İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı tolerantlığa səsləyən Qərbin dini dözümsüzlüyü...

7637 22.04.2022 08:30 Mənəviyyat A A

Kənan Rövşənoğlu: “Anti-İslam təxribatlarının arxasında müəyyən dövlət orqanları dayanır”

1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olunub və beynəlxalq dözümlülük günü elan edilib. Bununla Beynəlxalq Tolerantlıq günü hər il noyabr ayının 16-da qeyd edilir. Amma qəbul edilən bəyannamələr, ölkələri tolerantlığa səsləyən çağırışlara heç də bütün ölkələrdə məhəl qoyulmur. Zaman-zaman Qərb ölkələrində dini dözümsüzlüyün nümayiş etdirildiyini, başqa dini təriqətlərin, inancların aşağılandığının şahidi oluruq.

Qeyd etmək yerinə düşər ki, aprelin 16-da Danimarkanın radikal sağçı “Stram Kurs” Partiyasının rəhbəri Rasmus Paludan İsveçin Linköpinq şəhərində polisin mühafizəsi ilə Quranı yandıraraq videoçəkiliş təşkil edib və sosial şəbəkələrdə paylaşıb. Müqəddəs kitabın yandırılmasına mane olmaq istəyən insanlar polisin müqaviməti ilə qarşılaşıblar. Bundan sonra polislə insanlar arasında gərginlik yaşanıb. Polisə daşla hücum edən 8 nəfər saxlanılıb. Rasmus Paludan aksiyanı öncə İsveçin Erebru şəhərində etməyi planlaşdırmışdı. Lakin müsəlmanlar etiraza qalxdı, 12 polis nəfəri yaralandı, Rasmus Paludan isə başından daşla zərbə aldı. Erebruda baş tutmayan aksiya polisin mühafizəsi altında Linköpinqdə gerçəkləşdi.

İsveçin baş naziri Maqdalena Anderson baş verənlərə münasibətini belə açıqlayıb: “İsveçdə insanlara öz fikirlərini azad ifadə etməyə imkan yaradılır. Fərqi yoxdur, bunlar yaxşı fikirlərdir, yoxsa pis. İfadə azadlığı demokratiyanın ayrılmaz tərkib hissəsidir. Fikrə necə yanaşmağınızdan asılı olmayaraq, zorakılıq göstərməli deyilsiniz. Biz bunu heç vaxt qəbul etməyəcəyik”.

Onu da nəzərə çatdıraq ki, Rasmus Paludan il yarım əvvəl İsveç pasportu alıb. Qatı anti-İslam mövqeyi ilə tanınan qalmaqallı siyasətçidir. 2019-cu ildə Kopenhagendə mitinq zamanı Quranı yandırması da toqquşmalara səbəb olmuş, onlarla insan həbs edilmiş, siyasətçinin başından daşla vuran bir nəfər gənc Suriya qaçqınının Danimarkaya girişinə ömürlük qadağa qoyulmuşdu.

Göründüyü kimi, “ifadə azadlığı” adı altında İslam inancları aşağılanır. Halbuki zaman-zaman məhz Qərb dünyası  İslam ölkələrini dini dözümsüzlükdə, radikal dini baxışların olmasında günahlandırır, dünyada İslam dəyərlərini gözdən salmağa çalışırlar. 

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Dini ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a mövzunu şərh edərkən deyib ki, bu cür aksiyaların bir məqsədi müsəlmanları provokasiyaya çəkmək, gərginlik və toqquşmalara nail olmaqdır: “Sonuncu aksiyada buna qismən nail oldular, müsəlmanlar Quranı yandıran provokatorlara hücum etdilər.  Qarşıdurmada bir polis maşını yandırıldı. Fikrimcə, əslində bu aksiyaları planlaşdırıb həyata keçirənlərin  məqsədi elə budur. Gərginlik olsun, toqquşmalar, dağıntılar baş versin. Bu zaman Avropa cəmiyyətində mənfi müsəlman obrazı yaratmaq daha asan olur. Eyni zamanda təxribatların indi baş verməsi sanki müsəlmanlarda Avropa düşmənliyi, nifrəti artırmağa hesablanıb”.

Ekspertin fikrincə, Azərbaycanda dini sahədə tolerantlıq hər zaman mövcud olub: “Yəni xırda mübahisələri, sosial şəbəkələrdəki qarşılıqlı ittihamları nəzərə almasaq, dindarlar arasında və ya dindarların qeyri-dindarlara qarşı münasibətində radikalizm və ya zorakılıq yoxdur. Yəni bizdə nə kitab yandıran, kitab yandıranı öldürən var. Əlbəttə, burada iki mühüm amilin rolu var. Birincisi, Azərbaycan xalqı tarixən fərqli din və inanclara qarşı dözümlü olub. Çünki bu torpaqlarda qədimdən müxtəlif dinlərin ardıcılları məskən salıb. Ona görə də insanlar dinc yanaşı yaşamağa alışıblar. Baş verən dini zəmində gərginliklər bir qayda olaraq siyasi məqsədli və ya kənardan olub. Yoxsa azərbaycanlıların özündə o yoxdur. İkinci mühüm amil dövlətdir. Hər hansı ölkədə dini zəmində sabitliyi təmin edən dövlətdir. Çünki din sahəsi strateji sahədir, xalqın təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Baxın, bütün dünyada, o cümlədən müsəlman aləmində dini zəmində təxribatlar daha çox iki halda baş verir. Ya bunu kənardan hansısa qüvvələr o ölkəni zəiflətmək üçün, ya da daxildəki siyasi qüvvələrə və ya dövlətin özündəki qruplar, siyasi hakimiyyət özü daxildə iğtişaş və bölücülük yaratmaq üçün edir. Məsələn, 11 ildir ”qanın su yerinə axdığı" Suriyada daha əvvəl bütün dinlər və məzhəblər yanaşı yaşayırdı, çünki başları üzərində dövlətin sərt əli vardı. Amma üsyan baş verdikdən və “cin şüşədən çıxdıqdan sonra” dini radikalizm ortaya çıxdı. Dünənə qədər eyni məsciddə ibadət edən müsəlmanlar və ya qonşu olan müsəlmanlarla xristianlar bir-birilərini kəsməyə başladı. Halbuki onların dinində və ya şəriətində nə isə dəyişməmişdi. Dediyim kimi, bu iki element yerində olmayanda din hansısa qüvvələrin əlində silaha çevrilir. Gərək həm xalq müdrik ola, həm də dövlət güclü və hüquqi, ədalətli ola. O zaman bu cür təxribatlar olmaz. Eyni nümunəni Avropa üçün də göstərmək olar. Orada da bu cür anti-İslam təxribatlarının arxasında müəyyən dövlət orqanları, radikal sağçı, siyasi qüvvələr dayanır. Yəni işin arxasında dünyəvi maraqlar dayanır, nəinki dini hisslər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR