İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar və avro ucuzlaşır - sanksiyalar Qərb və Avropanı çətin duruma salır

3315 15.03.2022 09:10 İqtisadiyyat A A

Rusiyaya qarşı bir sıra sərt iqtisadi, maliyyə və enerji sanksiyaları dünyanın enerji sistemini çətinə salıb, qlobal iqtisadiyyatı sarsıdıb. Bu sanksiyalar təkcə Rusiyanı çökdürmür, Avropaya da öz mənfi təsirlərini göstərir. Avropanın sənaye müəssisələri - bir çox zavod və fabrikləri Rusiyadan idxal edilən qazdan istifadə etməklə fəaliyyət göstərir. Məsələn, avtomobil sənayesində təbii qaz ciddi önəm daşıyır.

Rusiya qazından imtina etmək bu zavodların işini iflic edər. Hazırda dünyada Rusiyanın tədarükünü ödəyə biləcək başqa təbii qaz potensialı yoxdur. Digər istehsalçıların Rusiyaya alternativləri yalnız uzunmüddətli perspektivdə nəzərdə tutulub. Qısa müddətdə nə Türkiyənin, nə də Avropanın qaz qıtlığını həll edə biləcək variant var. Artıq Avropada sanksiyaların təsirləri özünü göstərir. Ərzaq bahalığı, həmçinin qıtlığı yaranıb, yanacağın qiyməti artıb. Böyük şirkətlərin sanksiyaları onların bazardakı mövqelərini zədələyir, satdıqları malların dövriyyəsini azaldır. Zəncirvari xarakter daşıyan bu sistem Rusiyada pozulursa, başqa ölkələrə də öz təsirini mütləq göstərir. Öndə gələn avtomobil şirkətlərinin, yüngül və ağır sənaye holdinqlərinin, texnologiya qurumlarının da prosesdən ziyan çəkdikləri getdikcə özünü göstərir. İrəliləyən aylarda bu axsamalar daha çox üzə çıxacaq. Mal dövriyyəsi, satış dövriyyəsi azalacaq. Nəticədə Amerika və Avropa valyutalarının devalvasiyası başlaya bilər. Bəzi təhlilçilərin hesablamalarına görə, bu gedişat dolların bahalaşmasına yox, əksinə, ucuzlaşmasına səbəb ola bilər. Bu proqnozun və hesablamanın hansı iqtisadi əsasları var?

Yeri gəlmişkən, Rusiya bankı və hökumətin milli valyutanı dəstəkləmək yönündə həyata keçirdiyi tədbirlərə baxmayaraq rubl dəyərdən düşməyə davam edir. Belə ki, ABŞ dollarının məzənnəsi rubl qarşısında artıq 60 % möhkəmlənib. Avro ilə bağlı analoji tendensiya müşahidə edilir. Rubl hətta qrivnaya qarşı da dəyər itirir. Rusiyanın başlatdığı “xüsusi əməliyyat”a kimi 1 qrivnaya 2,7 rubl, indi isə 4 rubl verilir. Ekspertlərin fikrincə, rublun kəskin ucuzlaşması idxalın bahalaşmasına gətirib çıxarıb.

Bəs görəsən, dollar və avro da ucuzlaşacaqmı?

Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də  artıb

Azər Badamov: “Bu sanksiyalar  ümumi şəkildə Yer kürəsində insanların sosial vəziyyətini sürətlə pisləşdirəcək”

İqtisadçı millət vəkili Azər Badamov  mövzunu “Yeni Müsavat”a belə şərh edib: “Ukrayna müharibəsi ilə bağlı dünya ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaların əks-effekti olduğu artıq özünü göstərməkdədir. Çünki Rusiya böyük iqtisadiyyata malik ölkədir. Demək olar ki, dünyanın əksər böyük şirkətləri Rusiya ilə əlaqəli şəkildə işləyirdi. Rusiya böyük təbii ehtiyatlara və xammala malik ölkədir.  Rusiyadan idxala sanksiyaların tətbiq olunması Qərbin  böyük şirkətlərini fəaliyyətini dayandırmaqla üzləşdirə bilər. Bu da Qərbdə işsizliyin artmasını sürətləndirəcək. Yəni bu gün Avropa qitəsinin təbii qaza olan tələbatının 40%-dən çox hissəsi Rusiyadan təmin olunur. Avropa ölkələri Rusiyaya sanksiyalar tətbiq etməklə qaza olan tələbatı ödətdirəcək alternativ marşruta malik deyil. Yaxud ABŞ Rusiyadan neft idxal edir. Rusiya ilə neft müqavilələrinin pozulması dünya bazarında neftin qiymətinin kəskin artmasına gətirib çıxarır. Bu da dünyada ümumi bahalaşmanın sürətlənməsinə öz təsirini göstərir. Yəni tətbiq olunmuş sanksiyalar Amerikada və Avropada da iqtisadi vəziyyəti pisləşdirib. Bu gün dünyanın aparıcı valyutaların alıcılıq qabiliyyəti aşağı düşür. ABŞ dolları  son illərdə indiki qədər heç vaxt inflyasiya olmayıb. O cümlədən avronun, funtsterlinqin alıcılıq qabiliyyəti də aşağı düşməklə inflyasiyaya uğrayır. Dünya ölkələri Rusiyaya tətbiq olunmuş sanksiyaların belə əks-effektinin olacağını hesablamamışdılar. Bu, hətta dünya iqtisadiyyatını yenidən böhrana sürükləyir. Düşünürəm ki, dünya Ukrayna-Rusiya müharibəsinin tezliklə bitməsinə və Rusiyaya tətbiq olunmuş sanksiyaların qısa bir zamanda aradan qaldırılmasına çalışmalıdır. Əks halda, bu sanksiyalar  ümumi şəkildə Yer kürəsində insanların sosial vəziyyətini sürətlə pisləşdirəcək. Yəni sanksiyalar həm Rusiyanın iqtisadiyyatını çökdürür, həm də dünya iqtisadiyyatında böyük çat yaradır”.

Vüsalə Əhmədova: “Bəyəm ölkədə alternativ istehsal sahələri yaradılıb ki?”  - Müsahibə

Vüsalə Əhmədova: “Avropa əlindən gələni edəcək ki, Rusiyadan enerji asılılığını mümkün qədər azaltsın; FED dolların dəyərdən düşməsinin qarşısını alacaq”

İqtisadçı-alim Vüsalə Əhmədova: “Məlumdur ki, Rusiya ixracının əsas hissəsi neft, təbii qaz və bunların emal məhsullarından ibarətdir. Ümumilikdə, 407 milyard dollarlıq ixracatın 59%-dən çoxunu neft məhsulları, digər əhəmiyyətli hissəsini isə minerallar və qiymətli metallar təşkil edir. Rusiya ixracında Avropa Birliyi (AB) ölkələri 38%-lik əhəmiyyətli paya malikdir. O cümlədən, son 11 ildə Rusiya mədənçıxarma və neft hasilatı sektoruna 93 milyard dollar sərmayə qoyulub. Hələlik Rusiyanın enerji ixracatı sanksiyalar çərçivəsində deyil, ancaq enerji sektoruna sanksiyalar tədricən tətbiq olunacaq. Rusiya təbii qaz ehtiyatlarını hər zaman iqtisadi təhdid vasitəsi olaraq istifadə edir. Bu səbəbdən də, Rusiya qazının və neftinin ən böyük müştərilərindən olan AB öz enerji təhlükəsizliyini təmin etmək üçün tədricən fərqli mənbələrə üz tutacaq. Təbii ki, bu bir neçə ilə mümkün görünür. Hazırda müharibə səbəbi ilə dünya neft bazarında qiymətlər yüksəlməkdə davam edir. Xüsusilə AB ölkələrində, o cümlədən də Türkiyədə yanacağın qiymətində yüksəlmə müşahidə olunur və mövcud vəziyyət digər sahələrdə də qiymət artımına səbəb olur. AB ilkin olaraq bir il ərzində Rusiyadan idxal etdiyi qazı 30% azaltmağı düşünür. 30 milyard kubmetr Rusiya təbii qazını mümkün qədər başqa ölkələrdən təmin etmək, külək və günəş enerjisi layihələrini sürətləndirmək, mövcud atom enerjisi və bioenerji stansiyalarını tam gücü ilə istismara cəlb etmək atacağı ilk addımlardır. Yəni Avropa əlindən gələni edəcək ki, Rusiyadan enerji asılılığını mümkün qədər azaltsın”.

V.Əhmədova qeyd edib ki, Rusiyanın illik 238 milyard dollarlıq idxalında əsas yeri maşınqayırma sənayesi məhsulları tutur: “Xüsusilə avtomobillər, yük maşınları, təyyarələr, onların ehtiyat hissələri, digər elektron avadanlıqlar və s. Bu kateqoriyalardan olan bir çox şirkət Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladılar artıq. Sanksiyalardan birbaşa təsirlənməyən sahələr hələ ki qida, dərman sektorlarıdır. Görünən odur ki, qısa müddətdə dünyada böhran vəziyyəti gözləniləndir. FED il ərzində bir neçə dəfə uçot dərəcələrini yüksəltməklə dolların dəyərdən düşməsinin qarşısını alacaq. Sanksiyaların müddətinin nə qədər sürəcəyi məlum deyil. Düşünürəm ki, uzun müddətdə ölkələrin atacağı ilk addım alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi olmalıdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR