İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəniz qəhrəmanları ilə bir gün - REPORTAJ, FOTOLAR  

1670 26.06.2022 21:29 Reportaj A A

 

26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi hissələrdən birinə səfər təşkil edildi. Məhz burada hərbçilərin nə qədər çətin yol keçdiyini anlamaq mümkündür. Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növü Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə tanışlıq zamanı bunun şahidi olduq.

Mavi dənizin fonunda bəyaz uniformalı dənizçilərimizlə ünsiyyətdə hərbçi həyatının görünməz tərəflərini aşkar etdik. Tədris prosesində iştirak etdik, əsgər yeməyinin hazırlanması ilə tanış olduq, gəmilərin mühərrik bölməsindən tutmuş, komanda məntəqəsinə qədər demək olar ki, hər nöqtədə olmaq imkanı qazandıq.

Hərbi Dəniz Qüvvələri Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz hasilatı yataqlarının, dəniz strukturlarının mühafizəsi üçün bölmə və birləşmələrdən ibarətdir: suüstü gəmilər, təminat gəmiləri, dəniz xüsusi təyinatlı bölmələr və s. HDQ beynəlxalq yarışlarda, təlimlərdə uğurla təmsil olunur, uğurlar əldə edir.

Tədris otaqlarından birində miçman rütbəsi alması üçün kurs keçən müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçularla tanış olduq. Kapitan Elçin Umudəliyev Musavat.com-a bildirdi ki, kursun müddəti 12 həftədir: “Təlim-tədris mərkəzinin məqsədi ixtisasartırma, kadrların təkmilləşdirilməsidir. Miçmanlar şturman, rabitəçi, artilleriyaçı və mexanik ixtisasları üzrə hazırlıq kursu keçirlər. Tədris başa çatdıqdan sonra şəxsi heyət ixtisaslar üzrə gəmilərə təyin olunur. Nəzəri biliklər verildikdən sonra şəxsi heyət gəmilərdə praktiki silah və texniki vasitələrlə tanışlıq üçün göndərilir və dərslər orada da davam etdirilir. Eyni zamanda gənc matrosların hazırlığı kursu var. Hazırda təlim-tədris mərkəzində 22 matros heyəti var. Bu heyət hərbi hissələr üçün hazırlanır”.

Biləsuvar rayonunun Xırmandalı kəndindən olan Sadiq İsayev matros olduğu üçün fəxr edir: “Hərbi Dəniz Qüvvələrində xidmət keçmək şansı qazandığım üçün şanslıyam. Səhər erkən qalxırıq, gün ərzində təlim-tədris mərkəzində dərslərimiz olur. Tədris ürəyimizcədir. Vətənə xidmət etməkdən qürur duyuram”.

Hərbi Dəniz Qüvvələrində şəxsi heyətin qidalanması Müdafiə Nazirliyinin müvafiq qərarlarına uyğun təşkil edilib. Şəxsi heyətin isti yeməklə təminatı gəmilərdə gündəlik 4 dəfə, sahildə isə matros yeməkxanasında 3 dəfə olmaqla həyata keçirilir. Yeməkxanada səhər və şam yeməklərində sıyıqlar, çay və kofe, naharda isə çeşidli 2 cür qəlyanaltı, şorbalar və sıyıqlar hazırlanır, həmçinin, kompot yaxud meyvə şirələri verilir.

Şəxsi heyətin sağlamalığını daim nəzarətdə saxlamaq üçün poliklinikada hər şərait var. Poliklinika  rəisi, tibb xidməti kapitanı Vüsal Məmmədov Musavat.com-a bildirdi ki, HDQ-nin tərkibində olan bütün hərbi hissələrin şəxsi heyətinin tibbi təminatı, müayinə və müalicəsi təmin edilir: “Şəxsi heyətin üzvü tibbi qeydiyyata alındıqdan sonra şikayətinə uyğun olaraq həkim-mütəxəssisə yönləndirilir, ehtiyac olan tibbi müayinələrdən keçirilir, müvafiq müalicə təyin edilir. Ehtiyac yarandıqda müayinə üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyə həyata keçirilir. Poliklinikada əksər ixtisas həkimləri var, həmçinin laboratoriya, cərrahi şöbə mövcuddur. Cərrahi şöbənin tərkibində stomatologiya, oftalmologiya, cərrahi kabinet var. Terapiya şöbəsində 2 terapevt, nevropatoloq, USM həkimi fəaliyyət göstərir. Eyni zamanda fizioterapiya, rentgen kabinetimiz var. Əczaxana bütün lazımi preparatlarla təmin edilib. Ehtiyac yarandıqda lazaretdə (hərbi hissələrdə təşkil olunmuş müalicə məntəqəsi) stasionar müalicə aparılır. Poliklinikada  həmçinin müddətli hərbi xidmət və müddətdən artıq həqiqi hərbi xidmət keçən şəxslərin dərinləşdirilmiş tibbi müayinəsi, hərbi xidmətə yararlılıq dərəcəsi təyini həyata keçirilir. Laboratoriyada klinik, biokimya, immunoloji analizlər aparılır”.

Quruda olduğu kimi, dənizdə də rayonlar var. Qadağan olunmuş rayonlarda gəmilərin hərəkəti adından göründüyü kimi qadağandır. Lövbərə durmaq üçün rayonlar müəyyəndir. Tapşırıq icra etmək üçün, nasazlığı aradan qaldırmaq üçün bu rayonlarda dayanmaq olar. Açıq dənizdə gəminin olduğu nöqtə hər 10 dəqiqədən bir komandirə məruzə olunur.

Xidmət edən hər matros, hər zabit bir gün  düşmənlə qarşılacağını anlayır, bilir və buna hazırlaşır. Şəxsi heyətin döyüş hazırlığını yüksək  səviyyədə saxlamaq üçün mütəmadi məşqlər keçirilir.

Təlimlər, yarışlar da hər zaman hazırlıqlı olmaq üçündür. Silahlı Qüvvələr günündə 44 günlük Vətən müharibəsində böyük şücaət göstərmiş HDQ-nin fəaliyyətini xüsusi vurğulamaq istərdik. HDQ Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarında qarşıya qoyulan bütün döyüş tapşırıqlarını yüksək səviyyədə icra etmişdir. Əldə etdiyimiz zəfərdə “Dəniz piyadaları”nın xüsusi rolu var. Onlar düşməni sayca deyil, varlıqları ilə ürküdüblər. Xüsusi Təyinatlı Qüvvələrin vəzifəsi gizlilik şəraitində məhvetmə, mövqeləri ələ keçirmə və geriçəkilmədir. 44 günlük Vətən müharibəsində isə “dəniz piyadaları” hücum taktikası seçmiş, milli ordu gələnə qədər tutulmuş mövqelərdən bir addım belə geri çəkilməyiblər. 27 il ərzində qazılan səngərlər, Arazboyu bataqlıqlar onlar üçün ciddi maneə olsa da, zəfərə gedən yolda XTQ bir an belə tərəddüd etməyib.

Bu gün əminliklə demək olar ki, Xəzər dənizinin Azərbaycan sahili və ümumiyyətlə, Azərbaycan müzəffər Ordumuzun sayəsində əmin əllərdədir!

 

 

Nigar HƏSƏNLİ,
Musavat.com
Fotolar müəllifindir

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR