İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın hər üzünü gördü, çox yaşadı, çox iş gördü

1926 01.12.2023 09:03 Dünya A A

Şayiələr gəzirdi ki, Kennedi  rus casusu, Britaniya agenti, iblisçi, Vatikanın və Fransa XİN-in, İsrail və Çin kəşfiyyat xidmətlərinin məxfi emissarıdır...

Prezident Consonun administrasiyası dönəmində Kissinceri Vaşinqtona yüksək vəzifəyə dəvət etsəydilər, bəlkə də Vyetnam fəlakəti baş verməyə bilərdi...

ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. Bu barədə “Reuters” məlumat yayıb. Tanınmış siyasətçi noyabrın 29-da Konnektikut ştatındakı evində həyatını itirib.

Henri Kissincer adı deyilən zaman ağıla gələn ilk bunlardır:

Nobel sülh mükafatı laureatı; Misirin İsraili tanımasını təmin edən şəxs; “Təhlükəsiz irrasionallıq” doktrinasının müəllifi; ABŞ və SSRİ arasındakı nüvə mübarizəsinin əsasını qoyan siyasət professoru; ABŞ-ın dövlət katibi, Milli Təhlükəsizlik Komitəsinin, Psixoloji-Strateji Komitənin, Əməliyyat-Araşdırma İdarəsinin sədri, Silah Sistemlərinin qiymətləndirilməsi qrupunun müşaviri vəzifələrini icra etmiş siyasətçi; ABŞ prezidenti Barak Obamanın xarici siyasət məsələləri üzrə baş müşaviri... 

O, 1923-cü ildə anadan olub. Hitler Almaniyada hakimiyyətə gələndə 10 yaşı var idi. Yəhudi valideynləri onu Nyu-Yorka gətirərkən, 15 yaşındaydı. 18 yaşından ingiliscə düşünsə də, kiçik qardaşından fərqli olaraq, alman ləhcəsini ömrünün sonunadək tərgidə  bilmədi.  

19 yaşında orduya çağırılıb və nasistsizləşdirmə üzrə ekspert olub. 1947-ci ildə Nyu-York, Prinston, Kolumbiya, Kornel, Pensilvaniya  universitetlərinə girmək üçün sənəd verir. Hər yerdə ona rədd cavabı verilir. Yalnız Harvard Universiteti onu nəinki qəbul etdi, həm də təqaüd ayırdı. O, bir müddətdən sonra Harvardın ulduzuna çevrildi. Hərçənd ki, Günəş altında yer tutmaq və peşəkar statusu uğrunda sərt mübarizə aparmalı oldu.

Kissincer əslində tarixçi idi, lakin onun maraq dairəsinə fəlsəfə və dövlət quruculuğu da daxil idi. İfrat çalışqanlıq, ifadə aydınlığı, təsəvvür və ixtiraçılıq, birinci növbədə isə acı yumor onun əsərlərinə xas olan keyfiyyətlərdir.

Kissincer ilk dəfə xarici siyasətin həyata keçirilməsində strateji və taktiki nüvə silahı kimi riskli məsələ ilə məşğul olmağa başladı. Onun ideyaları on minlərlə tirajla çap edilmiş kitab halında yayılmağa başlandı və qızğın reaksiya, maraq doğurdu.

O, sadəcə, siyasətə gəlməyə bilməzdi - əvvəlcə prezident seçkilərində respublikaçı namizəd Nelson Rokfellerin müşaviri oldu, 60-cı illərdə prezident Kennedinin administrasiyasına daxil oldu və nəhayət, 70-ci illərdə Niksonun idarəçiliyi dönəmində milli təhlükəsizlik üzrə müşavir və dövlət katibi idi. O, bu cür yüksək məqama çatmış xaricdə doğulan ilk vətəndaş idi.

Harvard Universitetinin ulduzlarından sayılan Niall Ferqyuson Kissincerin tərcümeyi-halına son dərəcə geniş vüsətlə yanaşmağı qərara aldı. O, bu cilddə ancaq 1969-cu ilədək gələ bildi - onda Kissincerin 45 yaşı var idi və Vaşinqton qalasında hələ öz yerini tutmamışdı. Bu bir cilddə min səhifə var. Kitabı əlimə alarkən ufuldadım və çəkisini hiss etdim. Lakin ehtiyatlı münasibətim tezliklə heyranlığa çevrildi. Ferqyuson öz qəhrəmanının keçdiyi bütün həlledici dövrlərə - Nyu-Yorkun dövlət məktəbləri sistemi, müharibə vaxtı hərbi kəşfiyyat, 40-cı illərin sonundakı Harvard, Stalinin son illəri, Berlində müxtəlif böhranlar, Koreya müharibəsi, Xruşşovun avantürizminin təsiri, Kuba raket böhranı və Amerikanın Vyetnamda müharibədə iştirakının qaynaqları haqda külli miqdarda əlavə detalları misal gətirməkdən qorxmur.

Böyük zəka və incə qavramı Kissinceri siyasətin formalaşması prosesinin ən yüksək səviyyədə ideal iştirakçısı etsə də, o, Vaşinqton siyasi nekromantiyasının (nekromantiya - ruhlarla təmasa girib çıxış yolu tapmaq sənəti) İblis peşəsinə böyük əziyyətlə yiyələnməyə məcbur oldu. Onun hökumətdəki işinin birinci dövrü - Kennedi dönəmində - demək olar ki, tam iflasa uğradı. Kennedinin milli təhlükəsizlik üzrə köməkçisi Makcorc Bandi özünə daha yaxşı məlum olan səbəblərə görə Kissinceri hakimiyyətin bütün səviyyələrindən aralı saxladı. Lakin Kissincer öz səhvlərindən ibrət götürdü və bunları təkrar etmədi.

KİSSİNCER ÖLÜMÜNDƏN ƏVVƏL QLOBAL MÜHARİBƏ İLƏ BAĞLI PROQNOZ VERİB

Zaman keçdikcə, Kissincer olduqca nüfuzlu simaya çevrildi - dövlətdəki yüksək postlar uğrunda seçkilərdə mübarizə aparmamış heç bir amerikalıda bu cür nəticə olmamışdı. Vaşinqtonda işlədiyi dövrdə onun portreti 15 dəfə “Times” dərgisinin üz qabığında göründü. 1973-cü ildə “Gullur” şirkətinin tərtib etdiyi “Amerikanın ən hörmətli kişiləri” indeksində dördüncü yeri tutdu. Növbəti il artıq birinci yerdə idi. Ona dəstək reytinqi 85% təşkil edirdi - bu, seçkilərə qatılmamış amerikalı üçün unikal haldır. Lakin ona həm də güclü şəkildə nifrət edirdlər. Şayiələr gəzirdi ki, o, rus casusu, Britaniya agenti, iblisçi, Vatikanın və Fransa XİN-in, İsrail və Çin kəşfiyyat xidmətlərinin məxfi emissarıdır. Zaman-zaman onda “Sion müdrikləri”ndən birini (və yaxud dərhal hamısını) görürdülər. O, Sovet İttifaqı və ərəb dünyasında antisemit cizgi filmləri və karikaturaların daimi personajı idi. Onun fizionomiyası karikaturalara olduqca yapışıqlı idi, parlaq və amansız Devid Levin (məşhur karikaturaçı-red.) qədər heç kim ələ düşən imkandan bu qədər faydalanmırdı. O, Kissincerin saysız-hesabsız şəkildə və əsasən “New York Review of Books” nəşri üçün rəsmini çəkmişdi. Ədəbi icmal bunların ikisini dərc etməkdən imtina etdi: şəkillərin birində Kissincer lüt və bədənində qorxunc döymələrlə təsvir edilmişdi, digərində isə qlobusbaşlı çılpaq qızı zorlayır. Bu karikartura son nəticədə “Nation”da dərc edildi. Onu adı xeyli estrada mahnısında çəkilir. Kissinceri həm də əhalinin sayının təhlükəli şəkildə artması problemini QİÇS yaymaq vasitəsilə həll etmək cəhdində ittiham etdilər.

Kissincer bu cür hücumlara heç vaxt fikir vermirdi və güman edirdi ki, onlar özlərini məhv edirlər. Ən çox məşhurlaşdığı 25 il ərzində prezidentlər istisna olmaqla, hamıdan daha çox “ən baxımlı” vaxtda televiziyada görünürdü. Bu, onun qiymətləndirdiyi populyarlıq idi, çünki öz işlərində nail olduğu müvəffəqiyyətləri üstələyirdi. O, Oksford Universitetinin Balliol kollecinin rəhbəri Benjamin Kovettin ifadəsini təkrar etməyi xoşlayırdı: “Uğur qazanmağa daha çox fürsətiniz olacaq - əgər buna görə kimi tərifləyəcəkləri məsələsi sizi rahatsız etməsə”.

Çox təəssüf ki, prezident Consonun administrasiyası dönəmində onu Vaşinqtona yüksək vəzifəyə dəvət etmədilər. Bu baş versəydi, yəqin ki, Vyetnamda gerçək fəlakətin qabağını almaq olardı - ümumiyyətlə, baş verməyə də bilərdi.

O, tez-tez deyirdi: dünya məsələlərində ən önəmli işlər iflasla başa çatmayanlardır, çünki ondan yayınmaq mümkün olur. Sadəcə, möcüzədir ki, 45 il davam etmiş və olduqca intensiv şəkildə aparılmış soyuq müharibə beləcə dünyanı məhv etməyə qadir olan açıq münaqişəyə keçmədi.

Kissincer Amerikanın soyuq müharibədəki qələbəsinə öz payını verdi və bu baxımdan yalnız prezident Reyqandan geri qalır. Lakin əksər hallarda pərdə arxasında hərəkət edirdi. Ancaq onun aşkar xidmət siyahısı da yetərincə təəssürat buraxır. O, strateji silahların məhdudlaşdırılması haqda birinci Müqavilə və raketdən müdafiə Müqaviləsinin hazırlıq prosesində iştirak edib. Hər iki müqavilə sovetlərlə bağlanıb.

Kissincer nüvə silahının yayılmaması haqda Müqavilənin, bioloji silahın qadağan edilməsi haqda Konvensiyanın, həmçinin Helsinki Yekun Aktının  hazırlanmasında əsas sima idi. O, Qiyamət günü müharibəsinin dayandırılması haqda danışıqlarda iştirak edib, həmçinin İsraillə Misir arasında Kemp-Devid sazişinin bağlanmasına kömək edib. Kissincer Amerika ilə Çin arasındakı diplomatik münasibətlərin möhkəmlənməyinə öz payını verib, həmçinin Çinə beynəlxalq ictimaiyyətin tərkib hissəsi olmağa imkan verən hərəkətləndirici intellektual qüvvə idi.

Qəribədir ki, Kissincer bütün bunları edə bilib və buna baxmayaraq, populyarlığını itirmədi. Onun həmişə üzə çıxmağa hazır olan yumoru bəzən özünü büruzə verirdi: “Nəyəsə mütləq şəkildə əmin olmaq üçün bu barədə ya hər şeyi, ya da heç nəyi bilmək lazımdır”, “Baş verməmiş hadisələrin tarixi hələ heç vaxt bu qədər uzun olmayıb”, “Hakimiyyət cinsi potensiyanın artırılması üçün əla vasitədir”...

“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR