İnsanlara hürriyət, millətlərə istiqlal!

“Denasifikasiya”nın tərcüməsi - manqurtlaşdırma

2291 18.03.2022 11:44 Yazarlar A A

Yüksək bir təpədə, bir dağ başında, gözəl Ukraynanın yaxşı göründüyü yerdə basdırılmağı mənzum şəkildə vəsiyyət edən böyük şair Taras Şevçenkonun vətənində müharibənin başladığı ilk günlərdə qulağımızı israrlı və yeknəsəq şəkildə bir söz dəlirdi - “denasifikasiya”.

Evdə bişməmişdi, qonşudan gəlməmişdi, yeni söz idi, 100-də 99 halda heç kim bunun mənasını bilmirdi. Amma lüğətləri vərəqləməyə də ehtiyac yox idi, sadəcə, sözün əvvəlindəki “de”ni ana kəlmədən ayıran kimi terminin mənası aydın olurdu.

Dostlardan biri isə rusların gündə bir neçə milyon dəfə təkrarladıqları o sözün real məzmunundan bəhs edərək deyirdi ki, əslində bu söz Rusiyanın “dexaxolizasiya” siyasətini ehtiva edir.

“Dexaxolizasiya” - yəni Ukraynanın aborigen xalqını manqurtlşdırmaq, rusifikasiya (ruslaşdırma) siyasətinə qarşı göstərdikləri dirənişi puç etmək.

Bildiyiniz kimi, postsovet məkanında ukraynalılara “xaxol” deyirlər. Bu adı onlara ruslar qoyub, özü də ona görə ki, ukraynalılar rusca danışanda “Q” hərfi işlətməli olduqları yerdə “H” deyirlər - məsələn, “qovorit”i “hovorit” kimi tələffüz edirlər. (İndiki cavanlar bilməz, amma Ukrayna həndəvərində doğulub-böyümüş lənətullah Qorbaçov da elə deyirdi, hətta özünü “Horbaçov” adlandırırdı).

Belə anlaşılır ki, ruslar ukraynalılara lağ-luğazla qoyduqları ad “xaxol” yox, əslində “hahol” olmalıydı, amma buna da rusların dili dönmür.

Xüləs, söhbət onda deyil, bundadır ki, ruslar özləri lap əzəldən aşağıladıqları milləti “millətçilik”də ittiham edirlər və qarşılarına məqsəd qoyublar ki, Ukraynada tankla, “İsgəndər”lə, “Kalibr”lə, başqa qırğın silahları ilə rus sevgisi yaratsınlar.

Ən pisi odur ki, Kremldə, eləcə də Kamçatkada, Kaliniqradda oturanlar keçmiş SSRİ-yə daxil olan ölkələrin hamısını “millətçi” hesab edirlər. Kim ki, Rusiyaya  biət, itaət eləmir, demək, millətçidir, o ölkəni denasifikasiya, hətta dezinfeksiya etmək lazımdır. Düşüncə budur.

Türkün sözü, oysa keçmiş SSRİ respublikaları xalqlarının heç də hamısı millətçi deyildi. Uzun sürən müşahidələrdən sonra keçmiş SSRİ xalqlarını millətçilik əmsalına görə belə təsnifatlandırmaq olar. İlk beşlik: 1. Ermənilər; 2. Taciklər; 3. Ruslar; 4. Gürcülər; 5. Bunu siz deyin...

Bir də son beşliyi yazıram. Mənə görə belədir: 11. Ukraynalılar; 12. Özbəklər, 13. Qırğızlar; 14. Azərbaycanlılar. 15. Bunu da oxucular desin.

Yerdə qalanlar orta yerlərdədir. Amma ilk beşliyin dəqiq olduğuna imzamla cavabdehəm, Taras Şevçenkonun da kitabına əl basıb and içərəm, Axundovun “Aldanmış kəvakib”inə də.

Ermənilərin şovinistliyini bilirsiniz, amma yəqin ki, bir xeyli adamın taciklərdən xəbəri yoxdur. Biləsiniz, onlar özlərini ari xalqı sayırlar və düşünürlər ki, Orta Asiyanın yek “seçilmiş millət”i, hər yerdə ağa olmalı camaatı özləridir. Düzdür, ruslar bu düşüncəni bölüşmürlər və Moskvada, Sankt-Peterburqda, Krasnoyarskda əlində süpürgə, bekar dayanan tacik görən kimi deyirlər, “ey çmo, davay, rabotay, prişelets çernojopıy”, amma bu, taciklərin vecinə də deyil. Əsas odur ki, özlərinə böyük dəyər verirlər.

Gürcü qonşularımızın da özlərini başqalarından üstün tutmaqları var, amma onlarla yollaşıb yola getmək olar, ən azı goreşənlik etmir, qədim gürcü yazıları çıxarmırlar, İisus Xristosun gürcü olduğunu demirlər, “Sarı gəlin”ə süllab satmırlar, öz “Suliko”ları oxuyur, çaxırlarını içirlər. Düzdür, bəzən damarları tutanda “Qafqazın blatnoy xalqı” olduqlarını iddia edirlər, amma yadlarına düşür ki, 2008-in qışında müftə Azərbaycan qazı olmasa soyuqdan donacaqdılar.

Biz heç, bizim başqa millətlərlə işimiz yoxdur, heç kəsi özümüzdən aşağı tutmuruq (ona-buna “qara”, “qıyıqgöz”, “tupoy” dediyimizə baxmayın, zarafat edirik). Amma bizdə ciddi mahal şovinistliyi var. Yüz minlərlə adam əmindir ki, qonşu mahalda yaşayanlar elə də yaxşı adamlar deyil, ən yaxşı adamlar öz mahallarındadır. Biz azərbaycanlı olduğuna görə hələm-hələm kimisə önəmsəmərik, amma “qarabağlı”, “naxçıvanlı”, “şirvanlı”, “bakılı”, “gəncəbasarlı”dırsa, biz də oralıyıqsa, isnişmə mütləqdir. Sanasan, bu adlarını çəkdiklərim və çəkmədiklərim eyni dildə danışan başqa-başqa xalqlardır.

Bax, bizimki budur. Ona görə də biz əslində öz daxilimizdə “demahalizasiya” siyasəti yeritməliyik. Rusiyada isə bədheybət şovinizmdən qurtulmaları üçün “demonstrazisiya” prosesi aparılmalıdır - yəni monstrsızlaşdırma.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR