İnsanlara hürriyət, millətlərə istiqlal!

Dülgər Pikin karyerasının piki – O, Hitlerlə savaşıb, Stalinlə dost olub, ADR prezidenti seçilib

1574 01.08.2022 11:32 Yaxın tarix A A

O, birinci kürsüyə çox çətin və mürəkkəb bir dövrdə, ölkə iki yerə parçalananda, Almaniya Demokratik Respublikası yaradılanda gəlib. Vilhelm Pik Almaniyanın (ADR) ilk və yeganə prezidenti olub. Tanınmış siyasətçilər, tarixçilər, araşdırmaçılar Pikin ictimai-siyasi fəaliyyətinə fərqli münasibət bildiriblər. Qərb siyasətçiləri onun kommunist baxışlarını sərt tənqid ediblər, sosialist düşərgəsinin liderləri onu “kommunizm fədaisi” adlandırıblar. Sıravilərin yaddaşında isə Vilhelm Pik güclü, iradəli, ictimai fəaliyyətində həyatını belə qurban verməyə hazır olan siyasətçi, güclü yumor hissinə malik bir insan kimi qalıb...

Vilhelm Pik 1876-cı ildə Almaniyanın Quben şəhərində anadan olub. Orta təhsil aldıqdan sonra o, dülgərlik peşəsinə yiyələnib. Pik nə vaxtsa böyük siyasətçi olacağını ağlına belə gətirməyib. Ən böyük arzusu peşəsinə uyğun iş tapıb pul qazanmaq, ailə qurmaq, maddi tələbatını orta səviyyədə təmin etmək olub. Pikin atası at arabası sürüb, yük daşımaqla ailəsini dolandırıb. Ailənin maddi vəziyyəti o qədər də qənaətbəxaş olmayıb.

vilgelm_pik.jpg (48 KB)

Pik dülgərlik peşə məktəbini bitirdikdən sonra ailədən ayrılaraq özünə iş axtarmağa gedib. Bir neçə həftəlik axtarışlardan sonra o, Bremen şəhərində dülgər işinə düzəlib. İlk müstəqil addımlarını atan gələcəyin prezidenti Bremendə həmkarlar ittifaqına üzv yazılıb. Məqsədi heç də siyasətə qoşulmaq olmayıb. İşdən sonra həmkarlar ittifaqının məktublarını ünvanlara çatdırmağa, təbliğat plakatlarını yaymağa görə o, əlavə qazanc əldə edib. Məhz elə bu işləri gördükcə də, Pikdə siyasətə maraq yaranıb. Beləliklə, o, 1895-ci ildə Almaniya Sosial-demokrat Partiyasının sıralarına daxil olub. Daha sonra bu partiyanın məktəbəndə siyasi dərslər alıb. Artıq 1905-ci ildə Pik partiyanın Bremen təşkilatının sədri vəzifəsinə yüksəlib.

Pik müharibənin, dünyanın ayrı-ayrı siniflərə bölünməsinin qəti əleyhinə çıxıb. Müharibə yaradan faktorları sərt şəkildə tənqid edib.

1319068.jpg (59 KB)

I dünya müharibəsi zamanı Pik 1915-ci ildə hərbi xidmətə çağrılıb. O, orduda antimüharibə təbliğatı aparıb ki, onun bu siyasi kursu Almaniya ordusunun şəxsi heyətinin döyüş hazırlığına mənfir təsir göstərmək kimi qiymətləndirilib və buna görə Pik hərbi tribanala çıxarılıb. Ancaq Pik ceviklik göstərərək hökmün çıxarılmasına qədər istintaq təcridxanasından qaçmağa nail olub. Berlinə qaçan Pik marksist proletar təşkilatı olan “Spartak ittifaqı”na qoşulub və bu təşkilatın xətti ilə o, siyasi fəaliyyətini Amsterdamda davam etdirib.

1918-ci ildə Pik yenidən Almaniyaya qayıdıb. Artıq həmin dövrdə siyasi dairələrdə o, siyasi fiqur kimi tanınıb. 30 dekabr 1918-ci ildə Pik Almaniya Kommuniat Partiyasının təsis edilməsi ilə bağlı yaradılmış komissiyaya üzv seçilib və partiyanın ilk üzvlərindən biri olub.

1921-ci ildə Pik Komintern İcraiyyə Komitəsinə üzv seçilib, bu ərəfədə o, Leninlə tanış olub, daha sonra SSRİ ilə sıx əlaqələr yaradıb.

ed9ca67c-bed9-4369-be87-f6ff30d58dda.jpg (96 KB)

Pik Almaniya Kommunist Partiyasının inkişafı, onun hakim partiyaya çevrilməsi üçün uzun illər gərgin mübarizə aparıb. O, bu məsələdə SSRİ-yə arxalanmaqla yanaşı, dəfələrlə öz həyatını da təhlükəyə atıb.
1933-cü ildə Adolf Hitler hakimiyyətə gələndə fürer kimi ilk göstərlərindən biri alman kommunistlərini sıradan çıxarmaq olub. Onun “qara” siyahısında Pikin adı ön sıralarda əsk olunub. Hitler Piki alman xalqının düşməni adlandırıb. Nasistlər kommunistlər arasında əsas iki hədəf seçiblər, Almaniya Kommunist Partiyasının sədri Yon Şeri və onun müavini Vilhelm Piki.

Yon Şer 13 noyabr 1933-cü ildə həbs edilib. O, Berlində “Kolumbiya” düşərgəsində saxlanılıb. İstintaqa ifadə verməkdən imtina edən Yon Şer heç bir məhkəmə prosesi olmadan 1 fevral 1934-cü ildə gestapo tərəfindən güllələnib. Eyni aqibətlə üzləşəcəyini anlayan Pik Almaniyadan qaçaraq Parisə mühacirət edib.

Bundesarchiv_Bild_183-09139-020,_Berlin,_75._Geburtstag_Wilhelm_Piecks.jpg (63 KB)

1934-cü ildən Almaniya Kommunist Partiyası Parisdə fəaliyyətini davam etdirib və Pik partiyanın sədri seçilib. Pik mühacirətdə olarkən dəfələrlə SSRİ-yə səfərlər edib, onun Stalinlə, digər yüksək ranqlı dövlət məmurları, hərbi xadimlərlə görüşləri keçirilib.

Vilhelm Pik yalnız 1945-ci ilin iyul ayında Almaniyaya geri qayıda bilib və geri qayıdan kimi də, öz ölkəsində siyasi fəaliyyətini davam etdirib. O, ilk növbədə Almaniya Sosial-demokratik Partiyası ilə Almaniya Kommunist Partiyasının birləşməsinə nail olub və yeni bir partiya – Almaniya Vahid Sosialist Partiyası yaradılıb və Pik onun sədri seçilib.

regnum_picture_1490427275117131_normal.jpg (111 KB)

II dünya müharibəsindən dörd il sonra, 7 oktyabr 1949-cu ildə SSRİ-nin nəzarəti altında olan şərqi Almaniyada Almaniya Demokratik Respublikası yaradılanda Kremlin mütləq dəstəyi və şərti ilə Vilhelm Pik bu respublikanın prezidenti seçilib. O, ömrünün sonuna qədər bu vəzifəni daşıyıb.

Vilhelm Pik 1960-cı ildə, 84 yaşında vəfat edib. Onun vəfatından sonra daşıdığı prezident vəzifəsi ləğv edilib. Bununla da Vilhelm Pikin adı ADR tarixinə yeganə prezident kimi düşüb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR