İnsanlara hürriyət, millətlərə istiqlal!

Danışıqların davamı üçün danışıqlar: Vaşinqtonun “götür-qoyu” çoxmu çəkəcək...

279 13.06.2023 11:55 Siyasət A A

Politoloq: “Görüşü təşkil edən tərəflər İrəvana pozuculuq hərəkətlərinə görə adekvat reaksiya vermirlər, təzyiq göstərmirlər, ona görə Ermənistan arxayınlaşır və ənənəvi siyasətini dəyişmir”

Bəlli olduğu kimi, iyunun 12-nə Vaşinqtonda nəzərdə tutulan Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ABŞ-ın moderatorluğu ilə sülh danışıqlarının növbəti çoxgünlük raundu təxirə salınıb. Azərbaycan XİN-dən bildirilib ki, müzakirələrin konkret tarixi dəqiqləşdiriləcək. “Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”, - deyə XİN-in mətbuat katibi Ayxan Hacızadə vurğulayıb. Maraqlıdır ki, Ermənistan XİN-dən danışıqların rəsmi Bakının xahişi ilə təxirə salındığı bəyan edilib.

“Hazırda ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı konkret tarixi dəqiqləşdirə bilmir”.

ABŞ Dövlət Departamentindən “Amerikanın səsi”nin erməni bölməsinin məsələ ilə bağlı müraciətinə cavab olaraq belə deyilib.

Dövlət Departamenti əlavə edib ki, Vaşinqton iki ölkə liderlərinin Kişinyovdakı son görüşü də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında müxtəlif yerlərdə davam edən danışıqlardan məmnunluğunu bildirir.

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə can atmağa davam etdikcə, biz danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır”, - açıqlamada qeyd olunub.

Bundan bir gün sonra - iyunun 9-da isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla telefon danışığı aparıb. Telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb. Bundan bir gün qabaq Hoqan Ermənistan XİN başçısı ilə danışıb.

Əlavə edək ki, iyulun 21-də Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında üçlü formatda daha bir görüşlə bağlı anons verilib. Vaşinqton danışıqları isə Brüssel prosesinin tərkib hissəsi sayılır. O zaman sülh prosesində pauza daha nə qədər sürəcək? Danışıqların davamı Avropada, yoxsa Amerikada olacaq?

Xəyal Bəşirov: "Ölkədə güclü ictimai nəzarət prosesi formalaşmaqdadır" »  Newscenter.az

 Xəyal Bəşirov 

Politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində proses ötən ilin oktyabrından Ermənistan və Fransanın üzündən dayanmışdı. Amma son iki aydır Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, əlaqələrin qurulması, sülh sazişi istiqamətində bir sıra görüşlər keçirilib. Bura Moskvada dövlət başçılarının iştirakı ilə keçirilən görüşü, Brüssel platforması çərçivəsində 5-ci görüşün keçirilməsi və eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşməsini qeyd etmək olar. Sülhün əldə edilməsi, real sülh sazişinin bağlanması baxımından bu cür görüşlərin keçirilməsi önəmlidir. Ancaq hər söhbət səmimi müzakirələrdən gedirsə, yalnız bu cür görüşlərin müsbət nəticələri ola bilər: “Ermənistan və görüşə ev sahibliyi edən tərəf səmimi olmadıqca keçirilən görüşlərin nəticələri də olmaz. Ermənistan tərəfi yenə də özünün 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutunun mövcudluğu dönəmindəki qeyri-səmimi siyasətini davam etdirir, yenə də vaxtı uzatmağa, görüntü xarakterli görüşlər keçirməyə çalışır. İrəvan danışıqların davamı üçün danışıqlar aparmaq taktikası ilə hərəkət etmək siyasətini davam etdirir. Təbii ki, bunu deməyə əsaslarımız var ki, Ermənistan keçirdiyi görüşlərə, imzaladığı sənədlərə, verdiyi bəyanatlara zidd addımlar atıb. Azərbaycan görüşlərə dəstək verən tərəflərin təşkilatçılığı ilə görüşlərə qatılır, müzakirələr aparır, sənədlər imzalayır və atdığı bütün addımlarında səmimidir, imzasının arxasında dayanır. Lakin Ermənistandan bunu görmürük”.

Politoloq qeyd etdi ki, görüşü təşkil edən tərəflər isə İrəvana pozuculuq hərəkətlərinə görə adekvat reaksiya vermirlər, təzyiq göstərmirlər. Ona görə də Ermənistan arxayınlaşır və ənənəvi siyasətini dəyişmir: “Danışıqların təşəbbüskarı olan dövlətlərin də səmimi olmadıqları zaman-zaman buradan özünü göstərir. Ermənistan hələ də sülhə hazır deyil. Danışıqlar prosesində iştirak etsə belə, məqsədi sülhün əldə edilməsi, sülh sazişini imzalamaq deyil. Ermənistanın niyyəti fərqlidir, məqsəd vaxt qazanmaq və məkrli planlarını həyata keçirmək üçün zaman əldə etməkdir. Ona görə də nə qədər ki, Ermənistan bu cür mövqedə olacaq keçirilən görüşlərin istər Vaşinqtonda, istərsə də başqa paytaxtlarda baş verməsinin istənilən nəticəsi olmayacaq. İndi də Ermənistan çalışır ki, danışıqlardakı müşahidə olunan pauzanın günahını Azərbaycanın üzərinə atsın.

Azərbaycan isə istəyir ki, real nəticəli danışıqlar olsun, danışıqlar xatirinə danışıqlar olmasın. Nəticəsi olmayacaq görüşlərdən Azərbaycan imtina da edə bilər".

X.Bəşirovun sözlərinə görə, Azərbaycan üçün danışıqların Avropada, ABŞ-da, yaxud Rusiyada aparılması birinci dərəcəli məsələ deyil, Azərbaycan üçün önəmli olan odur ki, bu görüşlərdə real nəticələr əldə edilsin, sülh sazişi reallaşdırılsın: “Bu olmayacaqsa, görüşlərin harada keçirilməsinin mənası, əhəmiyyəti qalmır. Azərbaycan danışıqların tərəfdarıdır və yəqin ki, növbəti görüş də heç də uzaq olmayan zamanda baş tutacaq. Bu görüşün Avropada, yoxsa ABŞ-da reallaşacağına gəlincə, gələn ay Brüssel formatı çərçivəsində növbəti görüşün keçirilməsi ilə bağlı razılıq əldə edilib. Azərbaycanın istəyi sadəcə odur ki, real nəticəli görüşlər olsun. Brüssel formatında gələn aya nəzərdə tutulan görüşün pozulması üçün Ermənistan hansısa pozuculuq addımı atmayacaqsa yəqin ki, liderlərin görüşü baş tutacaq. Dövlət başçıları səviyyəsində görüşlərin baş tutması daha vacibdir. Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər ölkələrin başçılarının danışıqlarına hazırlıq da hesab edilir. Sülh sazişini şübhəsiz Azərbaycanın və Ermənistanın liderləri imzalayacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR