İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dərmanlarla bağlı yeni qurum əks-nəticə verə bilər”

1480 28.01.2023 09:03 Yaşam A A

Natiq Cəfərli: “Dövlət bu iki addımı atsa, ölkədə dərman həm bol olar, həm də ucuz”

Son günlər insanların saatlarla apteklərin qarşısında növbələrdə dayanması, ölkədə yaranan dərman qıtlığı böyük narazılığa səbəb olub. Digər şikayətlər isə dərmanların olduqca baha olması ilə bağlıdır. Bütün bu problemlərin əsas səbəbi dərman biznesinin böyük inhisarçıların əlində olması ilə əlaqələndirilir.

Vəziyyət o yerə çatıb ki, qanunvericvi orqanın təmsilçiləri də etiraf edirlər ki, hökumət  dərman mafiyası ilə mübarizə apara bilmir, bununla bağlı konkret addımlar atılmalıdır. Belə ki, bugünlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib ki, Azərbaycanda dərmanlarla əlaqədar böyük problem var. O təklif edib ki, Türkiyənin böyük dərman şirkətləri Azərbaycana dəvət olunsun, burada birgə dərman istehsal edilsin: “Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85% təmin edir. Amma bu, ola bilər ki, 1 ilə qədər vaxt aparsın. İnsanlar bir ilə qədər dərmanlarla bağlı neyləsinlər? Bu gün gedirsən dərmanı 1 manata alırsan, səhəri gün 1,15 manat olur. Konkret təklif edirəm ki, bəzi dövlət qurumlarını dəvət edib soruşaq ki, neyləmək istəyirlər. Məsələn, dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng edəndə deyirlər ki, bununla bağlı Tarif Şurası və dərman şirkətləri məşğuldur. Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyyən qədər dövlət tərəfindən tənzimlənmə olsun".

Bəs yeni qurumun yaradılması məsələni kökündən həll edə bilərmi?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, yeni dövlət qurumu yaradılanda qiymət əksinə, bir az da qalxacaq: “Dövlət qurumunun özünün saxlanılması, onun xərcləri üçün büdcədən ayrılmalar olmalıdır. Ya da bu bir hüquqi şəxs olacaqsa, onlar öz xidmətlərinə görə qanuni olaraq pullu xidmət göstərirlər. Yəni bu məsələnin həlli yolu başqadır. Dəfələrlə demişik, Tarif Şurasının bu məsələyə qoşulmasından sonra vəziyyət pisləşib. Vəziyyəti də hər kəs görür, qiymətlər də artır, keyfiyyət də aşağı düşür. Tarif Şurasının qiymət tənzimləməsi yanlış qərar idi. Əgər vəziyyət pisləşibsə, deməli, qərarı dəyişmək lazımdır. Ölkədə Tarif Şurasına bu səlahiyyətlər verilməyənə qədər onlarla müxtəlif dərman şirkəti var idi. Heç olmasa, rəqabətli mühitin ilkin işartıları var idi.  Nə vaxt ki, bu tənzimləmə Tarif Şurasına verildi, tənzimləmənin özünün məntiqi də yanlış idi. Molekullara və istehsalçı ölkələrə görə təyin edilməyə başlandı. Bu zaman daha keyfiyyətli, daha ucuz qiymətlərə məhsullar həmin molekullara uyğun olaraq ölkəyə gətirilib, daha baha qiymətə satılmağa başlandı və iri şirkətlər xırda şirkətlərin hamısını sıxışdırıb bazardan çıxardı. İri dərman inhisarçıları yarandı.

Tarif Şurasının ölkədə dərman bazarına verdiyi “xeyir” bundan ibarət oldu. Bu, tamamilə ləğv edilməlidir. Burada rəqabətli mühit yaradılmalıdır. Xırda, orta şirkətlərin bazara daxil olmasına, xarici şirkətlərin birbaşa bazara daxil olmasına imkan verilməlidirr. Misal üçün, Türkiyə şirkətləri də birbaşa bazara daxil ola bilmir. Onlar nümayəndəlik açmaq, yerli inhisarçı şirkətlərlə iş qurmaq məcburiyyətindədirlər. Yəni bunların birbaşa bazara daxil olması rəqabətli mühiti artıra bilər. Nəticə etibarilə də ölkədə qiymət tənzimlənməsi təbii yolla, yəni normal iqtisadi qanunlarla baş verə bilər.

Dövlətin burada rolu isə iki məsələdə özünü büruzə verə bilər. Birinci, ölkəyə gətirilən dərmanların keyfiyyətinin yoxlanılması, insan orqanizminə zərərli olub-olmaması ilə bağlı rəy verilməsi də tam şəffaf olmalıdır ki, korrupsiyaya yol açıb, sonradan qiymətlərin artırılmasına səbəb olmasın. İkincisi, vergi və gömrük tarifləri ilə bazarın tənzimlənməsi. Məsələn, dərman istehsalçısı deyiliksə, ölkə ərazisində istehlak olunan dərmanların 96 faizi xaricdən gətirilir. Buna görə də əlavə dəyər vergisi (ƏDV) ləğv edilməlidir. ƏDV 18 faiz dərmanların üzərinə gəlir, 10 manatlıq dərmanı  11 manat 80 qəpiyə almağa məcbur edir bizi. Çünki ƏDV avtomatik olaraq sərhədi keçən zaman üzərinə gəlir. Yəni dövlət ƏDV-ni ləğv etsin, heç olmasa azaltsın, 2 faizə salınsın. Ədalətli, rəqabətli mühitin yaranmasına şərait yaransın. Bu iki addım atılsa, ölkədə dərman bolluğu da yaranar, qiymətlər də xeyli ucuzlaşar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR