İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostu Alyende ilə bir ayda ölən səfir-şair – Nerudanı kim zəhərləyib, Pinoçet, ya başqası?

2983 16.09.2022 15:02 Yaxın tarix A A

O, 1971-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüləndə adının qarşısında bu sözlər yazılıb: “Bütün qitənin taleyini özündə təcəssüm etdirən fövqəltəbii şeirlərinə görə”. Amma Nobel komitəsi Çili şairi Pablo Neruda haqqında bu sözləri çox da “rahatlıqla” yazmayıb. Müzakirələr zamanı Nerudanın kommunizm və Stalinlə bağlılığı gərgin mübahisələrə səbəb olub. Son qərar isə Nerudanın xeyrinə verilib, o, 1971-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının laureatı olub...

1904-cü ildə Çilidə, Parral şəhərində anadan olan Pablo Nerudanın əsl adı Rikardo Elieser olub. O, uşaq yaşlarından poeziyaya böyük maraq göstərib və artıq 10 yaşı olanda şeirlər yazmağa başlayıb. Atası oğlunun bu məşğuliyyətindən hədsiz dərəcədə narazı qalıb və onu bu sahədən çəkindərməyə çalışıb. Valideyn “danlağından” qurtarmaq üçün Rikardo Elieser şeirlərinə Pablo Neruda imzasını qoyub və ömrünün sonuna kimi bu adı daşıyıb.

d1594a75fc60510f3c86a90102127999.jpg (192 KB)

Gələcəyin Nobel mükafatçısı ali təhsilini Çilinin paytaxı Santyaqo şəhərindəki pedaqoji institutun fransız dili fakültəsində alıb. İnstitut həyatında yaradıcı gənc kimi tanıan Neruda poeziya müsabiqələrində qaliblər kürsüsündə dayanıb, şeirləri mütəmadi olaraq yerli qəzetlərdə çap olunub. Bu, Nerudanın poeziyaya, yaradıcılığa həvəsini daha da artırıb.

Artıq 1923-cü ildə şairin ilk şeirlər toplusu olan “Toranlıq” kitabı oxuculara təqdim olunub. 1924-cü ildə Nerudanın ikinci kitabı, “İyirmi məhəbbət şeiri və bir ümidsizlik nağılı” kitabı işıq üzü görüb. Bu kitabdakı şeirlərdə açıq “eşq səhnələri” bəzi tənqidçilər tərəfindən qəbul edilməsə də, Nerudanın bu kitabı ona daha böyük şöhrət qazandırıb.

Ali təhsilini başa vurduqdan sonra Neruda diplomatiya sahəsində işləməyə başlayıb. O, əvvəlcə Birmada, daha sonra Seylonda, Hindistanda və Yaponiyada konsul kimi xidmət edib.

Pablo_Neruda_1963.jpg (86 KB)

Neruda 1934-cü ildən xidmətini İspaniyada, Madrid və Barselona şəhərlərində davam etdirib. Bu ərəfədə onun yaradıcılığında siyasi ab-hava özünü daha qabarıq biruzə verib. İspaniyadakı vətəndaş müharibəsi zamanı isə Neruda diplomatik fəaliyyətini nəzərə almadan öz yaradıcılığında siyasi baxışlarını çəkinmədən ortaya qoyub. Şairin “İspaniya qəlbimdədir” kitabı respublikaçılar arasında əl-əl gəzib. Təbii ki, şair-diplomatın bu fəaliyyəti qarşı tərəfin, general Fransisko Frankonun hədsiz hiddətinə səbəb olub və o, Nerudanın dərhal geri, öz ölkəsinə çağrılmasına nail olub.

Neruda İspaniyadan sonra, II dünya müharibəsi illərində Çilinin Meksikadakı səfirliyində çalışıb. Bu dövrdə o, marksizm ideyalarına dərin maraq göstərib və bu maraq onu Kommunist Partiyasının sıralarına gətirib. 1944-cü ildə Çiliyə qayıdan şair Kommunist Partiyası siyahısı ilə senata üzv seçilib.

Manifestación-a-Pablo-Neruda-1972-_-©-Biblioteca-del-Congreso-Nacional.jpg (167 KB)

Senatın ən fəal üzvlərindən biri olan Neruda mövcud hakimiyyətin apardığı siyasəti sərt tənqid edərək, prezident Qabriel Qonsales Videlanı “ABŞ-ın nökəri” adlandırıb.

Hakimiyyət üçün arzuolunmaz şəxs sayılan Neruda 1949-cu ildə real həbs təhlükəsi ilə üzləşəndə ölkəni tərk etmək məcburiyyətində qalıb və o, Argentinaya mühacirət edib.

Üç illik mühacirət həyatında Neruda bir çox ölkələrə səfər edib, o, həmçinin yolunu SSRİ-dən də salıb. Neruda Moskvada “Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə” beynəlxalq Lenin mükafatına layiq görülüb.

Bu ərəfədə şairin yaradıcılığında “Hamının nəğməsi” kitabı onu daha da populyarlaşdırıb. Məhz bu kitaba görə o, Beynəlxalq Sülh mükafatının laureatı olub.

pablo-neruda-lyublyu-molchanie-tvoyo-s-ispanskogo-photo-big.jpg (127 KB)

Nerudanın yaradıcılığında kommunizm ideyaları, o cümlədən Stalinə həsr edilmiş şeirlər xüsusi yer alıb.

1953-cü ildə Çiliyə qayıdan Neruda Çili Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilib və partiyanın həyatında böyük fəallıq göstərib. Bununla yanaşı onun bir-birinin ardınca milyonlarla oxucu auditoriyası toplayan və bir neçə dilə tərcümə olunan kitabları işıq üzü görüb.

1969-ci ildə Nerudanın Kommunist Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülüb. Seçkilərə bir neçə ay qalmış Neruda namizədliyini geri göterərək seçicilərindən Salvador Alendeyə səs vermələrini xahiş edib. Qeyd edək ki, Neruda ilə Alendenin aralarında uzun illərin sıx dostluq münasibətləri hökm sürüb.

1970-ci ildə keçirilən prezident seçkilərində Alyende Çilinin prezidenti seçilib. Nerudaya hökumətdə vəzifə təklif edilsə də, o, Fransada səfir vəzifəsində işləməyə daha çox üstünlük verib.1970-ci ildən Neruda Fransada səfir kimi fəaliyyət göstərib. 1971-ci ildə Nobel mükafatına layiq görülüb. 1972-ci ildə o, onkoloji xəstəliyi ilə əlaqədar Çiliyə qayıdıb, öz ölkəsində olmağı daha məqbul sayıb.

tnEBHm9H0Kp8.jpg (114 KB)

11 sentyabr 1973-cü ildə Çilidə baş verən hərbi çevriliş Nerudanın həyatında da qara izlər buraxıb.

Hakimiyyətə gələn Avqusto Pinoçetin sərt rejimi elə ilk gündən Nerudanı “əzməyə” başlayıb. Sentyabrın 12-də, çevrilişdən bir gün sonra Nerudanın yaşadığı evə 40 nəfərdən artıq əsgər gəlib. Evdə axtarış aparılıb, evin bütün əşyaları üç yük maşını ilə daşınıb. Bu soyğunçuluğun, qarətin səbəbini Neruda əsgərlərin başçısından soruşanda, çox qısa bir cavab alıb: “Biz sizin iqamətgahda kommunistləri və silahları axtarırıq...”

23 sentyabr 1973-cü ildə Neruda 69 yaşında Santyaqoda Santa Mariya klinikasında vəfat edib. Bəzi versiyalara görə, Pinoçetun göstərişi ilə ona zəhərli iynə vurulub.

eadfa60a1ab1111.jpg (83 KB)

Çox-çox sonralar, 2013-cü ildə Nerudanın əsl ölüm səbəbini dəqiqləşdirmək üçün Çili hökuməti onun meyidinin eksqumasiyası (meyitin qəbirdən çıxarılması) haqqında qərar verib. 2015-ci ildə Çili Daxili İşlər Nazirliyi eksqumasiyanın nəticələri haqqında rəsmi informasiya yayıb. Həmin informasiyaya göeə Nerudanın zəhərlənməsi qismən təsdiq olunub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR