İnsanlara hürriyət, millətlərə istiqlal!

“Delta”nın vətəni Hindistandan “Omikron”un yeni növü gəlir

2491 12.08.2022 09:10 Yaşam A A

Son 2 ayda 5 təhlükəli virus aşkarlandı - viruslar süni yaradılır iddiası doğrulur...

Hindistanda həkimlər koronavirus infeksiyasının “Omikron” ştamının yeni subvariantını qeydə alıblar. Bu barədə Lenta.ru xəbər verib. BA-2.75 ilk dəfə Yeni Dehli Şəhər Xəstəxanasında aşkar edilib. Müəyyən edilib ki, yeni patogen daha yoluxucudur. Həkimlərin fikrincə, hətta əvvəlki infeksiya və ya peyvənd nəticəsində SARS-CoV-2-yə qarşı antikorları olan insanlar belə bu tip “Omikron”a yoluxa bilər. Bundan əlavə, BA-2.75 sələflərindən daha sürətli yayılmağa qadirdir.

Qeyd edək ki, iyul ayında immunoloq Nikolay Kryuçkov bildirmişdi ki, “Omikron BA.4" və ”Centaur" koronavirus ştamının yeni subştamları daha patogen ola bilər. Azərbaycanda bununla bağlı ön tədbirlərə ehtiyac varmı? Xatırladaq ki, COVİD -19-un təhlükəli “Delta” ştamı da Hindistandan yayılmağa başlamışdı.

Narahatlıq doğuran məqam isə budur ki, son aylar müxtəlif viruslar, yeni adda, mənşəyini bilmədiyimiz neçə virus meydana gəlib. Koronavirusun yeni mutasiyalarını hələ saymırıq. Misal üçün, yaxınlarda meymunçiçəyi virusunun yayılması təlaş yaratdı. Dedilər, dünyanın  70 -dən çox ölkəsində tapılıb. Eyni zamanda vəba xəstəliyi ilə bağlı təşviş də var. İraqdan sonra İranda vəba xəstəliyi yayılmağa başlayıb, hətta bir nəfər xəstəlikdən ölüb. Daha sonra Çinin şərqindəki Henan və Şandun bölgələrində 35 nəfərdə yeni “Lanqya” virusu aşkar edildiyi bildirilir. 75 faiz ölümcül olan “Lanqya” virusunun heyvanlardan insanlara keçdiyi bildirilir.

Hindistanda “Nipah” virusu da aşkar edilib. Alimlərin sözlərinə görə, virus adətən uçan tülkülərdə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu ən təhlükəli viruslardan biri hesab edir. Bu virusa qarşı dərman və ya peyvənd yoxdur, ölüm halları 65-dən 100%-ə qədər dəyişə bilər. İndi isə “Centaur” koronavirus ştamının yeni subştamı yayılmağa başlayıb.

Göründüyü kimi, günü-gündən yeni viruslar peyda olur, sanki insanları daim təlaş içində saxlamağa hesablanıb.

Bəzi ekspertlər hesab edir ki, bu viruslar süni şəkildə, müxtəlif məqsədlər üçün  yaradılır. Bir ildə bu qədər virusun olması şübhə yaradır. Ümumiyyətlə, tarixdə elə il olubmu ki, bu qədər xəstəlik, virus aşkara çıxsın? 

Nicat Əzimli - Teleqraf.com

Nicat Əzimli 

Mövzu ilə bağlı həkim-infeksionist Nicat Əzimli “Yeni Müsavat”a öncə bildirdi ki, BA2.75 artıq həftələrdir ki, aşkarlanıb və insanlar arasında dövran etməkdədir: “Bu subvariantın əsas fərqli xüsusiyyəti, sizin də qeyd etdiyiniz kimi, yoluxuculuğunun yüksək olmasıdır. Bununla bağlı xəstəliyin ağırlığında əhəmiyyətli bir dəyişiklik gözə çarpmır. Lakin immunitetdən yayınması, əlbəttə, narahatedicidir”.

İnfeksionist Çində yaranan “Lanqya” virusu haqqında da danışdı: “Letallığı, yəni öldürücülük xüsusiyyətinin 75% olduğu bildirilir. Buna baxmayaraq, çox yeni olduğu üçün indiyə qədər heç bir ölüm halı qeydə alınmayıb. Onunla eyni ailədən olan və daha öncə 1999-cu ildə insanlar arasında görülmüş olan ”nipah" virusunda 300 xəstədən 100-ü ölmüşdü. Sonradan bu xəstəlik də nəzarət altına alına bilmişdi. Lakin “Lanqya”da fərqli bir məqam var, belə ki, random araşdırma ilə test edilmiş çöl siçanlarının 27%-də, eləcə də itlər (5%) və keçilərdə (2%) xəstəliyə rast gəlinib. Bu çox yüksək göstəricidir. Bu xəstəliyin nəzarət altına alınmaması durumunda heyvan mənşəli qidalar və ev heyvanları insan üçün təhlükəyə çevrilə bilər. Gözləntimiz budur ki, eyni ailədən olan “Nipah” virusu kimi bu da tez müddətdə nəzarət altına alınaraq, endemik ocaq söndürülsün".

Əzimli “son dövrlər niyə bu qədər virus yaranır” sualına belə cavab verib: “Yeni xəstəliklərin sıxlıqla ortaya çıxmasına təsir edən təbii faktorlardan öndə gələni iqlim dəyişikliyidir. Bunun fonunda təbiətdə gedən müxtəlif təbii proseslər canlı orqanizmlərdə virusların mutasiya keçirməsinə, beləliklə, yeni sahib orqanizmlərdə çoxalmasına şərait yaradır. Bu o deməkdir ki, bir canlı üçün xarakterik olmayan yoluxucu xəstəlik uyğunlaşma keçirərək onun orqanizmində yaşama xüsusiyyəti qazanır və nəticədə koronavirus, meymunçiçəyi, langya və s. kimi xəstəlikləri biz insanda görürük”.

Qeyd edək ki, ÜST-in əvvəllər elan etdiyi fövqəladə hallar COVID-19 pandemiyası, 2014-cü ildə Qərbi Afrikada baş verən Ebola epidemiyası və 2016-cı ildə Latın Amerikasını vuran Zika virusu ilə bağlı idi.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR