İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qurumlarına kütləvi kiberhücum

612 18.07.2024 13:32 Ölkə A A

Təkcə iyun ayında 132 müdaxilə cəhdi olub ki, bu da əvvəlki aya nisbətən 2,6 dəfə çoxdur

İyunda Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 3 dəfəyə yaxın artıb. Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 498 kiberhücum indikatoru (IOC) müəyyən edib. XRİTDX-in məlumatları əsasında aparılan hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 25 faiz azdır.

Kibertəhdidlərin 214-ü daxili araşdırma, 284-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyun ayında 132 kiberhücum müəyyən olunub ki, bu da əvvəlki aya nisbətən 2,6 dəfə çoxdur.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 445,750 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 297 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 162 min 117 zərərverici tərkibli elektron sənəd blok edilib.

Bu ilin I yarısında Azərbaycanda dövlət qurumlarının adına bənzər 24 saxta domen bloklanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

Yanvar-iyun aylarında Azərbaycanda 41 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 29 faiz azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da illik müqayisədə 40 faiz çoxdur. Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb. Mütəxəssislərlə danış, səbəb nədir? Daha etibarlı müdafiə təşkil etmək mümkündürmü?

Qeyd edək ki, “Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" təsdiqlənib. Bu strategiya ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyətin əsas məqsədlərini, prinsiplərini, istiqamətlərini və prioritet vəzifələrini müəyyən edir.  

Bu sahə üzrə mütəxəssislər deyir ki, kibertəhlükəsizliyin önəmi son illər xeyli artıb. Buna əmin olmaq üçün Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına baxmaq kifayətdir. Həmin hesabata əsasən, kibertəhdidlər ən ciddi qlobal risklər sırasındadır. Eyni zamanda 2023-cü ilin statistikasına əsasən, kiberhücumlar nəticəsində dünya iqtisadiyyatına dəymiş zərər 8 trilyon ABŞ dolları səviyyəsində ölçülür. Bu isə qlobal ÜDM-in təxminən, 8 faizi deməkdir. Əgər biz bu rəqəmi bir ölkə iqtisadiyyatı formasında təsəvvür etsək, bu ölkə ABŞ və Çindən sonra ən iri iqtisadiyyata malik olardı. “Forbes” jurnalında dərc olunmuş tədqiqata əsasən, dünyada hər 40 saniyədə bir yeni kiberhücum baş verir. Eyni zamanda yerli statistikaya baxsaq, 2022-ci ildə milli resurslara 1300-dən çox kiberhücum qeydə alınıb və 120 mindən çox Azərbaycan vətəndaşının şəxsi məlumatlarının sızması faktı aşkarlanıb. Bütün bunlar bir daha sübut edir ki, kibertəhlükəsizlik tədbirləri böyük əhəmiyyət kəsb edir və kibertəhdidlər real təhlükədir. Əslində Azərbaycan özü üçün İnkişaf Strategiyasını seçib. Prezidentimizin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində prioritetlərdən biri innovativ və yaradıcı cəmiyyətin qurulmasıdır. Bu prioritetə nail olmaq, çatmaq üçün ölkəmiz mütləq rəqəmsal inkişaf yolu ilə getməlidir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR