İnsanlara hürriyət, millətlərə istiqlal!

Dili kəsilmiş Roma Papası və Akademiyadan ayağı kəsilən boz kardinal

1919 29.07.2022 12:30 Yazarlar A A

"Avropanın atası" sayılan Böyük Karl 9-cu əsrdə təhsildə islahatlara başlayanda Roma Papası III Leonun dilini kəsmişdilər. Bəlkə də özü kəsdirmişdi. Hakimiyyətə tam sahiblənməyin bundan mükəmməl yolunu tapmaq mümkün olmazdı. Mənbələrdə başqa şeylər yazdırmaq da imperatorun əlində asan bir şey.

III Leodan əvvəlki papalar alimliyi cadugərlik saydıqlarından xristian dünyası elmdə, təhsildə müsəlman dünyasından xeyli geri qalmışdı. Bu gerilik Böyük Karlı üzsə də, papalar dəyişmirdilər.

Papanın dili kəsiləndən sonra kilsə təhsilə, elmə qarışmadı. Məhz bundan sonra xristian dünyası önə çıxdı, məktəblər tikildi, elm, incəsənət cadugərlik damğasından xilas oldu.

Abbasi xəlifəsi Harun ər-Rəşidlə Frankların imperatoru Böyük Karl məktublaşıblar. Məktublardan aydın olur ki, 9-cu əsrdə xristian imperator müsəlman dünyasının inkişafına həsəd aparıb. Elə bu məktubları oxuduqdan sonra elm və təhsildə islahatlara qərar verib.

Böyük Karlın başlatdığı elm-təhsil islahatları xristian dünyasını ayağa qaldırmaqla yanaşı, onlara insan kimi yaşamağı öyrətdi. Pis qoxuları dəf etmək üçün ətir vuran fransız madamlar yuyunmağı, təmiz paltar geyinməyi öyrəndilər.

Azərbaycanı bütün dünyaya tanıtmış Elmlər Akademiyasının intriqa yuvasına çevrilməsi eynilə keşişlərin əməlinə bənzəyir. Boz kardinalın ayağı Elmlər Akademiyasından kəsiləndən sonra elmimizdə islahatlar küləyi əsməyə başladı.

Elmlər Akademiyasının səlahiyyətlərinin Təhsil Nazirliyinə verilməsini elmdə və təhsildə yeni dövrün başlanması saymaq olar. Elmdə başlanan islahatlar əslində İlham Əliyevin indiyə qədər başlatdığı reformanın ən mükəmməli olmalıdır. Çünki elmi islahat həyat tərzini dəyişməyə qadirdi, eynilə fransızlarda olduğu kimi.

AMEA-nın "sovet nomenklaturası"nın prinsipləri ilə işləməsi də kilsənin alimlərə cadugərlik gözüylə baxmasına bənzəyir. Heç biri öz xoşuyla pis vərdişlərindən əl çəkmək istəmirdi.

Akademiyanın yenidən qurulmasından, elm və təhsil sahəsindəki islahatlardan Azərbaycan alimləri nə gözləyirlər? Nələr və kimlər dəyişməlidir?

Atılan addımlardan görünür ki, AMEAnın strukturu Türkiyə Bilimler Akademiyasının strukturuna uyğunlaşdırılır. Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ikinci bir qurumdur. Sənaye və Texnoloji Bakanlığın bir strukturu olan bu qurumda türk texnologiyasının ataları toplanıb.

Gənc alimlərə dəstəkdən başlayaraq, ixtiraların satın alınmasına qədər vacib işlər görülür. TÜBİTAK birincidən daha aktivdir və beynəlxalq arenada sayılıb seçilən elm ocaqlarından biridir. "Teknofest Azərbaycan"ın əsas təşkilatçısı da TÜBİTAK olub. İnternet səhifəsində bizim Elmlər Akademiyası ilə hər hansı bağlantısını, əlaqəsini axtardım, tapa bilmədim.

AMEAnın elə institutu var 500-dən çox işçisi var. 30-40 milyon manat sadəcə maaş payı olan bu institutların hansı uğura imza atdıqlarına rast gəlmək olmur. Bu pullar təkcə ixtiraların satın alınmasına yönləndirilsəydi, indi alimlərimizin sorağı elmi sərgilərdən gələrdi. Halbuki xarici araşdırmaçıların sitat gətirdiyi 2-3 alimimiz var.

Elmlər Akademiyasının strukturu, fəaliyyəti Azərbaycan elminin gilyotininə çevrilmişdi. Qurumun restruktirizasiyasının əsas hədəfi Azərbaycan elmini "sovet nomenklaturası"nın zəhərlədiyi beyinlərdən təmizləməkdir.

Normal ölkələrdə alimlər təqaüd yaşını gözləyirlər ki, gedib nəvələrilə vaxt keçirsinlər, dünyanı gəzsinlər, bizim məmurlarımız təqaüdə çıxdıqdan sonra gəlib çökürlər elmin, tərəqqinin canına. Bu zərərli stereotipin elmdən uzaqlaşdırılacağına ümid edirik.

Nəzəri cəhətdən baxsaq, qabaqcıl ölkələrdəki Elmlər Akademiyaları həmin ölkələrin təhsil nazirliklərinin çətiri altına toplanıblar. İndiki təhsil naziri Emin Əmirullayevin qurduğu sistemin mükəmməl olduğunu deyə bilmərəm, heç bir ölkədə mükəmməl təhsil sistemi yoxdu. Ancaq indiki təhsil nazirliyində qurulmuş "bir pəncərə" sistemi mükəmməl işləyir, bütün müraciətlər araşdırılır, vaxtında cavablandırılır. Nazirliklər içərisində müraciətlərin operativ cavablandırılmasında ən öndə gedəni təhsil nazirliyidir.

Təhsil nazirinin qurduğu sistem Elmlər Akademiyasında qurulsa, elmi ixtiralar, elmi araşdırmalar stimullaşdırılsa, çox qısa bir vaxtda Azərbaycan elmi inkişaf mərhələsinə qədəm qoya bilər.

"Bir pəncərə" sistemi nədir? Elmi araşdırmaların, ixtiraların maliyyələşməsi birbaşa təhsil nazirliyinin nəzarətində olmalıdır. Alimlərin müraciətləri düzgün və kompetent şəkildə araşdırılmalı və cavablandırılmalıdır.

Elmi tədqiqat institutlarındakı vəziyyət ürəkaçan deyil. Sadə bir misal çəkim. Alman dilində yazılmış bir elmi işə alman dilindən anlayışı olmayan bir adamın rəy verməsi və bu rəy əsasında dövlət əhəmiyyətli bir layihənin bağlanması, bu institutun elmə deyil başqa bir şeyə xidmət etməsinə dəlalət edir. "Bir pəncərə" sistemi elmi-tədqiqat institutlarındakı bu dərəbəyliyə son verə bilər.

Böyük Karl elmi cadugərlik sayan keşişlərin səsini kəsdisə, İlham Əliyev boz kardinalın ayağını, nəfəsini Akademiyadan kəsdi. İndi növbədə mehdiyevçi keşişlərdi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR