İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın nizamı dəyişir-Dövlətlərin taleyi güclü ordu və silahdan asılı olacaq     

1181 12.01.2023 18:20 Siyasət A A

 

Bəşəriyyətin elmi-texnoloji inkişafı təəssüf ki, mənəvi yüksəlişə səbəb olmadı. Ötən əsrin bütün optimist proqnozlarına rəğmən 21-ci əsrin dövlətləri mübahisələri danışıq masasında deyil, döyüş meydanında həll etməyə çalışır. Yaşadığımız əsrin 22 ilində planetdə müharibəsiz bir il olmayıb. 21-ci əsr qlobal antiterror müharibəsi, ABŞ-ın Əfqanıstana, daha sonra İraqa müdaxiləsi ilə başladı, ardınca Yaxın Şərqi bürüyən qanlı üsyanlar, terror müharibələri, indi isə Rusiya və birləşmiş Qərbin savaşdığı Ukrayna adlı müharibə meydanı.

Amma bu, hələ son deyil, beynəlxalq ekspertlər yaxın gələcəkdə Asiya-Sakit okean regionunda ABŞ-Çin toqquşmasının mümkün ssenarilərini hazırlayır. Planetin bir neçə nöqtəsi potensial müharibə ocağı kimi qəbul olunur. Amma bütün bunlar həm də dünyanın keçid mərhələsi yaşadığını, bəşəriyyətin yeni bir mərhələyə keçdiyinin əlamətidir.

noa2.jpg

Yeri gəlmişkən, hazırda planetin risk bölgələrindən biri də Cənubi Qafqazdır. Qarabağ müharibəsi pandemiyadan sonra dünyanın dəyişəcəyi ilə bağlı proqnozları doğruldan ilk hadisə oldu. Bunu bir neçə gün əvvəl Azərbaycan prezidenti müsahibəsində də qeyd etdi: “Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra”.

Azərbaycanın dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan silah sənayesini inkişaf etdirəcək. Çünki indi buna ciddi tələbat var. Dünya ölkələri müharibə edir, bazarda isə silaha tələbat artıb və artmaqda davam edir.

Dövlət başçısı: Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını  gözləyirik və buna hazırıq

Sitat: “Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu müəyyən edəcək. Amma Rusiya-Ukrayna müharibəsindən sonra görün, indi hər kəs bunu edir, hər kəs. Avropanın ən böyük ölkələri, hansılar ki, ordu quruculuğuna ümumiyyətlə fikir vermirdilər, indi ordularını yaradırlar. İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik”.

Əlbəttə, indi yalnız Azərbaycan prezidenti belə düşünmür. Və mövzu daha çox silah istehsal edib satmaq, bazara daxil olmaq deyil. İndi həm də daha çox silaha, hərbi gücə malik olmaq lazımdır. Yeni dövrün şərtləri bunu diktə edir. Bunları da İ.Əliyev dedi. Və bildirdi ki, yeni beynəlxalq reallıq dövlətləri silahlanmaya və hərbi sahəyə xüsusi diqqət ayırmağa vadar edir. Rusiyanın Ukraynaya müdaxiləsi göstərdi ki, bu gün mövcud olan beynəlxalq münasibətlər sistemi artıq effektiv deyil, yeni müharibələr qaçılmazdır.

bəşəriyyət | Bizplus.az

Ancaq bəşəriyyətin problemi yalınız dövlətlər arasında anlaşmazlıqlar deyil, həm də siyasi sistemlər böhran yaşayır. İki il əvvəl seçkilərin nəticələrini qəbul etmək istəməyən eks-prezident Donald Tramp tərəfdarlarının Vaşinqtonda Konqres binası ələ keçirmələri ilə nəticələnən iğtişaşların ötən il dekabrın sonlarında Braziliyada təkrarlanmasının şahidi olduq. Seçkilərin nəticələrini tanımayan Bolnoroso tərəfdarlarının yenə parlament və hökumət binalarını ələ keçirmələri ilə nəticələnən hadisələr göstərdi ki, bu günə qədər mövcud olan siyasi sistemlər ciddi böhran keçirir. Mövcud siyasi sistemləri qəbul etməyən dağıdıcı qüvvələr formalaşır. Bayden administrasiyasının iğtişaşları sərt şəkildə tənqid etməsi Vaşinqtonun yeni seçilmiş kommunist Silvadan daha çox böhran yaşayan demokratik sistemə dəstəyi idi. Və belə görünür ki, dünyanın mövcud nizamını qoruyub saxlamaq elə də asan olmayacaq.

Millenialların fikrincə dünyanın 10 qlobal problemi | Technote.az

Hər kəs indi dünyanın yeni bir mərhələyə qədəm qoymasından, yeni bir eranın başlandığından danışır. Ancaq yeni dövrün necə olacağı, yeni nizamın xüsusiyyətlərini heç kim bilmir. Bilinən bir şey varsa, o da dəyişikliyin labüdlüyüdür. Və təbii ki, bu dəyişikliyin ağrılı olacağını, planetin ciddi böhranlar yaşayacağını hər kəs anlayır.

Azərbaycan prezidentinin müsahibəsindən çıxan ən bariz nəticə məhz budur: Dünya yeni ağrılı mərhələyə qədəm qoyur. Qarşıdakı bir neçə onillik ölüm-qalım mübarizəsi ilə keçəcək. “Sağ qalmaq” üçünsə silaha, gücə və möhkəm hərbi ittifaqlara ehtiyac var. Qarşıdakı mərhələdə güclü olanlar özlərini qoruyub, sağ qala biləcəklər.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR