İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünən “mafioz” idi, bu gün “qaragöz” oldu?

4600 26.12.2022 13:55 Yazarlar A A

 

Kimisə vəzifədən çıxardılarmı, val dəyişdirənlər adamın qanını qaraldır...

Dünənə qədər həmin vəzifəli şəxsin şəklini sosial şəbəkədə profil fotosu edənlər, barəsində söhbət düşəndə “cənab nazir” (“başçı”, “sədr”, “rəis”) ünvanından qabaq hələ bir “hörmətli” epiteti də artıranlar, harda gəldi şəninə tərif söyləyənlər, “cənab”ı tənqid edənlərlə dalaşanlar və sair və ilaxır yaltaqlar bir anın içindəcə qeybə çəkilirlər.

Yalnız az bir qism adam olur ki, onlar sinələrini qabağa verib irəli durur. Belə adamlar iki qrupa bölünür: 1. “Vurulmuş” vəzifəli adamı yenə də müdafiə edənlər; 2. “Vurulmuş”un leşinə vuranlar.

Hər üç kateqoriyadan olan adamlar düz eləmir. Qeybə çəkilənlər onu düz eləmirlər ki, etibarsızdırlar, dar gündə adamın arxasından qaçırlar. “Vurulmuş”u müdafiə edənlər bir qədər mərdanə olsalar da, gerçəkliklə hesablaşmırlar və fanatatiklik edib özlərini yandırırlar. “Vurulmuş”u vuranlar isə nanəciblik edirlər, dünən imkanlarından barındıqları şəxsi qotur keçi qiymətinə satırlar.

Bu mövzuya münasibətdə başqa mövqedə olan “əbədi dissidentlər” də var və onların nə istədiklərini, nəyə çalışdıqlarını anlamaq çətindir.

Dünənə qədər adı odioz və mafioz biri kimi çıxmış əzazil, tamahkar, talançı məmurdan danışarkən əl aparıb, qan gətirən, onu dünyanın ən mürtəce məxluqu adlandıran, vəzifədən çıxarılmasını, hətta həbs edilməsini tələb edən yüzlərlə ictimai-siyasi fəal bir saatın içindəcə valı dəyişirlər: “Olmalıydı, olmadı”, və ya “Sənə, yar, səndən, yar, şikayətim var” mahnısının yerinə “Neyçün bəs” və ya “Ədalətin bumu, dünya” oxuyurlar.

Təsəvvür edin, adamların illərcə bəslədikləri arzu çin olub, qudurmuşun biri postundan götürülüb, görün bunlar nə yazırlar, nə deyirlər. Sitatlar: “Görünür, nəsə başqa söhbət var, yoxsa onu indiyəcən niyə çıxarmırdılar?”; “Onu götürüb yerinə başqasını qoyacaqlar dəə, nə xeyri olacaq?”: “Yerinə gələn onun atasına rəhmət oxudacaq”; “Vəzifədə olanda danışan yox idi, indi hamısı döşəyir” və sair və ilaxır.

Belə anlaşılır ki, bu hər zaman ədalət tələb edənlər bir korrupsioner talançının zərərsizləşdirilməsinə razı deyillər.

Yaxşı, bəs necə olsun? Belə bir adamı vəzifədən götürməsinlər, o da talaya-talaya getsin, nəslinin qalstuk taxa bilənlərinin hamısını milyonçu etsin, sonra da vəzifəsini oğluna, kürəkəninə miras qoysun?

Bir şəxsin pis əməlləri haqqında vəzifəsini itirdikdən sonra danışılması bizi niyə narahat etməlidir? Qoy danışsınlar. Bunu əvvələr də yazmışıq. Adi bir kapitan rütbəli sahə müvəkkili ilə rastlaşanda belini büküb ikiəlli görüşən adamlar tələb edirlər ki, 57 kiloluq gənc jurmalist general-polkovnik rütbəli güc nazirini ifşa etsin, onu divara dirəsin, villalarının şəklini, videosunu çəksin, döyülməkdən, tutulmaqdan və digər aqibətlərdən qorxmasın. Bunu adi öz hüququ tapdananda və şikayət etməyə məcbur qalanda “xahiş edirəm, adım çəkilməsin, elə çıxmasın ki, şikayət etmişəm, öz adınızdan yazın” deyən, orta ranqlı vəzifəli şəxsin təzyiqinə məruz qalan kimi jurnalistin üzünə duraraq, “mən ona elə söz deməmişəm, özündən uydurub” bəyanatı verən, məhkəmələrdə jurnalistin cərimələnməsinə bais olan adamlar deyir.

Ən pisi odur ki, həmin adamlarun “yıxılana balta vururlar” ifadəsi ifşa olunmuş məmurun daha pis əməllərinin üstünün açılmasına qarşı olur. Sizi narahat edən nədir axı? Bir zülmkar cəzalandırılır, tələb edin ki, daha ağır, tam layiq olduğu cəzanı alsın, bu nə müdafiədir? İmkan verin, görək, bu daha haralarda kimlərin evini yıxıb, milləti necə zəlil edib, dövlətə qarşı hansı xəyanətlərə qol qoyub.

Elə biri vəzifədən çıxarılan kimi mələk, zərərçəkən, əzabkeş olur?

Tez-tez deyirlər: “Bəs başqalarını niyə cəzalandırmırlar?” Buldozer yavaş-yavaş gəlir axı. Bu “Ferrari” deyil, şütüyüb getsin. Buldozer ağır hərəkət edir, siz onu arzulayın ki, buldozer dayanmasın, qabağına keçən iri kötükləri yavaş-yavaş kürüyüb aparsın, hamarlaya-hamarlaya getsin.

Çürük kötüklərə görə buldozerə mane olmayaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR