İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağ başında mahzur qalmaq...

3100 01.08.2022 10:32 Yazarlar A A

Aşıq Alı sağ olsaydı və Yaylaq festivalına dəvət alsaydı, dəniz səviyyəsindən 1500 km yüksəkliyə, allı-güllü çəmənzarlığa qədəm basan kimi, üçtelli sazını köynəkdən çıxarar, sinəsinə basar, öz repertuarındakı məşhur mahnını ifa edərdi:

Süsənli, sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.

Hərçənd böyük aşığımızı o tədbirə dəvət edərdilərmi, etməzdilərmi, orası qaranlıqdır. Hazırda o məsələ qarışıqdır. Ona görə də aşığı festivala dəvət etməsələr, o, oturub Feysbukda sələfi Tufarqanlı Abbasdan bir bənd yazardı:

“Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz”.

Amma biz bu yazıda klassik şair-aşıqlarımızın yaradıcılığının lirik-nostaljik çalarlarını, zəmanədən incik nüanslarının poetik dillə ifadə variasıyalarını incələməyəcəyik, bu, Mədəniyyət Nazirliyinin işidir.

Biz Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirdə baş verənlərə, 40-a yaxın jurnalistin Kiçik Qafqaz sıra dağlarının Göygöl rayonunun ərazisinə düşən nahiyəsində, türkün sözü, mahzur qalmasından bəhs edəcəyik.

Hadisə belə olub: günün başlanğıcında kefikök, damağı çağ halda, yaddaqalan macəra yaşayacaqlarını düşünə-düşünə Yaylaq festivalına gedən həmkarlarım günün sonunda dağın başında yağışa düşüblər, yer-yurd zığ-zımırtdağ olub, enişli-yoxuşlu, dolambac yollarda avtobusların hərəkəti mümkün olmayıb, nəticədə qanqaraçılıq olub.

Düzdür, yaddaqalan macəra yaşayacaqlarını düşünən jurnalistlərin bu xəyalı xeyli dərəcədə gerçəkləşib onlar başlarına gələn pəstəhanı ömür boyu unutmayacaqlar, amma özlərindən soruşsaq, deyərlər, Allah kəssin elə macəranı ki, selin-suyun ortasında, palçığın içində, qaranlıqda, ac-susuz qalmışdıq.

Bu, əlbəttə, macəradır, ekstrim tiplididir, buna hər adam təhəmmül edə bilməz. Bu, əqidəli avantüristlərin işidir, hər il bir neçə mini yığışıb Nepala gedir, Everestin başına dırmaşırlar, bir xeylisi sağ-salamat qayıdır, amma Everestin dibi görünməz girdablarının sıfır nöqtəsinə düşüb son mənzilə yetişənlər də olur.

Bizim jurnalistlərin elə bir niyyəti olmayıb, onlar Yaylaq festivalına gedərkən rahat yolla şütüyəcəklərini, axar-baxarlı dağın başında komfortlu şəraitdə, kalorili təamlardan ibarət ziyafətdə olacaqlarını düşünüblər. Amma çifayda. Onlar çörəyin arasında xiyarlı toyuq dönərinə qonaq ediləndə anlayıblar ki, bu macəranın axırı yaxşı gəlməyəcək. Sonrası da elə olub.

İndi qınaq-məzəmmət, töhmət-təhniz, tənə-sitəm, giley-güzar mərhələsi başlayıb və günahkar axtarılır.

Həmkarlarım haqlıdır. Adamları rahat evindən götürüb aparıblar, dağın başında çarəsiz durumda buraxıblar. Çəkdikləri iztirab, sıxıntı, əndişə, narahatlıq onlara bir ömür boyu bəsdir. Kimsə buna cavabdeh olmalıdır.

Təşkilatçılar da deyəcəklər ki, biz bilmirdik, yağış yağacaq, yol bağlanacaq, biz sadəcə, təbiətin şıltaqlığından doğan yüngülvari fəlakətə düçar olmuşuq.

Hərçənd bunu öncədən bilmək olardı. Ekologiyamızın xoş siması, ümummilli bacımız Umayra xanım bu işə baxır, hər gün yaxın 3-4 gündə havanın necə olacağı barədə məlumat yayır, aran rayonlarında 40 dərəcəlik isti olacağını da deyir, dağlıq ərazilərdə intensiv və ya ara-sıra yağmur yağacağını da bildirir. Bacıya qulaq asmaq lazımdır – xüsusilə də uzaq səfərlərə çıxanda, dağların qoynunda tədbir keçirmək istəyəndə.

Fəqət bunlar nəzərə alınmayıb, görünür, təşkilatçılar cavan olublar, bilməyiblər. Belə şeylər olur. İş olan yerdə nöqsan da olar. Əsas odur ki, əvəzsiz təcrübə qazanıldı, bir daha belə durumlar yaranmaz.

Belə yazıram, amma dağ başında mahzur qalan həmkarlarımın qəzəbli baxışlarını hiss edirəm və qulağıma belə hiddətli replikalar gəlir: “Sən özün o vəziyyətdə çarəsiz qalsaydın, “olan şeydir” yazardınmı?”

Düzünə qalsa, yox, startda çox qəzəblənərdim, amma bir neçə saatdan sonra, hamar yola çıxıb, rahat hostelə çatandan sonra bu hadisəni dost-tanışlara bəzəyə-bəzəyə danışardım və əlim kompüterə yetən kimi yazı yazardım.

Həmin yazıda bir daha elə təşkilatçılarla yola çıxmamağa dair and içər və mütləq böyük şairimiz Məmməd Arazdan da bir bənd sitat gətirərdim:

“Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR