İnsanlara hürriyət, millətlərə istiqlal!

Dönər almağa "pulu qalmayan" milyarderlər...

2975 02.04.2022 18:15 Yazarlar A A

 

Müsadirə xəbərləri günbəgün gəlməkdə davam edir. Bu gün də biri gəlib: “İtaliya indiyədək rusiyalıların 900 milyon avroluq aktivlərini müsadirə edib”.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo deyib ki, İtaliya adları Avropa İttifaqının sanksiya siyahısına düşən rusiyalıların toplamda 900 milyon avroluq aktivlərinə həbs qoyub.

Tərs kimi, başı dəbərən, bank hesabı şişən bütün rusların adı o siyahılarda var.

Bundan əvvəl rusiyalıları Britaniya hökuməti becərmişdi, rusiyalı oliqarxların, pullu adamların varidatını həbs etmişdi. Elələri vardı ki, xərcləməyə pulları qalmamışdı. Hətta Pyotr Aven adlı bir milyarder ağlamsınaraq deyirdi ki, sürücüyə və evi yığışdıran qadına ödəməyə pulu yoxdur.

Srağagün başqa bir milyarder – Mixail Fridman mediaya giley edib ki, restoranda hesab verməyə pulu qalmayıb artıq.

Düzü, buna inanmaq çətindir. Bu adam necə milyarderdir ki, onun üstündə bir çamadan nağd dollar və ya avro yoxdur?

O vaxt, 2004-2005-ci illərdə bizim mərhum polkovnik-qanqster Hacı Məmmədov milyonçu “Hafka”nın atasını oğurlatdıranda ağsaqqalın maşınının “bardaçok”undan (bu sözü də tərcümə edib leksikona sala bilmədik) 30 min dollar pul çıxmışdı. Quldurlar bu pula qane olmamışdılar, hesab etmişdilər ki. Allah qismətlərini yetirib və “Hafka”da daha çox pul istəmişdilər. Məhkəmədə hakim ağsaqqaldan soruşanda ki, bu qədər pulu maşınının saxlancında niyə gəzdirirdin, o da cavab vermişdi ki, elə-belə, cibxərcliyi üçün.

İndi milyarder Fridmanın “Hafka”nın atasının cibxərcliyi qədər pulu yoxdursa, təşər-təşər özünə “ağıllı adam”, “milyarder” deməsin. Kişinin qara gün üçün həmişə ehtiyat pulu, ehtiyat mənzili, bəzi versiyalara görə, ehtiyat arvadı da olmalıdır. Yoxdursa, ta sənin çilingərdən, malyardan nə fərqin oldu, a milyarder?

444.JPG (46 KB)

Odur, özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun da qara günüdür, amma yenə əkənin xərcləməyə bir şeyi var. Onun 600 milyonluq yaxtası Almaniyada müsadirə olunub, yazıq heç səsini çıxarmır, qorxur ki, yerdə qalan varidatını da əlindən alarlar.

Yaxtası əlindən gedənlər çoxdur. Heç demə, cənabların hamısının yaxtası varmış. Sanksiyalar yeni qüvvəyə mindiyi günlərdə rusiyalı milyarderlər yaxtalarının kapitanlarına “üzün, gedin Maldiv, Seyşel tərəflərə” deyə əmr vermişdilər, amma deyəsən, hamısı gedib oralara çıxa bilməyib. Dəniz yolları təyyarədaşıyan esminetslərlə, hərbi freqatlarla, pirat gəmiləri ilə doludur axı. Bu saat kimin gəmisini harda tutdular, elə itirirlər ki, daha tapılmır.

Yaxtasını yeganə sudan quru çıxardan Roman Abramoviçdir. Onun romanının proloqu da yaxşı başlayıb, epiloqu da pis deyil. Rusiyada pul qazanan milyarderlərin hamısı ziyana düşüb, amma Abramoviçə dəyən yoxdur. Adamı Zelenski də müdafiə edir, Putin də, Ərdoğan da, Makron da, Naftali Bennet də, hətta bizim boş cibləri ilə çayxanada oturan Niftalı və Binnət də (sonuncular “Çelsi” azarkeşləri olduqlarına görə). Bircə Boris Conson onu yaxın qoymur, o da yəqin ki, üzdə elə edir.

Uzun sözün kəsəsi, müftə milyard qazanmaq istəyən beynəlxalq lotular marağa durub, marığa yatıblar, dişi mırıq olmuş ölkənin əmlakını müsadirə etməyə çalışır, yolmağa milyonçu, mlyarder rus axtarırlar. Əgər müsadirə olunan milyardlar sonda müharibədən böyük ziyan çəkən Ukrayna dövlətinə ödəniləcəksə, bu heç, ödənilməyəcəksə, demək, ortada böyük fırıldaq var.

Əslində rusiyalı milyarderlərin aqibəti öz xalqlarının varidatını soyub Avropaya, Amerikaya daşıyan o biri ölkələrin milyarderlərinin, milyonçularının hamısına dərs olmalıdır. Görməlidirlər ki, heç kəsə etibar yoxdur. 20 il ərzində xalqdan soyulub toplanılan, milyon-milyon daşınaraq xarici banklara yerləşdirilən, bahalı malikanələrə, təyyarələrə, yaxtalara, lüks avtomobillərə çevrilən milyardlar günün birində, hansısa bəhanə və ya səbəbdən onların olmur.

Belə olanda da dünənki milyarder çıxır, əlini duzqabına uzadıb deyir ki, bu tam haqqı, dönər almağa pulumuz qalmayıb. Halbuki dünənəcən dünya onların ətrafında dönürdü.

Qoy bizim pullular da ağıllı və ehtiyatlı olsunlar. Avopalıları bilmək olmaz, bir də görəcəyik, Fərrux dağında post quran hərbçilərimizi bəhanə edərək Parisdəki, Londondakı, Cenevrədəki milyonlarımızı məngirlədilər. Ondan sonra əlimiz hara çatacaq? Bizimkilər Fridmandan, Deripaskadan artıq oğlan deyil ki. Abramoviç kimi arxa-dayağımız da yoxdur.

Məndən tövsiyə verməkdir. Xaricə daşınmış milyardlar yavaş-yavaş geri gətirilməlidir. Bu işlərin sonu puçdur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR