İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərman mafiyası və dərdimizin dərmanı: ölkənin bitməyən problemini necə çözməli...

1173 06.07.2023 13:25 Yaşam A A

Azərbaycan dərman istehsalına İsrail şirkətlərini də cəlb etməyə başlayıb; yerli istehsal dirçələnə qədər...

Azərbaycanda dərman qiymətlərinin hədsiz və əsassız yüksəkliyi, həmçinin ölkəyə idxal olunan dərmanların keyfiyyətsizliyi məsələləri uzun illərdəri cəmiyyətin ən çox müzakirə etdiyi məsələlər sırasındadır. Zaman-zaman bu məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb, ayrı-ayrı deputatlar konkret nümunələrlə eyni dərmanın region ölkələri arasında ən baha Azərbaycanda satılmasını qabardıb, problemin həlli üçün müəyyən təkliflər səsləndiriblər. Eyni zamanda ölkə vətəndaşları keyfiyyətsiz və baha dərmanlardan can qurtarmaq üçün lazım olan dərmanları əsasən qonşu ölkələrdən sifariş etməyə başlayıblar. Bu, Azərbaycanın dərman bazarını inhisarda saxlayan qüvvələri narahat etməyə başlayıb, əhalinin ucuz və keyfiyyətli dərmana çıxışının bağlanması üçün təklif də hazırlanıb. Söhbət şəxsi istifadə üçün ölkəyə gətirilən dərmanlara limitin tətbiq olunması, hər bir dərman üçün möhürlü həkim resepti tələbinin qoyulmasından gedir.

Təklifin Milli Məclisdəki müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ona qarşı çıxıb: “Vətəndaşımız qiymət fərqinə görə və yaxud da dərmanın keyfiyyətinə şübhə ilə yanaşması səbəbi ilə xaricə gedib özü üçün dərman alıb gətirirsə, ona konkret say məhdudiyyəti qoymaq, hesab edirəm ki, doğru deyil. O adam özü üçün aldığı dərmanı aptekə vermir ki, ya satmır ki. Belə hal ola bilərsə, bununla bağlı xüsusi araşdırma aparılmalıdır. Lakin hansısa şəxsin ölkəyə özü üçün gətirdiyi dərmana say məhdudiyyəti qoymaq doğru deyil. Həkimlərlə dərman satışı ilə məşğul olan şirkətlər arasında sövdələşmələr olur. Real olaraq, biz bunun şahidiyik. Bəzən bu sövdələşmə tamamilə lazım olmayan dərmanların xəstələrə yazılmasına səbəb olur. Elektron reseptə keçid bu kimi sui-istifadə və neqativ halların qarşısını alacaq. Ölkədə dərman istehsalının olmaması yaranan problemlərin başlıca səbəbidir. Dərman vasitələrinin çoxunun xaricdən idxal olunması, şübhəsizdir ki, qiymətlərə təsir edir”.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov isə komitə sədrinin fikirlərinə cavab olaraq Azərbaycanda dərman qiymətlərini baha edən səbəblərdən danışıb: “Dərman qiymətlərinin baha olmasına səbəb yaradan bir çox faktorlar var. Baxmaq lazımdır ki, qiymətini müqayisə etdiyimiz dərman vasitəsi o ölkənin daxili istehsalıdır, yoxsa ora da idxal yolu ilə gəlir. Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər.  Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!

Bundan əlavə, bahalığa səbəblərdən biri də ölkələrin əhali sayıdır. On milyonlarla əhalisi olan ölkələrdə qiymət daha ucuz olacaq, çünki orada dərman şirkətləri üçün daha geniş bazar var".

Əlbəttə, nazir müavininin dediklərində həqiqət payı olmamış deyil. Doğrudan da, yalnız dərman deyil, digər məhsulları da nə qədər çox alınırsa, o qədər ucuz başa gəlir. Lakin Azərbaycanda dərman və eləcə də idxal olunan digər məhsulların qiymətini digər ölkələrdən baha edən əsas amil bu deyil. Çünki Cənubi Qafqazdakı qonşularımız olan Gürcüstanın, Ermənistanın əhalisi Azərbaycandan 2-3 dəfə azdır. Lakin eyni ölkənin istehsalı olan eyni dərman Azərbaycanda onlardan minimum 30 faiz bahadır. Bunun da əsas səbəbi ölkəmizdə inhisarçılığın ifrat həddə çatmasıdır. Dərman idxalından milyardlarla manat gəlir əldə edən monopolist şəbəkə nəinki bazarda ucuzlaşmanın olmasında, heç ölkədə dərman istehsalının qurulmasında da maraqlı deyil.

Dərman mafiyası”nda daha kimlər var? - YENİ TƏFƏRRÜATLAR

Yeri gəlmişkən, son 10 ildə Azərbaycanda bu və ya digər ölkənin dərman şirkətləri ilə birkə dərman istehsalı müəssisəsinin yaradılması üçün bir xeyli təşəbbüslər qeydə alınıb. 2016-cı ildə Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonu ərazisində dərman istehsalı sahəsində ixtisaslaşması nəzərdə tutulan Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Bu arada sevindirici bir xəbər də var.

Azərbaycanda 8,3 mln. manatlıq dərman istehsalı müəssisəsi tikiləcək. Pirallahı Sənaye Parkında yeni rezident - “Supreme Pharmatech Azerbaijan” MMC qeydiyyata alınıb.

 Məlumata görə, Tailand-Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Azerbaijan” MMC tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Bildirilib ki, müəssisəsədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, “Made In Azerbaijan” brendi altında ixracı da planlaşdırılır.

Qeyd edək ki, bununla da Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.

Əlbəttə, təkcə bununla kifayətlənmək olmaz. Qardaş Türkiyə dərman istehsalında dünyanın öncül ölkələrindəndir, kifayət qədər təcrübəyə malikdir.

Türkiyənin dərman istehsalçılarını ölkəyə cəlb edə bilmərikmi?

Başqa hansı ölkələrlə bu imkanlar var?

Həmin ilin sentyabrında məlum olub ki, İran şirkətləri Pirallahı qəsəbəsində dərman istehsalı zavodu tikəcəklər. 2017-ci ilin  yanvarında Pirallahı Sənaye Parkında “Caspian Pharmed” əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib. Məlum olub ki, layihənin tərəfdaşları TPICO (İran İslam Respublikası) 49 faiz, “Azersun Holdinq” 26 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz pay sahibinə malikdirlər.

2016-cı ildə Rusiyanın “R-Pharm”şirkəti ilə Pirallahıda daha bir dərman zavodunun inşasına başlanıb. Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun 2020-ci ildə tam istehsalat gücünə çatması nəzərdə tutulurdu.

Dərman mafiyası: Qiymətlər sürətlə bahalaşır – Çıxış yolu nədir? - AzToday

2017-ci ildə açıqlanan məlumatda “R-Pharm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İranın “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulduğu qeyd edilmişdi. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı nəzərdə tutulurdu.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımovun “Yeni Müsavat”a dediyinə görə, İran şirkəti ilə dərman zavodunun yaradılması layihəsi icra olunmayıb: “O layihə icra olunmadı, "Caspian Pharmed" şirkətinin rezidentliyi ləğv edilib artıq. “R-Pharm” isə istehsala başlayıb. Bir neçə adda dərmanların, xüsusilə şəkərli diabet xəstəliyinin müalicəsində istifadə olunan “Diabeton” və digər dərmanların istehsalına başlanıb".

“R-Pharm”ın İnternet saytında Bakıdakı zavodda onkoloji xəstəliklərin müalicəsi, göbələk, virus əleyhinə, həmçinin QİÇS və hepatitə qarşı, ürək-damar, tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə edilən dərmanların, rentgen, MRT müayinələri üçün maddələrin istehsal olunacağı qeyd edilir.

Pirallahı Sənaye Parkının İnternet saytındakı məlumatdan aydın olur ki, hazırda onun rezidentləri bunlardır: “Diamed Co” MMC, “R-Pharm” MMC, İFFA MMC, “Absheron Saffron LTD”MMC.

“Diamed Co” park ərazisində şpris istehsalı müəssisəsi istismara verilib. Açıqlanan məlumata görə, müəssisədə İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir. 2022-ci ildə Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb. Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulur. Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb. Ümumi dəyəri 13,7 milyon manat olan layihədə AİŞ-in payı 20 faiz təşkil edir. Pirallahı rayonunda yerləşəcək, illik istehsal gücü 20 milyon ədəd məhsul olan müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Pirallahı parkının rezidenti olan İFFA “Leylək” uşaq bezlərinin istehsalı ilə məşğul olur. Digər rezident “Absheron Saffron Ltd” MMC zəfərandan mürəbbə və limonad istehsal edir.

Azərbaycan dərman istehsalına İsrail şirkətlərini də cəlb etməyə başlayıb. Ötən ilin sentyabrında Ələt Azad İqtisadi Zonası ilə İsrailin “BioPharmax” şirkəti arasında ilk müqavilə imzalanıb. Müqavilə “BioPharmax”ın Azərbaycandakı nümayəndəliyi - “BioPharmax AFEZCO”-nun tikintisini nəzərdə tutur. İsrail şirkəti üçün üç hektar ərazi ayrılıb və orada 50 adda tibbi məhsul istehsal ediləcək. İlk növbədə insulin istehsalı planlaşdırılır.

Göründüyü kimi, Azərbaycanda dərman istehsalı üçün təməllər atılır. Hələlik diqqət kütləvi tələbat yüksək olan dərmanlara yönəlib. Prosesin dərinləşərək daha çox preparatları əhatə etməsi üçün dövlətin stimullaşdırıcı addımlarının davam etməsinə ehtiyac var.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda dərman istehsalı üçün zəruri xammal bazası yoxdur: “Biz hələlik ancaq ki, xaricdən xammalı gətirib burada qablaşdırmanı həyata keçirə bilərik. Bu istiqamətdə addımların sürətləndirilməsi lazımdır. Eyni zamanda xammal bazasının yaradılması istiqamətində də işləməliyik. Bunun üçün böyük elmi-texniki baza yaradılmalıdır. Və bu, uzun müddət tələb edən prosesdir. Hələlik biz 96 faizə yaxın dərman ehtiyacımızı xaricdən təmin edirik. Yerli istehsalı inkişaf etdirənə qədər dərman bazarında ucuzluğa nail olmaq üçün dərman idxalına, satışına tətbiq olunan ƏDV-nin minimuma endirilməsi, yaxud tamamilə aradan qaldırılması lazımdır. Bu, dərman bazarında qiymətlərin 18-20 faizədək ucuzlaşmasına gətirib çıxarar”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR