İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada analoqu olmayan təhsil sistemimiz - orta ixtisas və peşə təhsili ilə bağlı ilginc açıqlama

1971 18.05.2023 08:25 Təhsil A A

Ekspert: “Ölkədə hazırda universitetlərdə təhsilin səviyyəsi çox aşağıdır”

“Çox təəssüf ki, bu gün bizdə yalnız ali təhsil müəssisələrinə münasibətdə institusional və proqram akkreditasiyaları üzrə meyarlar mövcuddur. Digər təhsil pillələri üzrə bizim akkreditasiya meyarlarımız yoxdur”.

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış mərasimində deyib.

Nazir müavini qeyd edib ki, 5-ci kvalifikasiya səviyyəsi üzrə həm proqram, həm də institusional akkreditasiya meyarları hazırlanmalıdır: “Baxmayaraq ki, peşə təhsili üzrə müəyyən fəaliyyətlər başlanılıb. Bununla bağlı nazirliyin tədbirlər planı var lakin yüksək texniki peşə səviyyəsi üzrə məsələyə aydınlıq gətirildikdən sonra kvalifikasiyaların 5-ci səviyyəsi üzrə akkreditasiya məsələsinə baxmalıyıq”.

Nazir müavini uzun zamandır tənqid olunan bir məsələyə də diqqət çəkib və deyib ki, təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır. O etiraf edib ki, təhsil proqramlarına yanaşma dəyişilməlidir: “Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunun əməkdaşlarının peşəkarlığı artırılmalıdır”.

Nazir müavini qeyd edib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır: “Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir”.

Nazir orta ixtitsas pilləsi ilə bağlı ilginc açıqlama da verib. Sitat: “Bizim qanunvericilikdə orta ixtisas pilləsi anlayışı var. Dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur”. O bildirib ki, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır: “Təbii ki, biz bu faktorları nəzərə almalıyıq çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalı, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini etməlidir. Ona görə də yanaşmamızı dəqiqləşdirməliyik”...

Nazir müavini qeyd edib ki, ikinci məsələ yüksək texniki peşə səviyyəsi ilə bağlıdır: “Burada bir qədər qeyri-müəyyənliklər var. Qısamüddətli ali təhsil proqramlarının tədrisi subbakalavr peşə səviyyəsinin verilməsi ilə başa çatır. Bildiyiniz kimi, bizim peşə təhsilimizdə, qanuna görə, 3 səviyyə mövcuddur: İlk peşə, texniki peşə və yüksək texniki peşə. Yüksək texniki peşə səviyyəsi də subbakalavr peşə ixtisasının verilməsi ilə başa çatır.

Bu layihə çərçivəsində müəyyənləşdirilməsi lazım olan məsələlərdən biri də yüksək texniki peşə səviyyəsi üzrə verilən bacarıqların kvalifikasiyalar çərçivəsində 5-ci səviyyəyə aid olub-olmadığını müəyyənləşdirməliyik. Bu gün mövcud olan qaydalarımızda yüksək texniki peşə pilləsinin hansı kvalifikasiya səviyyəsinə aid olduğu müəyyən edilməyib. Bildiyim qədərilə 40-a yaxın kvalifikasiya hazırlanacaq. Bunlardan 30-u qısamüddətli ali təhsil, 10-u isə yüksək texniki peşə proqramlarına aiddir".

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov »  Gundelik-Baku.Com

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, universitetlərin başlıca məqsədi ölkədəki işçi qüvvəsi tələbatına uyğun qaydada ixtisas qrupları yaratmaq və tələbələrə məzun olduqdan sonra öz ixtisaslarına uyğun işlərdə işləmələri üçün zəruri olan bilikləri öyrətmək olmalıdır. O qeyd edib ki, universitetlər tələbələri bazarın tələblərinə uyğun biliklə təmin edə bilmirsə, o zaman universitet təhsili vaxt və pul israfıdır: “Texnikum və peşə məktəblərinin sayı və oradakı təhsilin keyfiyyəti artırılmalı, həmçinin bu təhsil müəssisələri daha çox şəxs üçün əlçatan olmalıdır. Şagirdlərin məktəbi bitirdikdən sonra ixtisassız işçi olmaması üçün onların təhsillərini davam etdirməsi olduqca vacibdir. Azərbaycanda şagirdlərin təxmini 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə onlar ixtisassız işçiyə çevrilirlər ki, bu problemi də texnikum və peşə məktəbləri aradan qaldıra bilər. Həmçinin bir çox ixtisasa yiyələnmək və gələcəkdə ona uyğun iş tapmaq üçün universitet təhsili vacib deyil. Universitet təhsili o ixtisaslar üzrə vacibdir ki, orada tələbənin ciddi nəzəri biliklərə yiyələnməsi zəruri olsun və bu nəzəri biliklərin universitetdən kənar əldə edilməsi qeyri-mümkün və ya olduqca çətin olsun. Hesab edirəm ki, universitet diplomunun dəyəri əsasən məzunun iş imkanlarını artırması ilə ölçülür. Universitetlərdə isə təhsil haqları heç də hamı üçün əlçatan deyil. Belə olan təqdirdə, ixtisasa uyğun iş tapmaq baxımından yeni imkanlar yaradan diplomlar əsasən universitet diplomlarını əhatə etməməlidir. Hazırda diqqətdən kənar qalan texnikum və peşə məktəblərinin cəlbediciliyinin artırılması işçinin biliyi ilə bazarın tələbləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa ciddi kömək edə bilər. Texnikum və peşə məktəblərində daha çox insanın təhsil alması və bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşması təbii ki, işəgötürənlərin də yerli-yersiz bütün iş elanlarına ali təhsil tələbi yerləşdirməsini aradan qaldıra bilər. Dövlət bu sahədə hələ ki çox az iş görüb. Belə ki, 2022-ci il dövlət büdcəsində təhsil xərclərinin həcmi 3 milyard 884 milyon manata bərabərdir. Bütün büdcə xərclərinin 13%-ni məhz təhsil xərcləri təşkil edir. Büdcədən təhsil istiqamətinə ayrılan xərclərin (yəni 3 milyard 884 milyon manatın) təxminən 70%-ni müxtəlif təhsil pillələri üzrə ayrılan vəsait təşkil edir. Təhsil pillələri arasında ən çox vəsait-təhsilə ayrılan maliyyə vəsaitinin 54%-i orta mətkəblərə (bura 1-ci sinifdən 11-ci sinifədək bütün siniflərdə təhsil alanlar daxildir) ayrılır.

İlk baxışdan orta ixtisas və peşə təhsili müəssisələrinə universitetlərdən daha çox vəsaitin ayrılması gözə dəysə də, nəzərə almaq lazımdır ki, Azərbaycanda universitetlərin əsas maliyyə mənbələri təhsil haqlarından əldə edilən vəsaitdir. Digər tərəfdən, universitetlərdə təhsil haqqı məbləğləri texnikumlar və peşə məktəbləri ilə müqayisədə olduqca yüksəkdir. Universitetlərdə illik təhsil haqqı orta hesabla 2290, texnikumlarda təxminən 600, peşə təhsili müəssisələrində 500 manatdır".

Ekspert hesab edir ki, Azərbaycanda həm təhsil sistemində, həm də əmək bazarında çatışmazlıqlara səbəb olan yuxarıda sadaladığımız problemlərin həlli üçün ilk növbədə ali təhsil müəssisələrində tədris edilən ixtisasların, ən azından dövlət sifarişi ilə ayrılan yerlər bazarın və dövlət sektorunun tələblərinə uyğunlaşdırılmalıdır: “Azərbaycanda hər il yüzlərlə tarixçi, diplomat, politoloq və bu kimi ixtisaslar üzrə təhsil alan şəxslərin yetişdirilməsi üçün dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmasına ehtiyac yoxdur. Həmin vəsait əmək bazarında daha çox tələb olunan və ölkədə kadr çatışmazlığı yaranan mühəndislik, tibb, hüquq kimi istiqamətlərə yönəldilməlidir. Müəyyən ixtisaslara ayrılan dövlət sifarişli yerlərin sayının azaldılması tək tələbin olmaması və resurs israfı ilə deyil, həm də Azərbaycan universitetlərinin həmin ixtisaslarda o qədər çox kadr yetişdirmək potensialının olmaması ilə də izah oluna bilər. Ölkədə hazırda universitetlərdə təhsilin səviyyəsi çox aşağıdır və o qədər çox kadra yetəcək qədər keyfiyyətli professor-müəllim heyəti yoxdur. Həmin ixtisaslarda təhsil alanların sayının azaldılması universitetlərin öz məhdud resurslarını az tələbəyə ayırmasına, nəticədə isə onların nisbətən daha keyfiyyətli təhsil almalarına şərait yarada bilər. Universitetlərlə bağlı atılmalı olan daha bir addım nəzəri biliyin ən yaxşı halda minimal tələb edildiyi ixtisasların texnikumlara ötürülməsi olmalıdır. Universitetlərdəki dəyişikliklərlə yanaşı, problemin həlli həm də texnikum və peşə məktəblərinə marağın artırılmasından asılıdır. Bunun üçün tələb olunan addımlar büdcədən təhsilin bu pillələrinə daha çox vəsait ayrılması,dolayısıyla, texnikum və peşə məktəblərində kadr potensialının, infrastrukturun inkişaf etdirilməsidir. Həmin təhsil müəssisələrində dövlət sifarişli yerlərin artırılması daha çox şəxsin texnikum və peşə məktəblərinə yönəlməsinə şərait yarada bilər. Texnikum və peşə məktəblərinə münasibətdə müşahidə edilən digər ayrı-seçkilik hallarının aradan qaldırılması da bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşmasına kömək edə bilər. Məsələn, hazırda Azərbaycanda hərbi xidmət kişilər üçün icbari sayılır. Universitetlərə daxil olan tələbələrə, hətta magistraturaya daxil olduğu halda iki dəfə hərbi xidmətdən möhlət hüququ verilsə də, bu yanaşma nə texnikumlara, nə də peşə məktəblərinə daxil olan oğlanlar üçün tətbiq edilir. Əmək bazarı dinamik bir sahədir və yeni texnologiyaların və digər inkişaf etmiş təcrübələrin girişi ilə daim inkişaf edir. Bu inkişaf əmək bazarındakı tələblərin də dəyişməsinə səbəb olur. Bu səbəbdən, mütəxəssislər iş gücü bazarındakı dəyişikliklərə aydın şəkildə cavab vermək üçün hazırlanmalıdır. Əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığı prosesi, tez-tez təşkil edilən iş təcrübələri, seminarlar və konfranslar vasitəsilə davam edir. Mütəxəssislərin hazırlığı, əmək bazarında işə qəbul olmaq və ya sərbəst fəaliyyət göstərmək üçün vacibdir. Buna görə, əmək bazarının tələblərinə cavab verən mütəxəssislər öz mövqeyini qorumaq üçün həmişə hazırlıqlı olmalıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR