İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada baş saxlamağın yolu və ya cəngəlliyin G-7-nin yeddincisi

1980 30.06.2022 08:55 Yazarlar A A

Məşhur “Xaç atası” romanının (bu roman əsasında çəkilən məşhur film də var) müəllifi Mario Pyuzonun başqa əsərində belə bir cümlə var: “Caynaqsız şir olmaq şir olmamaqdan daha yaxşıdır”.

Bu fikrin mənası odur ki, necə deyərlər, şir həmişə şirdir, caynağı olmasa da, pəncəsinin gücü, özünün əzəməti yerindədir, düşmənləri üçün ürküdücü görünüşdə, təhlükəli məziyyətdədir.

Cəngəllik qanunları ilə idarə olunan planetimizdə bu, çox ibrətamiz kəlamdır.

Fəqət yaşayış uğrunda amansız süpürləşmənin getdiyi dünyada yırtıcı olmayanların qismətinə şir, pələng, ayı kimi böyük yırtıcılarla bir arada yaşamaq düşüb.

Bu insan cəmiyyətlərinə, dövlətlərarası münasibətlərə də aiddir. Bildiyiniz kimi, dünyada böyük və kiçik, eləcə də aqressiv və mülayim dövlətlər var. Dünyada müharibələr o üzdən səngimir. Çünki cəngəllik qanunlarına görə güclü zəifi parçalamalıdır və özünü güclü sayan dövlətlər bu qanunları əsas götürürlər.

Amma istisnalar da var və heç də həmişə iri, güclü, yırtıcı olanlar özlərindən kiçik və zəiflərə bata bilmirlər. Təbiətdə də elədir.

Israel_(orthographic_projection).svg.png (97 KB)

Afrika və Asiya ölkələrində keçəl porsuq, bal porsuğu, ratel kimi tanınan bir xırda yırtıcı var. Uzunluqu 70, hündürlüyü 30 santimetr, çəkisi isə ən çoxu 15 kilo olan yırtıcıdır. Di gəl, onu Yer üzünün ən qorxmaz və təhlükəli yırtıcısı sayırlar. Niyə? Ona görə ki, ratel çaqqal, tülkü kimi yırtıcıları məğlub edir, kobranı 5-6 saniyənin içində yeyir, canavarla baş-başa döyüşür, ayıyla, pələnglə dirəşir. Aslan kimi böyük yırtıcılarla mübarizə nadir hallarda ratelin ölümüylə nəticələnsə də, onda aslanın qabağından qaçmaq, pəs etmək söhbəti yoxdur. Ona görə də cəngəlliyin G-7-də ratelin də adı var.

Dünya siyasətində özünü ratel kimi göstərən cəmi bir ölkə var – İsrail. Bu, ərazisinə görə cırtdan ölkədir. Gün ərzində avtomobillə İsrailin ərazisində 7 dəfə o baş-bu başa gedib-gəlmək olar. 20 770 kv\km ərazisi var, qlobusda nöqtə kimi görünür. Ancaq İsrail hələ 1967-ci ildə baş verən “6 günlük müharibə”də sübut edib ki, rateldir, hələ ondan da ötədir. Cəmi 6 gün davam edən müharibədə ərəb dünyasının İsraildən 50-100 dəfə böyük dövlətlərinin koalisiyası (Misir, Suriya, İraq, İordaniya) biabırçı məğlubiyyətə uğrayıblar. Nəticədə İsrail Suriyadan Colan təpələrini, Misirdən Sinay yarımadasını və Qəzza sektorunu, İordaniyadan İordan çayının qərb sahilini qoparıb. Bu, təxminən bal porsuğunun hücum edərək ayıların əlindən bal pətəklərini alması kimi bir şey idi.

 Six_Day_War_Territories.svg.png (47 KB)

Deyilə bilər ki, o vaxt və ondan sonra İsrailə ABŞ kömək edib. Elədir. ABŞ İsrailə yaranışından bəri həm siyasi, həm maddi, həm də hərbi dəstək verir. Amma ərəb koalisiyası ilə döyüşənlər İsrail oğullarıydı.

Ona qalsa, hazırda ABŞ və Avropa Rusiyaya qarşı döyüşən Ukraynaya da hər cür dəstək verir, amma heç kəs gəlib Donbasda ukraynalıların əvəzindən döyüşmür (beş-altı könüllünün təşkil etdiyi müstəsna hallar sayılmır, söhbət hərbi birliklərlə döyüşməkdən gedir), meydanda Ukrayna oğullarıdır və qurbanlar verərək müqavimət göstərməkdə, düşməni yorub-əldən salmaqda, yaralamaqda davam edirlər. Bu da ratelin özündən 50 dəfə böyük ayıyla döyüşməsi deməkdir.

Uzun sözün kəsəsi, bu dünyada baş dolandırmaq istəyən xalq qurmuş olduğu kiçik dövlətini qorumaq, haqqını yedirtməmək, özünü əzdirməmək üçün ratel kimi olmalıdır. Dovşan, ceyran, qoyun olan nakam gedir, onlar yalnız mərhəmətli güclərin sayəsində, hansısa qoruqda salamat qala bilərlər – o da qoruq sahibinin istədiyi vaxta qədər. Ratelin isə belə bir problemi yoxdur, o aslanın 1-2 metrliyində otura bilir, yeri gələndə ona diş də qıcayır.

Bir ara Ermənistan da şimal ayısına güvənərək özünü ratel hesab edir və elə aparırdı, amma bizimlə təkbətək qalanda cəmi 44 günə ratel-filan olmadığı, eləcə yerli qobu porsuğu olduğu üzə çıxdı.

Bizim qarşımızda özünü şir sayanların, daxili işlərimizə burun və quyruq soxanların ağıllanmasını gözləmədən gücümüzü toparlamaq, müttəfiqlərimizlə sarsılmaz ittifaq qurmaq boynumuzun borcudur. Bu dünya zəifləri və yumşaqları sevmir və öz üstündə saxlamır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR