İnsanlara hürriyət, millətlərə istiqlal!

DİM-in qarşısında etiraz aksiyası

8442 30.03.2023 08:13 Təhsil A A

Dövlət İmtahan Mərkəzinin sektor müdiri bildirib ki, imtahan nəticələrinin ləğvindən söhbət belə gedə bilməz

Bir qrup abituriyent Dövlət İmtahan Mərkəzinin (DİM) qarşısında buraxılış imtahanına düşən suallarla bağlı etiraz edib. Qeyd edək ki, martın 5-də və 12-də keçirilən buraxılış imtahanları ilə bağlı narazılıqlar günlərdir ki, səngimək bilmir. Şagirdlər buraxılış imtahanına düşən sualların çətin olduğunu, bəzi test tapşırıqlarının həllinin çox vaxt apardığını deyirlər. Narazılığın isə əsasən Azərbaycan dili fənnindən olduğu deyilir. Eyni zamanda, test tapşırıqlarındakı səhv suallara da xeyli vaxt itiriblər. Abituriyentlər bildiriblər ki, imtahan yenidən keçirilmiyəcəksə, ballar aşağı ensin, 50-60 bal ensin.

Abituriyentlərdən biri deyib ki, sınaqlarda yüksək bal toplasa da, buraxılış imtahanında zəif yazıb: “Mən riyaziyyatın hamısını 30 dəqiqəyə işləyib bitirdim. Sadəcə, riyaziyyat səhv sualına görə 30 dəqiqə əlavə vaxt itirdim. İngilis dilini 30 dəqiqəyə yazıb bitirdim. Amma Azərbaycan dilində  90 dəqiqə vaxt sərf etdim. Mətn çox qəliz, suallar qəliz, heç uyğunluq yox idi. Deyirlər ki, uşaqların oxuyub anlaması zəifdir. Bu da düz deyil, oxuyub anlamasında problem olan şagird riyaziyyatı, ingilis dilini həll edə bilməz. Şagird riyaziyyat oxuyub anladı, ingilis dilini də oxudu, anladı, amma Azərbaycan dilini  anlamadı?! Mən sınaqlarda Azərbaycan dilindən 90-95 yığan şagirdəm. Olimpiadalarda yüksək nəticə göstərmişəm. Çox gülünc açıqlamalar verirlər”.

Kamran Əsədov: "Kollec məzunlarının yenidən imtahan vermələrinə ehtiyac  yoxdur"

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a dedi ki, imtahanda Azərbaycan dili üzrə test taprışıqlarında mətnin geniş olması, həm də riyaziyyat fənnindən təqdim edilmiş test tapşırıqlarına açıq tipli, situasiya tipli test  tapşırığına cavabvermə faizinin ilkin təhlili zamanı bütün abituriyentlər tapşırığı yerinə yetirməkdə çətinlik çəkiblər: “İstər müəllimlər, istərsə də repetitorlar bu test tapşırıqlarının həlli zamanı böyük vaxt itkisinə məruz qalıblar. DİM bu cür test tapşırıqları ilə daha hazırlıqlı olanları seçməyi hədəfləyir. İmtahan nəticələrinin aşağı olması, yaxud sualların çətin olması heç də o demək deyil ki, təkrar imtahan keçirilməlidir. İmtahan nəticələri aşağı olacaq, ümumi müsabiqə şərti aşağı düşəcək, həmin şəxslər qəbul olacaqlar. Bu, əlavə problemə gətirib çıxaracaq. Növbəti imtahanların may ayında keçirildiyini nəzərə alsaq, vaxt, resurs məsələsi baxımından yenidən təkrar imtahanın olması mümkün deyil. Burada toplanan nəticələr yüksək nəticə göstərən abituriyentlərin sayının azalacağına gətirib çıxaracaq. Bu il ali təhsil müəssisələrinə plan yerləri 50-60 minə qalxıb, keçid balları ilə bağlı müəyyən enmələri müşahidə edə bilərik. İmtahan nəticələri elan olunmayana qədər imtahan çətin olub, deyə bilmərik. Çox təəssüf ki, DİM imtahan kitabçalarını ictimaiyyətə açıqlamır. Kitabçalar olsaydı, biz araşdırardıq, sualların ağırlıq səviyyəsini yoxlayardıq. Ümumiyyətlə, buraxılış imtahanları bu qədər çətin olmamalıdır. Abituriyentlərin heç də hamısı ali məktəbə qəbul olmaq istəyənlər deyil, onların arasında orta ixtisas müəssisələrinə gedənlər də var. Burada yanlış fənlər də var. Misal üçün, riyaziyyat fənni 1-ci və 2-ci qruplar üçün asandır, digərləri üçün çətindir. Bu qədər çətin olmamalıdır. Ayrılıqda I qrup üçün sual modelləri hazırlanmalıdır, 2, 3, 4-cü qrup üçün də ayrı suallar olmalıdır ki, hamı üçün ədalətli olsun. Hazırkı imtahanlar şəffafdır, amma ədalətli deyil. 3-4-cü qruplar riyaziyyatdan, birinci qrup ingilis və Azərbaycan dilindən əziyyət çəkirlər. Ona görə imtahanlar daha sadə olmalıdır”.

Qeyd edək ki, DİM-in sektor müdiri Xanlar Xanlarzadə “TV Müsavat”a  açıqlamasında bildirib ki, imtahan nəticələrinin ləğvindən söhbət belə gedə bilməz. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR