İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizdə batanlarla bağlı sensasion iddia: "Dalğıclar qəsdən..."

4431 15.08.2023 09:50 Gündəm A A

FHN rəsmisindən mövqe: “Dalğıclar heç zaman tək olmurlar”

Havaların hədsiz isti keçməsi ilə bağlı dənizə gedənlərin sayı artıb. Bununla yanaşı, demək olar ki, hər gün bir, hətta bir neçə nəfərin çimərlikdə boğulması barədə xəbərlər yayılır. 

Sağlam, hətta idmançı gənclərin dənizdə boğulması bəzi sensasion iddialara səbəb olub. Onlardan biri budur ki, Xəzərdə davamlı zəlzələlər dənizin dibində çuxurlar əmələ gətirib. Başqa bir iddianın isə inandırıcılığı azdır, amma istənilən halda, diqqət tələb edir. 

Sosial mediada çimərlikdə çalışan dalğıcların dənizdə çimən vətəndaşları batıraraq  suyun altında bir yerə bağladıqları, daha sonra isə meyiti qohumlarına satdıqları barədə məlumatlara tez-tez rast gəlinir.

Məsələn, Zamin Eyvazov adlı istifadəçi sosial şəbəkədə yazır: “İnsanları  "vodolazlar" çəkib aparır, suyun altında bir yerə bağlayır, sonra isə meyiti yiyəsinə çoxlu pul qarşılığında satırlar".

Ceyhun Məmmədov adlı istifadəçi də eyni fikirdədir: “Tanıdığım biri dənizdə bir az dərinə gedibmiş. Bu zaman kimsə ayağından tutub batırmaq üçün aşağıya doğru dartıb. Xoşbəxtlikdən özünü itirməyib, o biri ayağı ilə adamın üzünə təpik vurub əlindən çıxıb”.

Əslində dalğıclarla bağlı bu iddia yeni deyil, demək olar ki, hər çimərlik mövsümündə gündəmə gəlir, nə dərəcədə həqiqət olub-olmadığı bilinməyən hekayələr meydana çıxır.

Mahmud Hacıyev: “Tələbələrin zəhərlənməsi məsələsində intihar və sui-qəsd  ehtimalları zəifdir”

Mahmud Hacıyev 

Sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev “Yeni Müsavat”a bildirdi ki, müstəqillikdən öncəki illərdə batanların sayı indikindən dəfələrlə çox idi. O qeyd etdi ki, illər əvvəl də bu kimi iddialar səslənirdi: “Əsassız iddiadır. Azərbaycan SSRİ-nin tərkibində olanda FHN yox idi. Dənizsahili ərazilər demək olar ki, tamamilə açıq idi. Batanların cəsədlərini tapmaq çox çətin idi. Hazırda isə vəziyyət fərqlidir. Dəniz sahilində özəl çimərliklər, ictimai iaşə obyektləri fəaliyyət göstərir, ictimai çimərliklərdə də nəzarət var. Dənizkənarı əvvəlki kimi açıq olsa, ölənlərin sayı bəlkə də daha çox olar. Dənizdə batma hallarının əksəriyyəti insanların qayda-qanunlara riayət etməməsi ucbatından baş verir. Küləkli havada dəniz də dalğalı olur, belə havada dənizə girmək belə təhlükəlidir, lakin bəzi insanlar hətta nişanları keçməkdən çəkinmirlər. Hər kəsin dünyagörüşü, intellekti eyni deyil. Kimi özünə güvənir, kimi də dünyagörüşü zəif olduğu üçün qaydalara etinasız yanaşır. İçkili vəziyyətdə dənizə girənlər var. Nəzərə almırlar ki, hər an qıcolma baş verə bilər”.

M.Hacıyev vurğuladı ki, batanların əksəriyyəti üzməyi bacaranlardır: “Batanların əksəriyyəti içkili olur, üzmə sərhədlərini müəyyən edən nişanları keçirlər. Əksər hallarda yaxınları, qohumları batanların üzməyi yaxşı bacardığını deyirlər. Demək ki, özünə arxayınlığın da bir həddi olmalıdır. Qaydalara riayət etmək önəmlidir. Üzməyi bacarmayanlar isə daha diqqətli olmalıdır. Dənizə girsələr belə, çox dərinə getməmək məsləhətdir. Üzməyi bacarmayan 1 metr dərinlikdə də boğula bilər. Dənizlə zarafat etmək olmaz”.

Çimərlikdə istirahətin faciəyə dönməməsi üçün... - Təkcə bu mövsümdə 116  nəfər xilas edilib

Aqşin Əlili 

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət  və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili “Yeni Müsavat”a bildirdi ki, yayılan şayiələr tamamilə əsassızdır. O qeyd edib ki, vətəndaşların bu  çox bəsit bir yanaşmadır və qeyri-mümkündür: “Dalğıclar heç zaman tək olmurlar. Suya daxil olan dalğıcları iki nəfər müşayiət edir - dalğıc suya girir, bir nəfər onu sığortalayır, bir nəfər də qayığı sürür. Ümumiyyətlə, ölümlə nəticələnən suda boğulma hadisələri əsasən xidmətin nəzarət etmədiyi çimərliklərdə baş verir. FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, xüsusilə yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən, suvarma kanallarından, arxlardan, süni göllərdən və digər su hövzələrindən çimərlik kimi istifadə edirlər. Bir çox halda bu, acı nəticələrə gətirib çıxarır. FHN dövlət tərəfindən nəzərdə tutulmuş çimərliklərdə təhlükəsizlik tədbirləri aparır. İDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakıda altı ictimai çimərlik təşkil olunub. Digər tərəfdən isə icazəli çimərliklər var. Bu çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılır. Bunun da məqsədi odur ki, hər hansı ərazidə sualtı axınlar normadan artıqdırsa və yaxud qəfil dərinliklər varsa, eyni zamanda  suda yad cisimlər mövcuddursa, bu kimi hallar aşkarlanır və xəbərdarlıq edilir. Nəzarət edilməyən çimərliklərdə isə bu işlər görülmür. Nəticədə də bədbəxt hadisələr baş verir”.

Nazirlik rəsmisi həmçinin vətəndaşları dənizə gedərkən diqqətli olmağa çağırıb: “Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda, çimərliklərdən istifadə təhlükəli və qadağandır. Həmçinin hava qaraldıqdan sonra suya girmək təhlükəlidir, çünki qaranlıq olduqda suda quraşdırılmış məhdudlaşdırıcı nişanlar görünmür. Eyni zamanda hər hansı bir hadisə baş verəndə axtarış-xilasetmədə çətinlik yaranır, çünki görüntü olmur. Ona görə də biz təklif edirik ki, çimərliklərdə istirahət saatı səhər saat 9-dan axşam saat 8-dək olsun”.

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” -  MÜSAHİBƏ

Elmar Nurəliyev 

Səslənən iddialarla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd edib ki, dalğıcın bilərəkdən üzən şəxsi suda boğması inandırıcı deyil: “Dalğıcın üzən şəxsi suyun altına çəkib bağlaması, sonra meyitini pul müqabilində yaxınlarına satması əsası olmayan şayiələrdir. Belə bir fakt olarsa, bununla bağlı hüquqi işlər görülər. Çimərliyə gedən şəxslər diqqətli olmalıdır. Nəzarət olunan çimərliyə gedilməlidir. Hansı çimərlikdə təhlükəsizlik qaydalarına əməl olunursa, ora getmək lazımdır. Hər il dünyada 370 mindən çox insan çimərlikdə boğulur. Bu, kifayət qədər ciddi rəqəmdir. Bunların içərisində 95 faizdən çoxu qeyri-çimərlik ərazisində baş verən boğulma hallarıdır. Bu da onu göstərir ki, qeyri-çimərlik ərazisinə getmək insanların həyatı üçün təhlükəlidir. Əlverişsiz hava şəraitində çimərliyə getməmək lazımdır. Dünya üzrə boğulanların 70%-dən çoxu məhz əlverişsiz hava şəraitində çimərliyə gedənlərdir. Bu iki nüansa diqqət etməklə insan özünü boğulmaqdan qorumuş olur”.

Qeyd edək ki, FHN-in  avqustun 13-də verdiyi məlumata görə, sutka ərzində 4-ü azyaşlı olmaqla, 15 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR