalistlərin əməyi sayəsində dəfələrlə işgəncə, ayrı-seçkilik, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzə çıxıb.

Zaman-zaman bəzi Avropa dövlətlərindən repressiyalara və media azadlığının pozulmasına işarə edən həyəcanlı siqnallar gəlir. Medianın müxtəlifliyinə və məzmununa təsir göstərmək üçün müxtəlif nəzarət və təzyiq formaları onların müstəqilliyinə və plüralizminə mane olur. Jurnalistlər fəaliyyətlərinə görə həbsdə qalmaqda davam edirlər. Media nümayəndələrinə qarşı təzyiq, hədə-qorxu, zorakılıq, hətta qətlə yetirilməsi halları qeydə alınır. Amma əksər vaxtlarda bütün bu faktlar danılır, Qərb mediasının daha müstəqil olması barədə dünyaya car çəkilir. Deyildiyi kimi, Qərbdə - ABŞ və Avropada mətbuat, daha geniş anlamda media azaddırmı? Jurnalistlərə istədiklərini yazmağa imkan verilirmi? Məsələn, BBC ictimai yayımçıdır, hökumət əleyhinə heç nə verə bilmir. “Azadlıq” radiosu, “Amerikanın səsi” ABŞ dövləti tərəfindən maliyyələşir, onlar da rəsmi siyasət qarşısında acizdirlər. Avropanın ən böyük yayım kanalı olan “Euronews”a da tam müstəqil demək mümkün deyil. Çünki 1 yanvar 1993-cü ildən efirə çıxan “Euronews” 1992-ci ildə Avropa Birliyi (AB) tərəfindən yaradılıb. Kanal AB-dən hər il 5000000 avro maliyyə alır. Nəhəng media quruluşlarından olan CNN də ABŞ-da dövlətin tam nəzarətindədir.

Fransada, Çexiyada, Polşada və digər Avropa ölkələrində də mətbuata dövlət tərəfindən total nəzarət hökm sürür. Göründüyü kimi, bir neçə nümunədə ortaya çıxan gerçəklik budur: Qərbdə media dövlətdən, onun iradəsindən çox asılıdır. Bəs o zaman necə olur ki, medianı tam və güzəştsiz nəzarətdə saxlayan Qərb dövlətləri media azadlığından danışır? Buna görə başqa ölkələri qınayır, hədəf alır, sıxışdırır?

Qulu Məhərrəmli: “Həmin dövrün qəhrəmanları yalnız xalq kütləsi deyildi”

Qulu Məhərrəmli: “Dünyanın heç yerində mətbuat azadlığı yoxdur”

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Əlbəttə, azadlıq anlayışı, həqiqət anlayışı qədər elə kateqoriyadandır ki, onun haqqında danışmaq olmur. O mənada dünyanın heç yerində mətbuat azadlığı yoxdur. Çünki o bəzən situasiyalardan asılı olaraq dəyişilə bilir, məhdudlaşdırıla bilir, müəyyən sərhədlər qoyula bilir. Amma ümumiyyətlə, demək ki, Avropada, Qərbdə mətbuat azadlığı yoxdur, o hökumətlərdən asılıdır, bu fikrin özünü qəbul etmək çətindir. Çünki mətbuat elə sistem içindədir ki, o müstəqildir, hökumətlərdən asılı deyil. Nə siyasi, nə iqtisadi cəhətdən hökumətlərdən asılılığı yoxdur. Əvvəla, onun statusu ictimai statusdur. Xalqın, cəmiyyətin adından ictimai nəzarətçi funksiyasını yerinə yetirir. Cəmiyyəti sərbəst şəkildə məlumatlandırır. İkincisi, azad bazar şəraitində onun əsas gəlirləri reklamlardan təşkil olunur, özü biznes fəaliyyəti göstərə bilir. Heç bir büdcədən asılılığı yoxdur. Ona görə Qərblə Amerika cəmiyyətlərini müqayisə edəndə görürük ki, Avropada daha çox sosial demokratiya, Amerikada isə liberal demokratik cəmiyyət mövcuddur. Ayındır ki, hökumətlərin heç biri azad mətbuatı sevmir. Hökumətlər üçün xarakterik olan asılı mətbuatdır. Misal üçün, Trampın dövründə mətbuata bir basqı var idi. Bəlli bir mərhələyə qədər Tramp irəliləyə bildi və geri çəkildi. Çünki mətbuatın cəmiyyətdən ciddi dəstəyi var. O baxımdan son illərdə, xüsusilə pandemiya dövründə ümumən insan haqlarının məhdudlaşdırılması ilə bağlı mediaya da müəyyən təzyiqlər oldu. Amma o, əsas prinsipi sıradan çıxara bilmədi ki, media gerçəyi deməlidir, cəmiyyəti məlumatlandırmalıdır, hökumət üzərində ictimai nəzarətçi olmalıdır, araşdırmalar aparmalıdır. Bu prinsiplər öz yerində qalır. Amma təbii ki, ekstremal şəraitdə  media fəaliyyətini məhdudlaşdırır. Bu qəbul olunmuş prinsipdir ki, xüsusi təhlükəli məqamlarda-müharibə, pandemiya, təbii fəlakətlər zamanı mətbuat sərhədlərini nisbətən daraldır. Məqsəd də cəmiyyətə, ictimai maraqlara xidmət etməkdir. Tutaq ki, indi Rusiya-Ukrayna müharibəsində görürük ki, Qərb mediası demək olar ki, əsasən eyni, vahid mövqedən çıxış edir. Bu mövqe də hökumətlərin mövqeyi ilə üst-üstə düşür. Düzdür, ”Times" jurnalı və başqa media qurumları Ukraynanın bəzi addımlarını tənqid edir. Amerikanın həddən artıq diqqət yetirməsini tənqid edir. Bunlar da faktdır. Amma ümumən vahid prinsipdən çıxış edir. Bunlarda mətbuat azadlığı yoxdur deyə yanaşa bilmərik. Mətbuat azadlığının konkret prinsipləri var. Mətbuat azadlığının indeksinin konkret göstəriciləri var. O göstəricilərə cavab verən media azad media sayılır. O göstəriciləri əks etdirməyən ölkələrdə mətbuat azadlığı məhdudlaşdırılmış sayılır. Ona görə mətbuat azadlığı bir kateqoriya kimi zaman-zaman müəyyən təzyiqlərlə üz-üzə qalır. Amma dayanıqlı demokratiya ölkələrində mətbuat azaddır, xalqın iradəsini ifadə edir. Hakimiyyətlə cəmiyyət arasında körpü rolunu oynayır".

Mediada plagiat (Zeynal Məmmədli) - ARB24 (Gündəm) - YouTube

Zeynal Məmmədli: “Bizim nəyimizə gərək Qərb mediası necədir, özümüzü dəyişməliyik”

Media eksperti Zeynal Məmmədli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “İctimai TV hansı zərurətdən meydana gəldi? Texniki inkişaf adını çəkdiyiniz Qərb ölkələrində irəli səviyyədə idi. Ayrı-ayrı korporasiyaların, iqtisadi güclərin mediası istər-istəməz balansı pozurdu, medianın müstəqilliyini pozurdu, ictimai rəydə ancaq güclülərin səsi eşidilirdi. Bu səbəbdən də İctimai Yayım formatı meydana gəldi. Bizdən fərqli olaraq Qərbdəki cəmiyyət dəyişməyə, yeniliyi qəbul etməyə daha çox meyllidir. Peşəkarlara daha çox üstünlük verilən bir cəmiyyətdir. İctimai Yayım formatı yaranandan sonra əhalinin müxtəlif qrupları özlərini ifadə etmək imkanı qazanacaq. Təsəvvür edirsiniz, bu inqilab deməkdir. Onlarda İctimai Televiziya 80-ci illərdə, bizdə 2000-ci illərə təsadüf etdi. Amma məzmun başqa cür oldu. Bu məzmunun başqalaşmasına özümüzdəki faktorlar çox böyük rol oynayır. Xəbər verilir, onun dərininə getmirsən, müxtəlif sektorlar ələ alınır. Media dəhşətli dərəcədə kommersiya subyektinə çevrilir. Bizim İctimai televiziyaya da baxın. Görəcəksiniz ki, onun nə qədər hissəsi əyləncədir. Bu proseslər mediaya yeni yanaşma tələb edir. Bizim nəyimizə gərək Qərb mediası necədir, özümüzü dəyişməliyik. Mən mediaya bu cür yanaşmanın tərəfdarıyam”.

Afaq  MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR