İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərslərin sentyabrın 1-dən başlanacağı ilə bağlı İDDİALARA CAVAB

820 09.08.2023 13:57 Gündəm A A

Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.

Musavat.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi report-un sorğusuna cavab verərkən bildirilib.

"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - nazirliyin məlumatında qeyd olunub.

Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə dərslərin sentyabrın 1-dən başlanacağı haqda müəyyən məlumatlar yayılmışdı. Elm və təhsil naziri Emin Əmrullayev may ayında keçirdiyi brifinqdə məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha məqsədəuyğun olduğunu bildirmişdi. Nazir həmçinin ümumilikdə tədris prosesinin daha uzunmüddətli olmasını nəticəlilik baxımından daha düzgün hesab edib. Dünyada tədris ilinin uzun olması bəzi ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu, kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biri hesab edilir. Bu baxımdan da gözlənilirdi ki, tədrisin ilinin başlanması tarixi dəyişdirilə bilər.

Qeyd edək ki, tədris ilinin başlanma tarixi ilə bağlı məsələ dəfələrlə millət vəkilləri, təhsil ekspertləri tərəfindən müzakirə olunub. Həmçinin Sosial Tədqiqatlar Mərkəz "Dərs ilinin sentyabrın 15-də, yoxsa sentyabrın 1-də başlamasını istəyərdiniz?" sualı ilə sorğu keçirib. Sorğunun nəticələrinə əsasən respondentlərin 68,1%-i dərslərin sentyabrın 1-də, 24,7%-i isə sentyabrın 15-də başlamasının daha məqsədəuyğun olduğunu qeyd edib. Əksər valideyn və müəllimlər də dərslərin sentyabrın 1-dən başlanılmasını istədiklərini bildirir.

Elşən Qafarov: Direktorlar düzgün təyin olunmur -İrad – Mektebgushesi

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Musavat.com-a danışıb:

“Tədris ilinin müddəti ilə balı Nazirlər Kabinetinin 24 fevral 2020-ci ildə 66 nömrəli Qərarı var. Həmin qərarda deyilir ki, dərs ilinin müddətini Nazirlər Kabineti müəyyən edir.

Bildiyim qədər nazirlik tərəfindən Nazirlər Kabinetinə müəyyən təkliflər verilib ki, tədris ili sentyabrın 1-dən başlanılsın, mayın 31-də bitsin. Hələ ki, Nazilər Kabineti bu təklifə baxmadığına görə Elm və Təhsil Nazirliyi də tədris ilinin planın təsdiq edib, həmin tədris planında da hazırki vəziyyətdə tədris ilinin sentyabrın 15-dən başlayıb, iyunun 14-dək davam etdirilməsi öz əksinin tapıb.

İnanıram ki, Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin təklifini dəyərləndirəcək, tədris ilinin müddəti dəyişdiriləcək, dərslər sentyabrın 1-dən başlayacaq. Qeyd edim ki, bununla bağlı böyük bir proses də lazım deyil.

Ölkədə həm valideynlərin, həm də təhsil prosesinin digər tərəfləri olan müəllimlərin böyük əksəriyyəti dərslərin sentyabrın 1-dən başlanılmasını istəyir. Eyni zamanda da təbiət, havaların istiləşməsi baxımından da bu qərar daha təqdirə layiqdir.

Hələ vaxta var və inanıram ki, bu müddət ərzində Nazirlər Kabineti hamının gözlədiyi qərarı verəcək və dərslər sentyabrın 1-dən başlayacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bu müəssisələrdəki mövcud iş rejiminin təkmilləşdirilməsi məqsədilə Prezidentin "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr "Bilik günü" elan edilib və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşib. Eyni zamanda 2004/2005-ci dərs ilindən Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin I-IV siniflərində beşgünlük tədris həftəsi tətbiq edilib.

AR Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən də ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatmalıdır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan, həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilib. Bununla da, dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq, orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR