İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Duması qondarma erməni soyqırımı qərarını ləğv edəcək?

630 14.06.2024 12:40 Siyasət A A

Deputatın fikrincə, Türkiyə ilə münasibətlərin inkişafının məntiqi də bunu aktuallaşdırır - Ermənistan Buça hadisəsini Rusiyaya qarşı istifadə edərsə...

Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyanın və İrəvanın Nor Nork vilayətinin rəhbəri Tiqran Ter-Marqaryanın Buçaya səfəri İrəvanla Moskva arasında gərginliyi daha da artırıb. Ermənistanın Moskvanın həssas yerindən “vurması” Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı daha çox qəzəbləndirib. 

“Biz həqiqətən ümid edirik ki, Ermənistan nümayəndə heyəti bu şəxslərin siyahısını Rusiya tərəfi ilə bölüşəcək. İki ildir ki, heç kim, o cümlədən BMT orada öldüyü iddia edilən insanların siyahısını bizə təqdim edə bilmir”, - diplomat bildirib. 

Zaxarova onu da deyib ki, Ukrayna Silahlı Qüvvələrinə yardım göndərilməsi və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlar səsləndirilməsi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib.

Bu arada isə belə iddialar yayılıb ki, Ermənistan parlamenti Buçadakı hadisələri hətta soyqırımı kimi tanımasını gündəmə gətirə bilər. İstisna edilmir ki, proseslərin gedişindən asılı olaraq, Ermənistan Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi qəbul edər. 

Yada salaq ki, Çexiya Senatı Rusiya ordusunun Ukraynada törətdiyi cinayətləri Ukrayna xalqının soyqırımı kimi tanıyıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynaya qarşı hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib. Polşa, Latviya və Estoniya rəsmiləri Buça olaylarını soyqırımı adlandırıblar. Gürcüstanın Vahid Mili Hərəkat Partiyası Ukraynanın Buça şəhərində dinc əhalinin kütləvi şəkildə öldürülməsinin soyqırımı kimi tanınması ilə bağlı qətnamə hazırlasa da, qəbul olunmadı.    

Ermənistan Buçanı soyqırımı kimi tanıyarsa, Rusiya “erməni genosidi” barədə 1995-ci il qərarına yenidən baxa bilərmi? 

Yada salaq ki, Rusiya Dövlət Duması saxta “erməni soyqırımı”nın Duma səviyyəsində qəbul edilməsində indi İrəvana girişi qadağan edilmiş deputat Konstantin Zatulinin xüsusi xidmətləri olub. O zaman Zatulin bununla bağlı yaradılan komissiyaya rəhbərlik edib. Bu ehtimallar nə deyir?

Fəzail Ağamalı ABŞ-ın fəxri vətəndaşlığından imtina edib

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Ermənistanı gözləyən təhlükələrdən söz açdı: “Əslində bu gün Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskinləşməsi artan dinamika üzrə inkişaf edir. Ermənistan tərəfindən bu ritorikanın getdikcə sərtləşdirilməsi şübhəsiz ki, onun Qərbdən, xüsusi olaraq, Amerikadan aldığı təlimatlara söykənir. Niyyət də birmənalı olaraq, Rusiyanın daha çox Ermənistan üzərində olan hakimiyyətinə, nəzarətinə son qoymaq və beləliklə həm də onların düşüncəsinə görə, Qafqazdan Rusiyanın imkanlarını tamamilə məhdudlaşdırmaq, onun bu ərazidə fəaliyyətinə son qoymaqdır, bütün sahələr üzrə. İndi bu proses Ukrayna-Rusiya cəbhəsində qanlı müharibə ilə müşayiət olunur. Ermənistanda isə təbii ki, qanlı müharibələr, hadisələr görünmür. Bu ölkədə qarşıdurma açıq müstəvidə Rusiyaya qarşı gedir. Paşinyan, Simonyan timsalında Kremlə qarşı sərf ifadələr işlədilir. Eyni zamanda Paşinyan münasibətləri daha da gərginləşdirməmək üçün özünəməxsus ermənisayaq fikirlərini ortalığa gətirir ki, iplər tamamilə qırılmasın. Ancaq onların Bucaya gedişi, Ukraynanın şəhərində olması və bu şəhərin bəlli olduğu kimi Avropa ölkələri tərəfindən soyqırım kimi təqdim edilməsi onu göstərir ki, Ermənistan ola bilsin gələcəkdə bu baxımdan Avropa ölkələrinə qoşulsun. Ermənistanla Rusiya arasında bütün iplər gərilib və bu qırılma ərəfəsindədir. İndi Rusiya buna necə reaksiya verəcək, Rusiya bunu Ermənistana bağışlayacaqmı, bir gün komanda verib, Ermənistanı tərk edin, Rusiyaya qayıdın əmri veriləcəkmi və yaxud başqa hərəkətlər olacaqmı, bütün bunlar tamamilə hələ cavabı tapılmayan suallardır. Amma dəfələrlə deyildiyi kimi, istisna olmaz ki, erməniləri dünyanın ən müxtəlif yerlərindən yığıb, toparlayıb, iki əsrdən çox Azərbaycanın tarixi torpaqlarında, həm də ən gözəl tarixi torpaqlarımızda məskunlaşdırıb onlara dövlət yaradan Rusiya imperiyası və onun varisi SSRİ olub. Bu gün isə SSRİ-nin varisi olan Rusiya Federasiyası bu ənənəni saxlamağa çalışır. Ermənistandan heç bir halda çıxmaq arzusunda deyil. Baxır, Rusiyanın durumuna. Ola bilsin ki, getmə ərəfəsində Ermənistana çox ciddi, sarsıdıcı və ağır zərbələr vurdu, onun dövlətçiliyi üçün olduqca çıxılmaz bir durum yaratsın. Hətta elə bir ssenari hazırlana bilər ki, Ermənistan dövləti tamamilə tarixin qaranlıq səhifələrinə keçsin. Rusiya bunu da edə bilər. Hadisələrin indi gedişatına baxaq. Vaxtilə 1994-cü ildə genosidlə bağlı Dövlət Dumasının qəbul etmiş olduğu qərar da bu gün Rusiyanın həmin dövrdə nə qədər səhv etdiyini Zatulin kimi faşist düşüncəli, ermənilərdən mayalanan bir kəsin təşəbbüsü, rəhbərliyi ilə bu qətnamənin qəbul edilməsi, hər zaman faşist Ermənistanın yanında olması əslində Rusiya üçün qara ləkədir. Zatulinin timsalında Rusiya bu gün özünün peşmanlığını yaşamaqdadır. Baxaq görək, Rusiya sizin də dediyiniz kimi, həmin qərarı ləğv edəcəkmi, fərqli yanaşma sərgiləyəcəkmi? Bu yaxın gələcəyin işidir. Həm də Türkiyə ilə münasibətlərin inkişafının məntiqi də bunu aktuallaşdırır. Rusiyanın mövqeyini gözləyək”.

Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni  antiterror əməliyyatını şərtləndirir - AZƏRTAC

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiya-Ermənistan gərginliyini artıran bir sıra son səbəbləri önə çəkdi: “Ermənistanın qərbyönümlü siyasi oriyentasiyasını gücləndirməsi nəticəsində Rusiya ilə arasında gərginlik artmaqdadır. Bu gərginliyi artıran ən son amillər olaraq qeyd edilə bilər - Ermənistanın Ukraynadakı səfirinin Buça səfəri və bu səfərdə Rusiya əleyhinə səsləndirilən bəyanatlar, Paşinyanın KTMT-dən çıxmaqla bağlı ən son bəyanatı, ABŞ dövlət katibinin köməkçisi O’Breynin səfəri çərçivəsində ikitərəfli strateji əməkdaşlığın elan olunması, Azərbaycanla sülh gündəm ikən buna hər vəchlə mane olmağa çalışan qüvvələrin Ermənistan-Azərbaycan sərhədində təxribat törətməsi fonunda Paşinyanın ölkə daxilində hökumət əleyhinə çıxan etirazçılara qarşı güc tətbiq edərək asayişi təmin etməyə çalışması, Rusiyanın bu etirazların təşkilindəki ”gözəgörünməz əl" olması, Rusiyanın qeyri-rəsmi mənbələrlə Ermənistana 20 il öncəki Gürcüstan hadisələrini xatırlatması və Saakaşvilinin taleyinin Paşinyan tərəfindən də yaşanacağını iddia etməsi. Bütün bunlar Rusiya-Ermənistan arasında münasibətlərin gərginləşdiyini göstərməklə yanaşı, ikitərəfli münasibətlərin gələcək trayektoriyası ilə bağlı təxminlər yürütməyə də imkan verir.

Ermənistan Buça hadisəsini soyqırım olaraq tanıyarsa, əlbəttə ki, Rusiya da buna qarşı bənzər addım atacaqdır. Saxta “erməni soyqırımı”nın pislənməsi, yəni tanınması ilə bağlı Dövlət Duması tərəfindən qərar 1995-ci ildə verilib. Bundan 1 il öncə KTMT sazişi qüvvəyə minib, 1995-ci ilin 16 martında isə Rusiya hərbi bazalarının Ermənistana, Gümrüyə yerləşdirilməsinə dair saziş imzalanıb. Aydındır ki, Rusiyanın “soyqırımı” yanaşması Ermənistandakı hərbi-siyasi mövcudluğu ilə bağlıdır. İndi proses geriyə doğru gedir və Rusiyanın Cənubi Qafqazdakı 200-300 illik imperiya siyasətinin nəticələri ləğv olunaraq, tarixi bumeranq yaşanır. Burada tarixin geri dönüşü baş verirsə, qanunların və qərarların geri oxunuşu da mümkündür. Rusiyanın davranışları Paşinyanın davranışlarına adekvat və paralel olacaqdır. Yəni Ermənistan sözdə deyil, real olaraq anti-Rusiya davranışları sərgiləyərsə, Rusiyanın hədələri də media müstəvisindən real hərbi-siyasi müstəviyə keçəcək". 

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR