Azərbaycanın ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi, COP29-un Bakıda keçirilməsi, Ümumdünya Şəhərsalma Forumu kimi nüfuzlu tədbirlərin ölkəyə həvalə olunması, eləcə də BMT Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına seçkilərdə geniş beynəlxalq dəstək qazanması ölkənin beynəlxalq nüfuzunun sistemli şəkildə artdığını göstərir. Bu faktlar Azərbaycanın artıq yalnız regional aktor deyil, qlobal səviyyədə etibarlı tərəfdaş, dialoq məkanı və beynəlxalq əməkdaşlığın təşviqçisi kimi qəbul olunduğunu nümayiş etdirir. Mövcud geosiyasi şəraitdə bu status Azərbaycanın həm siyasi çəkisini, həm də iqtisadi imkanlarını daha da artıran mühüm strateji üstünlük kimi çıxış edir.
Azərbaycanın son illərdə beynəlxalq arenada qazandığı nüfuz və etibarlı tərəfdaş imici təsadüfi deyil. Bu mövqe uzunmüddətli xarici siyasət strategiyasının, balanslaşdırılmış diplomatiyanın, iqtisadi sabitliyin və beynəlxalq öhdəliklərə sadiqliyin nəticəsi kimi formalaşıb.
Professor Qabil Hüseynli bu barədə Musavat.com-a şərhində bildirib ki, Azərbaycanda dünya miqyaslı böyük beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizə etimadın göstəricisidir:
“Dünyada iri beynəlxalq təşkilatlar, qurumlar, iştirakçı dövlətlər hər hansı ölkəni mühüm tədbirlərə ev sahibi seçərkən bir neçə əsas meyara diqqət yetirirlər: siyasi sabitlik, təhlükəsizlik, logistika imkanları, diplomatik etibarlılıq və təşkilatçılıq bacarığı. Azərbaycan son bu meyarların hamısına cavab verən ölkə kimi özünü təsdiqləyib. Xüsusilə son illərdə Bakı bir sıra beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib. Artıq paytaxtımızla yanaşı, bir sıra digər şəhərlərimizdə də beynəlxalq tədbirlər çox uğurla həyata keçirilir. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın beynəlxalq miqyasda etibar edilən, güvənilən ölkəyə çevrildiyinin təsdiqidir. Dünya Dini Liderlərinin Zirvə Görüşləri, Humanitar Forumlar, Beynəlxalq Astronavtika Konqresi, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, Türk Dövlətləri Təşkilatının sammitləri, BMT-nin dünya miqyaslı tədbirlərinin Azərbaycanda uğurla reallaşdırılması Azərbaycanın nüfuzunun və yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisidir”.

Professor deyib ki, bu prosesin məntiqi davamı olaraq Azərbaycan bugünlərdə ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etdi. İlk dəfə 2010-cu ildə keçirilən toplantının yenidən Bakıya həvalə olunması təşkilatın Azərbaycana olan etimadının göstəricisi kimi qiymətləndirilir:
“İslam dünyasının ən mühüm maliyyə institutlarından biri olan İslam İnkişaf Bankının üzv dövlətləri Azərbaycanın iqtisadi sabitliyini, regional əməkdaşlığa töhfəsini və inkişaf layihələrindəki rolunu nəzərə alaraq bu qərarı qəbul ediblər.
Azərbaycanın beynəlxalq nüfuzunun ən mühüm göstəricilərindən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının – COP29-un Bakıda keçirilməsidir. COP dünyanın ən böyük beynəlxalq siyasi və ekoloji platformalarından biri hesab olunur. Bu tədbirə ev sahibliyi etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Azərbaycanın namizədliyinin dəstəklənməsi göstərdi ki, müxtəlif geosiyasi bloklara daxil olan dövlətlər Bakı ilə əməkdaşlığı qəbul edir və ona etimad göstərirlər. Azərbaycan isə göstərilən etimadı ən yüksək səviyyədə doğrultdu. COP29-un Azərbaycanda keçirilməsi bir neçə mühüm məqamı ortaya qoydu: Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə kimi deyil, qlobal problemlərin müzakirəsində iştirak edən məsuliyyətli dövlət kimi qəbul edilir, Bakı müxtəlif siyasi düşərgələr arasında dialoq platforması rolunu oynaya bilir, Azərbaycan inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş dövlətlər arasında körpü funksiyasını yerinə yetirir, ölkənin təşkilati və texniki imkanları beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
COP29 həm də Azərbaycanın "yaşıl enerji" siyasətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisi oldu. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan edilməsi, bərpa olunan enerji layihələrinə milyardlarla dollar investisiyanın cəlb olunması Azərbaycanın yeni inkişaf modelinə keçidini nümayiş etdirir.
Ötən ay Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi də xüsusi əhəmiyyət daşıması və yüksək səviyyədə baş tutması ilə seçildi”.
Q.Hüseynli onu da qeyd edib ki, Azərbaycanın diplomatik nüfuzunu artıran digər mühüm amil onun Qoşulmama Hərəkatındakı fəaliyyəti oldu:
“2019-cu ildə Azərbaycan yekdilliklə Qoşulmama Hərəkatına sədr seçildi. Daha sonra üzv dövlətlərin qərarı ilə sədrliyin müddəti uzadıldı. Bu da təşkilata üzv olan 120-dən çox ölkənin Azərbaycana olan etimadını nümayiş etdirirdi. COVID-19 pandemiyası dövründə Azərbaycan Qoşulmama Hərəkatının fəallığını artırdı, dövlət və hökumət başçılarının zirvə görüşlərini təşkil etdi, inkişaf etməkdə olan ölkələrə maliyyə və humanitar yardım göstərdi. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi də ölkənin diplomatik imkanlarının göstəricisi hesab olunur. Bu fəaliyyət nəticəsində Azərbaycan qlobal Cənub ölkələrinin maraqlarını müdafiə edən, inkişaf etməkdə olan dövlətlərin problemlərini beynəlxalq gündəmə çıxaran aktor kimi qəbul olunmağa başladı”.
Etibar Seyidağa,
Musavat.com






