İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollara tələb daha da artır - MB “mövsümidir” deyir...

1445 15.02.2024 12:15 İqtisadiyyat A A

Devalvasiya təhlükəsi haqda iddialara reaksiya: ölkəyə daxil olacaq valyutanın həcmində manatın məzənnəsinə təhlükə törədəcək həddə azalma gözlənilmir

Azərbaycanda ötən ilin son aylarından müşahidə olunan dollara tələbat artımı davam edir. Belə ki, 2023-cü ilin oktyabrında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərracında kommersiya banklarına sentyabrla müqayisədə 12 faiz çox - 291.8 milyon ABŞ dolları satılıb. Noyabr ayında dollar satışı oktyabrla müqayisədə 46,3 faiz artaraq 426,9 milyon dollar, dekabrda noyabrla müqayisədə 41 faiz çox olmaqla 603,8 milyon dollar təşkil edib. 

Mərkəzi Bankın məlumatına əsasən, ümumilikdə 2023-cü il ərzində valyuta hərraclarında 3 milyard 878,2 milyon ABŞ dolları məbləğində satış olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz azdır. Aylar üzrə götürsək, yanvarda 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar, martda 383,9 milyon dollar, apreldə 286 milyon dollar, mayda 277,2 milyon dollar, iyunda 78,9 milyon dollar, iyulda 272,7 milyon dollar, avqustda 451,95 milyon dollar, sentyabrda 259,8 milyon dollar və oktyabrda 291,63 milyon dollar valyuta satışı həyata keçirilib. Bu məbləğin heç də hamısı Neft Fondunun olmayıb. Məsələn, dekabrda satılan 603,8 milyon dolların yalnız 149,9 milyon dolları Neft Fonduna məxsus olub, qalanı Mərkəzi Bankın vəsaitləridir.

Azərbaycan banklarının dollara tələbatında müşahidə olunan kəskin artım 2024-cü ilin yanvarında da davam edib. Yanvar ayı ərzində Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birlikdə keçirdiyi 7 valyuta hərracında 417,1 milyon dollar məbləğində valyuta satılıb. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 228.5 milyon dollar çoxdur. Belə ki, 2023-cü ilin yanvar ayında keçirilən valyuta hərraclarında 188.6 milyon ABŞ dolları satılmışdı. 

Fevral ayının ötən dövründə isə Mərkəzi Bankda keçirilən 4 valyuta hərracında dollara tələbat 370,9 milyon dollara yüksəlib. Bunun 151,1 milyon dolları sonuncu - fevralın 13-də keçirilən hərracda yaranıb. Nəzərə alsaq ki, 2023-cü ilin fevral ayında Mərkəzi Bankda keçirilmiş 8 valyuta hərracında banklara cəmi 356,5 milyon dollar satılmışdı, onda bu il ayın ilk yarısında bu məbləğdən daha yüksək satışın olduğunu görə bilərik. Bu, şübhəsiz ki, dollara tələbatın artım dinamikasının sürətləndiyini göstərir və ictimaiyyət arasında devalvasiya olacağına dair panikanın yaranmasına səbəb olur. Artıq sosial şəbəkələrdə Azərbaycanda dolların məzənnəsinin yüksələcəyinə dair məlumatlar yayılmağa başlayıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin son aylarında dollara tələbatın artımının mövsümi xarakter daşıdığını açıqlamışdı. Qurumdan bildirilib ki, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb adətən əvvəlki aylarla müqayisədə yüksək olur: “Nümunə olaraq, 2017-22-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69 faizində tələb təklifi üstələyib, ötən il (2022-ci il - red.) dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43 faiz çox olub”.

Mərkəzi Bankdan qeyd edilib ki, ilin son dövründə tələbin yüksəlməsi əsasən mövsümi amillər, o cümlədən ölkədə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalar və iqtisadi aktivliyin canlanması ilə əlaqədar olur.

Bu ilin ötən dövründə dollar tələbindəki artımın sürətlənməsini də AMB daha çox mövsümi amillərlə izah edir. Qurumdan “Yeni Müsavat”a verilən məlumatda qeyd olunur ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır: “Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır”.

AMB bəyan edir ki, artan dollar tələbatının tam qarşılanması imkanları yetərincədir: “Məlumat üçün qeyd edək ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 faizində təklif tələbi üstələyib. Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyllərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”. 

AMB-nin açıqlamasında da qeyd olunduğu kimi, Azərbaycanda profisitli cari əməliyyatlar balansının olması - ölkəyə xarici valyutanın çıxandan daha çox daxil olması şəraitində hazırkı dollar/manat nisbətinin pozulması gözlənilən deyil. Belə balansı formalaşdıran əsas amil isə ölkənin əsas ixrac məhsulu olan neftdir. Rəsmi məlumata əsasən, 2023-cü ildə Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 2022-ci ildəki 19,5 milyard dollarla müqayisədə azalaraq 16 milyard dollardan bir qədər çox olub. Dövlət Gömrük Komitəsinin statistikası göstərir ki, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində xam neft və neft məhsullarının payı 2022-ci ildəki 51,08 faizlə müqayisədə azalaraq 47,91 faiz olub. 

İxracımızdakı profisitin daha bir səbəbkarı qazdır. Ötən il Azərbaycan 13 milyard 678 milyon 344.14 min dollar dəyərində 26 milyard 623 milyon 473.52 min kubmetr qaz ixrac edib. Qaz ixracından əldə olunan gəlir ümumi ixrac gəlirinin 40,1 faizini təşkil edib. Qaz ixracı həcm baxımından artsa da, dəyər baxımından azalıb. Belə ki, 2022-ci ildə ölkə 18 milyard 965 milyon 213.42 min kubemtr qaz satışından 14 milyard 989 milyon 675.87 min dollar əldə etmişdi. 

Cari ilin yanvar ayında Azərbaycanın ümumi ixracında azalma qeydə alınıb.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayına əsasən yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, yanvar ayında ölkənin ümumi ixracı 100 milyon dollar (ötən ilin yanvarında 1,9 milyard dollar olub), o cümlədə qeyri-neft ixracı 62,5 milyon dollar (284,5 milyon dollar) azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar ayında neft-qaz sektorunda məhsul istehsalı 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,9 faiz artıb. Bildirilir ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 faiz artıb.

Neft istehsalındakı azalma gözlənilən prosesdir: əsas hasilat mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yatağının təbii qocalmasından irəli gəlir. Energetika Nazirliyi bildirir ki, 2024-cü ilin yanvar ayında ölkədə 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 50 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.

Ay ərzində 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 1,8 milyon tonu konsorsiumun, 0,3 milyon tonu isə SOCAR-ın payına düşüb.

Müqayisə üçün bildirək ki, 2023-cü ilin yanvar ayında ölkədə 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Respublika üzrə neft hasilatının 1,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.

Hesabat dövründə 2,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2 milyon tonu konsorsiumun, 134 min tonu isə SOCAR-ın payına düşüb. Göründüyü kimi, AÇG-də neft hasilatı illik müqayisədə 200 min ton azalıb. 

Neft ixracının azalması Azərbaycanın əldə etdiyi gəlirlərə təsir edib. Bu ilin yanvar ayında Dövlət Neft Fondu (ARDNF) AÇG yataqlar blokundan 387,645 milyon dollar gəlir əldə edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 237,429 milyon dollar və yaxud 38  faiz azdır. Xatırladaq ki, 2023-cü ilin yanvar ayında ARDNF AÇG-dən 625,074 milyon ABŞ dolları məbləğində gəlir əldə etmişdi.

Yanvar ayında Neft Fondu (ARDNF “Şahdəniz” yatağından 45,389 milyon dollar gəlir əldə edib, ötən ilin eyni dövründə bu mənbədən gəlir olmamışdı. 

Azərbaycanda bu il də neft hasilatında azalmanın davam etməsi gözlənsə də, ölkəyə daxil olacaq valyutanın həcmində manatın məzənnəsinə təhlükə törədəcək həddə azalma gözlənilmir. Belə ki, beynəlxalq analitik mərkəzlərin ən bədbin proqnozunda belə 2024-cü il ərzində neftin dünya bazar qiymətinin 75-80 dollardan aşağı həddi nəzərdə tutulmur. İlin əvvəlindən bəri Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşməyib. Hətta neft qiymətləri 70 dollara qədər azalsa belə, bu, Azərbaycanda cari əməliyyatlar balansında defisitə səbəb olmayacaq. Üstəlik, bu qiymət fonu neftin 60 dollarlıq qiyməti ilə hesablanmış dövlət büdcəsinin icrasına hər hansı çətinlik yaratmayacaq. 

2023-cü ildə valyuta bazarından 2.1 milyard dollar alan Mərkəzi Bank bu il də bazar müdaxiləsinin alışyönlü olacağını gözləyir. Qurum bildirir ki, ötən bu alışlar bank sistemində likvidliyin artmasına şərait yaradıb: “Manatla pul bazası ümumilikdə 2023-cü ildə 19.6 faiz artıb ki, bunun da 14.6 faiz bəndi dekabr ayında baş verib. Mövcud meyillərin davam etməsi halında son 2 ildə olduğu kimi, 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü ola bilər”. 

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR