İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bu dəfə də vəba təhlükəsi ilə üz-üzə - ÜST-dən SOS!

850 10.10.2023 08:26 Yaşam A A

Mərdan Əliyev: “Gigiyenik şərtlərin zəif olduğu, inkişaf etməkdə olan ölkələrdə daha çox yayılır, ona görə...”

2023-cü ilin əvvəlindən bəri dünyada vəbaya yoluxma hallarının sayı 582 mini keçib, 4,5 mindən çox insan dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aylıq bülletenində bildirilir ki, yanvar ayından bəri vəbaya yoluxma 29 ölkədə qeydə alınıb.

Həmçinin qeyd edilir ki, 2023-cü ilin arxada qalan dövründə vəbaya yoluxma sayı keçən ilə dair illik rəqəmləri üstələyib: 15 sentyabr tarixinə 582 219 hadisə və 4 543 ölüm qeydə alınıb. Təşkilat xatırladıb ki, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəbaya yoluxma hadisəsi qeydə alınıb: “Çox sayda yoluxma halı və onların coğrafi yayılması, həmçinin vaksinlərin və digər resursların çatışmazlığı nəzərə alınmaqla, ÜST qlobal risk səviyyəsini çox yüksək kimi qiymətləndirməyə davam edir”.

Bülletendən aydın olur ki, xəstəlik xüsusilə Afrikada daha çox yayılıb. İlin əvvəlindən bəri 16 Afrika ölkəsində vəba xəstəliyinə yoluxma halları qeydə alınıb. Burundi, Konqo Demokratik Respublikası (KDR), Zimbabve, Kamerun, Malavi, Mozambik və Efiopiya və digər ölkələrdə yoluxma halları çoxdur. Şübhəli vəba hallarının əksəriyyəti Əfqanıstandadır (təxminən 159 min). Xəstəlik həmçinin Suriya (təxminən 120 min hadisə), Haiti (62 mindən çox), Malavi (58 mindən çox), Dominikan Respublikası (36 mindən çox) və Efiopiyada (23 mindən çox) yayılıb.

Yeri gəlmişkən, ötən illərdə koronavirusun bir neçə ştamının da Afrika ölkələrində yarandığının şahidi olmuşduq. Bəs görəsən, vəba da koronavirus kimi digər ölkələrə yayıla bilərmi? 

Qeyd edək ki, vəba su ilə yayılan xəstəlik olub, müvafiq törədici ilə çirklənmiş suyun içilməsi və yemək bişirilərkən istifadə edilməsi, yaxud da tam bişməmiş dəniz məhsullarını kontaminasiya etməsi nəticəsində törənir. Adətən kasıbların xəstəliyi hesab edilir, lakin səyahətdən qayıdan şəxslər arasında da tez-tez qeydə alındığına dair məlumatlar mövcuddur. İllik yoluxma göstəriciləri müxtəlifdir, lakin adətən ətraf mühitin temperaturunun daha isti olduğu vaxtlara təsadüf edən mövsümi piklər də qeydə alınır. Vəbanın Cənubi Asiyada meydana gəldiyi güman edilsə də, 1817-ci ildən etibarən 7 pandemiya törətməklə, bütün dünyaya yayılıb. Xəstəlik ən çox Afrika qitəsinin yarımsəhra regionlarında qeydə alınır ki, ən son epidemiyası da Zimbabvedə baş vermişdi. Bununla belə, ekspertlər hesab edir ki, xəstələnmə göstəriciləri Cənubi Asiyada da geri qalmır. Xəstəlik piklərinə epizodik hallarda təsadüf edilir, lakin bunlar bütün dünyada eyni vaxtda baş verməyə meylli olub, son piklər 1995 və 2005-ci illərdə qeydə alınıb. Bir təxminə görə, 1995-2005-ci illərdə Afrikada yarım milyonadək insan bu xəstəliyə yoluxmuş, əksər xəstəlik hadisələri Konqo Demokratik Respublikası və Rvandan sərhədi kimi müharibə nəticəsində dağılmış ərazilərə təsadüf edib. Ehtimal ki, bu göstərici həqiqətdən xeyli azaldılıb, belə ki, vəbanın ən çox yayıldığı ərazilər xəstəliklərin qeydə alınması üzrə ən zəif sistemə malikdir və siyasi faktorlar hesabat verməyə təsir edir.

Endemik regionlarda ən yüksək yoluxma 5 yaşadək uşaqlar arasında qeydə alınır. Endemik olmayan ərazilərdə uşaqlar və böyüklər arasında xəstələnmə göstəriciləri analojidir. Xəstələnmə göstəricilərində cinslə bağlı fərqlər müşahidə edilmir, lakin epidemiyanın erkən dövrlərində qeyri-mütənasib olaraq kişilər arasında yoluxma daha çox baş verir. Bu, peşə xüsusiyyətləri ilə bağlı kişilər arasında yoluxmuş su ilə təmasın daha çox olmasından qaynaqlanır. Xəstəliyə yoluxma təhlükəsi yüksəkdir və yoluxmuş şəxslərin yalnız kiçik bir qismində (təxminən 1-5%) ağır infeksiya baş verir. Kliniki mənzərə yoluxma dozası, fon immunitetinin və qidalanmanın səviyyəsindən asılıdır.

merdan-eliyev-hekim-infeksionist.jpg (18 KB)

Mərdan Əliyev 

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a dedi ki, vəba koronovirusdan fərqli olaraq bakterial infeksiyadır, ondan fərqli olaraq hava-damcı yolu ilə yoluxdurmur, əsasən çirkli əllərlə yoluxur: “Buna görə də gigiyenik şərtlərin zəif olduğu, inkişaf etməkdə olan ölkələrdə daha çox yayılır. Gigiyenik qaydalara riayət olunan ölkələrdə, əl yuma qaydalarına əməl edən ölkələrdə bu xəstəliyə az təsadüf edilir. Bunun yoluxuculuq qabiliyyəti də o qədər sürətli olmur. Deyək ki, koronavirus hava-damcı yolu ilə yoluxduğu üçün Afrikada aşkarlandıqdan iki gün sonra başqa ölkələrə də yayılır. Amma vebanın koronavirus kimi yayılma ehtimalı çox deyil. Yəni bu xəstəlik bizdən daha çox asılı olan məsələdir, amma koronavirus kimi xəstəliklərdən qorunmaq çətindir. Əllərimizi düzgün şəkildə yuyuruqsa, bunun yoluxma ehtimalı sıfıra düşür.

O ki qaldı vəba ilə bağlı peyvəndə, bu daha çox vəbanın yayıldığı ölkələrdə istifadə olunur. Bizdə bu rutin peyvəndlərə daxil deyil. Çünki ölkəmizdə aşkarlanmayıb. O zaman tətbiq edilir ki, artıq ölkədə sürətlə yayılmağa başlayır. Qarşısını almaq üçün, xüsusən uşaqlara profilaktik olaraq tətbiq edilir. Bizdə hələ ki buna ehtiyac yoxdur".   

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR