İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın 5-dən böyük olmasının Prezident Əliyev modeli...

1379 13.01.2023 09:30 Siyasət A A

Azərbaycan lideri hesab edir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalı, müsəlman ölkələrindən biri seçilməlidir; Ukrayna böhranı təşkilatın deqradasiyasını üzə çıxardı

Rusiya-Ukrayna böhranı beynəlxalq təhlükəsizliyi təmin etmək vəzifəsi olan BMT Təhlükəsizlik Şurası kimi qurumların həm də uğursuzluqlarını üzə çıxardı. Məlumat üçün deyək ki, Türkiyə liderindən savayı, Almaniya və Yaponiya rəhbərləri də zaman-zaman bu məsələni qaldırıblar. Son iki ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə BMT Təhlükəsizlik Şurasındakı veto hüququna sahib ölkələrin sayının artırılmalı olduğunu təklif edib. Ərdoğan bildirib ki, bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll etməməlidir.

“Yeni Müsavat” bildirir ki, dövlət başçısı İlham Əliyev də BMT-nin Ermənistanın işğalı ilə bağlı dörd qətnaməsinin icra edilməməsi barədə danışarkən Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalı olduğunu vurğulayıb. Sitat: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, - indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, - yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir. Çünki Qoşulmama Hərəkatında cəmləşən ölkələrin sayı 120-dir. Dünya qütbləşib və qarşıdurma dərinləşir. Qərblə Rusiya arasında uçurum dərinləşəcək, mən belə görürəm. Müharibənin nəticələri əlbəttə ki, buna təsir edəcək, müharibə başa çatandan sonra. Amma bu qarşıdurma və inamsızlıq uzun sürən bir prosesdir. Bu boşluq təbii ki, bu vakuum ola bilməz. Kim ola bilər burada güc mərkəzi? Hesab edirəm, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü...”

Xatırladaq ki, hazırda BMT TŞ-yə 15 ölkə daxildir, onların da beşi - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa - daimi üzv statusuna və veto hüququna malikdirlər. Digər 10 qeyri-daimi üzv isə iki illik müddətə seçilirlər. Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsi yalnız bir dəfə - 1963-cü ildə baş verib və TŞ-nin üzvlərinin sayı 11-dən 15-ə qaldırılıb. Beynəlxalq  ekspertlərin də fikrincə, son otuz ildə dünyada bəzi dərin dəyişikliklər baş verib və BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bu dəyişikliklərin mahiyyətini əks etdirmir. Bəzi güclü, nüfuzlu regional oyunçuların, o cümlədən Türkiyə, Hindistan və Yaponiyanın kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermir. İndi prezident Əliyev də BMT TŞ-nin yenilənməsi üçün təkliflər verir. Çünki artıq zərurət var və dünyadakı kataklizmlərin həllində adıçəkilən 5 daimi üzv ölkələr rol oynaya bilmirlər. Üstəlik, Ukrayna müharibəsi Rusiyanı ABŞ və Böyük Britaniya ilə üzbəüz qoyub, hər halda, pis-yaxşı Fransa da anti-Putin koalisiyasındadır, belə olan halda BMT TŞ-nin bu daimi üzvləri krisizləri birgə necə yoluna qoya bilərlər?

Ekspert: “Avropa İttifaqının əsas məqsədi Türkiyəni çərçivəyə salmaqdır” -  09.02.2017, Sputnik Azərbaycan

Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, BMT-də reformaların həyata keçirilməsi həmişə gündəmdə olub: “SSRİ-nin dağılmasından sonra dünyada qlobal güclərin nisbətində bir dəyişiklik olub. Ona görə Ərdoğan, başqa siyasi liderlər, indi də Əliyev bu məsələni yenidən gündəmə gətirir. Ukrayna münaqişəsi göstərdi ki, BMT TŞ gücsüz haldadır. Ona görə islahatlara ehtiyac var. Qarabağ məsələsinin də operativ həlli baxımdan BMT-nin təsiri olmadı. Bu mənada uzun müddətdir ki, BMT-nin dəyişməsinə zərurət meydana çıxıb. Burada daimi üzvlərin sayını artırmaqdan daha çox təşkilatın işlək bir mexanizminin olması vacibdir”. T.İsmayılın fikrincə, İkinci Dünya müharibəsindən çox keçib, Almaniya və Yaponiya dəyişiblər, Türkiyə güclənib, Latın Amerikasında, Afrikada güclü ölkələr var: “Bu kontekstdə qitələrarası balans mexanizmi dəyişir. Hesab edirəm ki, balansın qorunmasına ehtiyac yaranmaqdadır. Misal üçün, G20 modelində TŞ-nin genişləndirilməsi ola bilər. Hər halda, effektiv bir sistemin işləməsi lazımdır”.

Deputat Vahid Əhmədovun sözlərinə görə, ərazi bütövlüyümüzü BMT başda olmaqla, dövlətlər qəbul edib: “Odur ki, bu məsələ nə qədər tez həllini tapsa, bir o qədər yaxşı olar. Yoxsa məsələ getdikcə ciddiləşir. Türkiyə-Azərbaycan münasibətləri, Şuşa Bəyannaməsi və s. məsələlər gündəmdədir. Türkiyə də regionda faktiki söz sahibidir. Müharibə dövründə söz sahibi Rusiya idi, hazırda Türkiyədir. Odur ki, bu məqamlar nəzərə alınmalıdır. Hesab edirəm ki, dövlət başçısının apardığı siyasət uğurludur və o istiqamətdə işlər görülür ki, problem sülh yolu ilə qaydaya salsın”.

Fuad Əliyev: Həbslər davam olunacaq

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev qeyd edir ki, BMT TŞ-də islahatlar çağırışı əvvəllər də olub. Partiya sədri Türkiyə, İsrail, Hindistan, Pakistan, Cənubi Afrika Respublikası kimi dövlətlərin gücləndiyini düşünür: “Biz istərdik ki, Türkiyə, İsrail, yaxud Pakistan, Azərbaycana dost olan bu dövlətlərdən biri Təhlükəsizlik Şurasının üzvü seçilsin. Necə ki, KTMT-də Ermənistandan çox Azərbaycana dost dövlətlər var, eləcə də burada ola bilər. Biz maraqlıyıq ki, bütün platformalarda ölkəmizi müdafiə edən qüvvələr olsun. Britaniyanın Vətən müharibəsi başlayanda BMT TŞ-də tutduğu mövqeni unutmamışıq, daimi üzvlər içərisində bu cür ölkələr çox olmalıdır. Rusiya da BMT TŞ-də Azərbaycan əleyhinə prosesə qatılmadı. Yəni şimal qonşumuzu də özümüzə dost etməyi bacarmalıyıq. Bu mənada Prezidentin dedikləri vacibdir, daimi üzvlərin sayını artırmaq lazımdır. Eyni zamanda yeni dünya nizamı formalaşır, BMT nimdaş görünməyə başlayır, onun özünü reanimasiya etməsi lazımdır. Çünki geopolitik situasiya yenilənməkdədir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR