Əli Kərimli həbs olunandan bəri heç vaxt bu həbslə və “dövlət çevrilişinə cəhd” olayı ilə bağlı yazmamışdım.
İki səbəbdən: 1) dövlət qurumları tərəfindən rəsmi açıqlama olmadığı üçün; 2) ikinci səbəb indilik məndə qalsın.
Nəhayət ki, DTX gözlənilən açıqlamanı yaydı.
Amma məncə, bilərəkdən bu işin içində olan bəzi adları açıqlamadılar. Bunlardan ikisi əsas, biri isə yardımçı adlardır.
Əsas adlar Eldar Həsənov və Nəcməddin Sadıkov, yardımçı ad isə Gültəkin Hacıbəylidir. Eldar Həsənovla Nəcməddin Sadıkovun adlarının indiki mərhələdə niyə rəsmi açıqlamaya salınmamasını hər halda dövlət özü daha yaxşı bilir. Gültəkin Hacıbəylinin adının isə indiyə qədər bu məsələdə hallanmasına rəğmən rəsmi açıqlamaya salınmamasının mənim təxminimə görə bir səbəbi ola bilər: Azərbaycan dövlətinin mənsubları Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldığı müddətdə onunla görüşüblər və böyük ehtimal ki, Gültəkin xanım dövlətin şərtlərini qəbul edərək özünü bu məsuliyyətdən qurtarıb. Onun Türkiyədən deportasiya edildikdən sonra Bakı hava limanında həbs edilməməsi də bu versiyanı qüvvətləndirir.
Hesab edirəm ki, DTX-nın açıqlamasında bir çox önəmli məqamlara bilərəkdən toxunulmayıb.
Misal üçün, Eldar Həsənov 2020-ci ilin avqust ayında DTX tərəfindən saxlanıldığı zaman etibar etdiyim mənbələrdən informasiya əldə etmişdim ki, həmin vaxtlar, yəni 2020-ci ilin yayında “dövlət çevrilişi” məsələsi yenidən ciddi şəkildə gündəmə gəlib və yenə də eşitdiyimə görə bu çevrilişin qarşısının alınmasında DTX ilə yanaşı, qardaş Türkiyənin MİT-in də önəmli rolu olub.
Həmin dövrdə Ramiz Mehdiyevin başını çəkdiyi və Abbas Abbasov, Eldar Həsənov, Əli Kərimli və digərlərinin adlarının keçdiyi plana əsasən, çevrilişin baş tutacağı təqdirdə Ramiz Mehdiyevin 2 illiyinə müvəqqəti rəhbərliyindən sonra hakimiyyət saxta seçkilər yolu ilə Əli Kərimliyə ötürüləcəkdi (təbii ki, adları keçən şəxslərin də rəhbərlikdə təmsil olunmaları şərti ilə).
Sual oluna bilər ki, bəs o zaman niyə bu plan açıq şəkildə ifşa edilmədi və bu həbslər niyə o vaxt baş vermədi?
Çünki Azərbaycan həmin vaxt ciddi şəkildə torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək olan Vətən Müharibəsinə hazırlaşırdı.
Ramiz Mehdiyev həmin vaxt vəzifədə olmasa belə, hələ hakimiyyət daxilində güclü rıçaqları qalırdı və sürəci ciddi şəkildə provokasiya edə bilərdi (həmçinin ordu daxilində Nəcməddinin əli ilə). Abbas Abbasovun adının həmin dövrdə hallanmamasının səbəbi həmin həssas dönəmdə Rusiya ilə toqquşmaya getməyin zərər verə biləcəyi ehtimalı ilə, Əli Kərimlinin adının hallanmaması isə həmin dövrdə ehtiyacımız olan milli birliyə, milli həmrəyliyə kölgə salacağı ilə bağlı idi.
Ona görə də digərlərinə xəbərdarlıq babında zəncirin ən zəif halqalarından olan Eldar Həsənov həbs edildi, həm də başqa bir adla və ittihamla – rüşvətlə.
Dövlətin səbri genişdir – haqlı olaraq uyğun zamanı gözlədi.
Hesab edirəm ki, məlum şəxslərin istəkləri və məlum plan sadəcə 44 günlük savaşımızdan öncə yox, son aylara qədər keçərli olub və gündəmlərindən düşməyib.
2024-cü ilin dekabrında Prezidentin təyyarəsinin Rusiya səmasında vurulmasına olan uğursuz cəhd də bu planın tərkib hissəsi ola bilər.
Bu arada, Qərbi, xüsusilə Amerikanı özlərinə “siyasi Kəbə” olaraq görənlərin nəzərinə çatdırım ki, Amerikanın da bu məsələlərdən əlbəttə ki, xəbəri vardı və bu plana heç də təqdirlə yanaşmırdı.
Belə ki, Amerikanın ən önəmli qəzetlərindən olan “Washington Times” qəzetində 7 sentyabr 2020-ci il tarixli, Paul Muller tərəfindən qələmə alınan geniş araşdırma yazısında – o yazıda ki, Belarus, Əfqanıstan və Azərbaycan ələ alınmışdı – açıq şəkildə Ramiz Mehdiyevin Azərbaycanın önəmli müxalifət partiyalarından birinin rəhbəri ilə gizli əlaqələrindən və ona olan dəstəyindən söz açılırdı və həmin şəxsin adı çəkilməsə də, Əli Kərimlidən söhbət getdiyi gün kimi aydın idi (istəyən “Washington Times”ə ayda 9 dollar ödəyib abunə olaraq həmin məqaləni oxuya bilər).
DTX tərəfindən rəsmi açıqlamanın Amerikanın vitse-prezidenti Vensin (Vance) rəsmi səfərindən sonra yayılmasının isə təsadüf olub-olmadığını irəliləyən zamanlarda daha aydın şəkildə biləcəyik.
Yəni, əzizlərim, “never say never!”, “əsla, əsla demə!”
Zaur Bayramlı, ABŞ






