İnsanlara hürriyət, millətlərə istiqlal!

Davamlı sülhün bərqərar olması üçün tarixi fürsət - Elçin Əmirbəyovun MÜSAHİBƏSİ

462 12.04.2024 18:37 Siyasət A A

“Bizim regiona davamlı sülh gətirmək üçün tarixi imkanımız var”.

Bunu Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Sloveniyanın "Delo" qəzetinə verdiyi müsahibəsində bildirib. 

Musavat.com müsahibəni təqdim edir:

"İqtisadi və ticarət əlaqələrini artırmaq üçün əlbəttə ki, daha çox işlər görməliyik.

Avropa ailəsinin bir hissəsi kimi Sloveniya bizim üçün vacibdir, çünki Aİ bizim ən böyük ticarət tərəfdaşımızdır və eyni zamanda, son illərdə Ermənistan və Azərbaycan arasında sülhün təmin edilməsinə fəal cəhd göstərib.

1992-ci ildə Sovet İttifaqının dağılmasından dərhal sonra Ermənistan ərazilərimizin 20 faizini işğal etdi. Təkcə Dağlıq Qarabağ üzərində deyil, həm də ətraf yeddi rayonun üzərində nəzarəti ələ keçirdi. Bir milyon azərbaycanlı etnik təmizləməyə məruz qaldı və beynəlxalq ictimaiyyət buna reaksiya vermədi.

Normalda belə bir ölkə qınanmalı və sanksiyaya məruz qalmalıdır. Otuz il ərzində biz problemi diplomatik çərçivədə həll etməyə çalışdıq və gözlədik ki, ermənilər BMT Təhlükəsizlik Şurasının onların geri çəkilməsini tələb edən dörd qətnaməsinə hörmət edəcəklər. Ermənilər isə bunlara əhəmiyyət vermədilər, çünki heç kim onlardan bunu istəmədi.

Bütün diplomatik səylərdən sonra biz başa düşdük ki, Ermənistan bu əraziləri tərk edib Azərbaycanla sülh şəraitində yaşamaq istəmir. Vasitəçilərin vəzifəsi isə yalnız status-kvonu saxlamaq və münaqişələrin alovlanmasının qarşısını almaqdan ibarət olub.

İşğalın qanuniləşdirilməsi ilə növbəti erməni təxribatından sonra biz BMT-nin təsis nizamnaməsində yazılmış özünümüdafiə hüququndan istifadə etmək qərarına gəldik.

Biz artıq 2020-ci ildə 44 günlük müharibədən sonra ərazimizin böyük hissəsini azad etdik və qalan işğal olunmuş ərazilərlə bağlı problemləri danışıqlar yolu ilə həll etmək istəyirdik. Amma ermənilər yenə gecikdirmə taktikasına keçdilər və biz keçən ilin sentyabrında tam nəzarəti öz əlimizə aldıq.

İndi biz böyük maneəni aradan qaldırmışıq və bizim regiona davamlı sülh gətirmək üçün tarixi imkanımız var.

Münaqişə bitdi, amma sülh hələ gəlməyib. Müharibədə qalib gələndən sonra sülh yolu ilə də qalib gəlməliyik. Ona görə də biz Ermənistanı inandırmalıyıq ki, sülh müqaviləsi imzalanmalı, sərhədlər açılmalı, diplomatik əlaqələr qurulmalıdır. Nə vaxtsa dost olub-olmayacağımızı zaman göstərəcək".

E.Əmirbəyov bildirib ki, Ermənistan hökuməti söz verdiyini yerinə yetirməlidir və milli qanunvericiliyi beynəlxalq hüquqa uyğunlaşdırmalıdır: 

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini desə də, onların konstitusiyasında hələ də bu ərazinin Ermənistan dövlətinin bir hissəsi olduğu yazılıb. Eyni zamanda işğal altında olan Azərbaycan kəndlərindən də ordunu çıxarmalıdır.

Üçüncü vacib məsələ Azərbaycan ilə Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpa olunmasıdır. Bu, sovet dövründə fəaliyyət göstərən, lakin sonra dağıdılan 42 kilometr uzunluğunda dəmir yolu xəttidir.

Almaniyadakı son danışıqlarımızdan sonra biz erməni tərəfdən siqnallar aldıq ki, onlar hər üç mübahisəli məqam üzrə təkliflər hazırlayacaqlar. Lakin son altı həftədə heç nə baş verməyib". 

Onun sözlərinə görə, Avropanın Ermənistana birtərəfli dəstəyi Bakını qane etmir:

"Aprelin 5-də Brüsseldə ABŞ və Aİ-nin yüksək səviyyəli nümayəndələri Paşinyanla görüşüblər. Görüşlə bağlı əsas iradımız ondan ibarətdir ki, bu proses nə şəffaf, nə də inklüziv olmuşdur. Onlar ayrı- seçkilik edərək, Ermənistanı seçiblər. Onlar deyirlər ki, bu Azərbaycana qarşı deyil. O zaman sual olunur: Niyə eyni şərait və şərtlər, imkanlar Azərbaycan üçün yaradılmayıb?! 

Ermənistana yeni silahların verilməsi onların danışıqlara marağını azaldacaq, eyni zamanda bizi silahlanma yarışını davam etdirməyə məcbur edəcək. Bu, sonda yenidən toqquşmalara səbəb ola bilər.

Ermənistanın sabitliyi və inkişafı başqa yerdə deyil, burada, regionda, yaxın qonşuları arasındadır. Son iki ildə geosiyasi vəziyyət çox dəyişib, Türkiyə kimi güclü müttəfiqi olan Azərbaycan heç vaxt öz ərazilərini yenidən işğal etməyə imkan verməyəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR